Demo Sayt » yazarlar » Hikmət Məlikzadə (yenilənir)


Hikmət Məlikzadə (yenilənir)

19-05-2015, 18:47
Çap et
Hikmət Məlikzadə (yenilənir)Hikmət Məlikzadə

Ay, çöhrəsi duvaqsız,
Namusu suvaqsız ləçər,
Sən bildin nədi ayrılıq?
...Sevgi yaralarımın qaysağını
qopardana qədər pirdin mənimçün.
Əlçatmaz, bakirə adamdın;
İndi nəşəsi olmayan sığal kimisən.
Gözlərinə de ki, bir də
30 il məhkumluq yaşamış bir kişi
yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
Sanma, ayağına düşüb
pozğun baxışlarına aldanacam.
Mən gerçək sevgi ölüsüyəm,
Yalançı eşq dəlisi yox.
Mən sənin nəyini sevdim axı?!
Heyif, səninçün ən şirin çağlarımdan,
ən çox sevdiyim qadından keçdim -
gəncliyimin dadından keçdim.
Heyif o gözlərə ki, sənə baxdı,
Heyif o əllərə ki, özgə sığalına məhkum
saçlarına tumar çəkdi.
Məni vicdan qorxuları,
Səni qumar çəkdi.
Bəsdi, mələk donu geydin.
Tale kitab deyil,
Ömür də yol.
Ayıbdı, bir az özün ol.

***

Kölgəm, dünya savaşına ac adam...
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi... Sən sənsən. Mən mən deyiləm...
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
...Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar...
Allahım, neynim?!

***

Sosial peyzaj
Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
...Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da...
...Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini daha tüfəng kimi
Allaha tuşlamırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir...
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
...Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri...

***

Bük əllərini, cam elə,
Məni bu gecə şam elə…
İstəyirsən, edam elə,
Mənim səndən xoşum gəlir.

Könlüm görmür çaxışını…
Mamır basır naxışını.
Yana əymə baxışını,
Mənim səndən xoşum gəlir.

Dağlar gərdi yelə sinə.
Düz vermədi selə, sinə…
Eləsinə, beləsinə,
Mənim səndən xoşum gəlir.

***

Ruhum yad malıdır, əlini burax,
Sənə nə verirsə, təzə verir o.
Əcələ sürtürsən başını tez-tez,
Guya baxışına məzə verir o.

Gözlərin adamı yüz səmtə çəkir,
Sanki eşq yolusan hamımız üçün.
Bəsdir göz oynatdın, hava soyuyur,
Bir az qarğı göndər damımız üçün.

Gəl, qurtar özünü bu ehtirasdan,
Günahdan çatlayıb dan, bilmirsən, qız?!
Sevgi də, yanğı da səninçün birdir,
Hər şeyi özünə man bilmirsən, qız.

***

Ömür tək adamın çəkmədiyi yük,
Ruhum əzab çəkir, dözüm, uyusun.
Gəl gör nə gündədir öpdüyün dodaq,
Gəl, barı barmaq sürt, közüm uyusun.

Min ildi Məcnun da, Leyli puçdu,
Min ildi yuxuda darıxırlar, qız.
Utana-utana qapı döyənlər,
Ömür yollarında karıxırlar, qız.

Gəl qoşa yeriyək bu qısa yolu,
Təklik sərf etməyən fərmandı, vallah.
Sənin gözlərindən qopan hər baxış,
Mənim gözlərimçün dərmandı, vallah.

***

Sənə deməyəcəm - qal, qulun olum,
Sanma su atacam dalınca, dözmüb.
Bədbəxt olacaqsan özgə qucaqda,
Sıxıb tökəcəksən balınca, dözmüb.

Yeri, köç gözləyir, duvağını ört,
Onsuz da bu sevgi paradı, yeri.
Tez get, aramızı toz örtsün qəfil,
Qanım Allahından qaradı, yeri.

Çay ki, yırğalandı, adam tanımır,
Anan danışmayıb Saradan sənə?
Dayan, gec də olsa, halallıq verim,
Bəlkə rəhm elədi Yaradan sənə.

***

Savabdı, əl elə, bu qəlb uyusun,
Onsuz da bilir ki, yadınsan artıq.
Bir az geyiminə fikir ver, nolar,
Sən ki qız deyilsən, qadınsan artıq.

Nə var sevmədiyin bu daş adamda?
Götür ürəyini yeri, dönərsən…
Yüz baxış dirənib getdiyin yola,
Sanırlar nə vaxtsa geri dönərsən.

Mən də çox görmüşəm vəfanı, danmam,
Axır, öz kölgəmlə tən getdim, sağ ol.
Məndən deməkdisə, dedim, özün bil,
Al, bu da yolpulu, mən getdim, sağ ol.

***

Qız, bircə ayəlik rəhm eləmədin,
Nahaq bir surəlik dil tökdüm, heyif.
Guya acıq verdim mən güllə dəymiş,
Kölgəmin üstünə lil tökdüm, heyif…

Üç gündür bilinmir kirdi, kölgədi,
Sənin əzabını daşıyır yazıq.
Ruhum da, yad qıza uymasın deyə,
Məndən qorxa-qorxa yaşıyır yazıq.

Yaxşı, mən gedirəm, salavat çevir,
Qıyma bu əhvalda təndir axtarım.
Gəlmək istəməsən, bir namə yolla,
Mən də künc-bucaqdan kəndir axtarım.
Reytinq: