Demo Sayt » yazarlar » Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatını keçirib


Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatını keçirib

31-03-2016, 17:09
Çap et
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatını keçirib 2016-cı il 31 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ “ŞUŞA QRANTI” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsi müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri tədbirdə çıxış edib.
Musa Qasımlının müəllifi olduğu “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücumu və s. məsələləri araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub.
Elçin Əhmədovun müəllifi olduğu “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın 1-ci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlər ardıcıllıqla və sistemli şəkildə öz əksini tapıb. Kitabda münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin diplomatik fəaliyyətini əks etdirən rəsmi foto-materiallar da verilib.
2-ci kitabda (Etnik təmizləmə, soyqırım, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilib. Son 30 il ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və terror aktları ilə yanaşı, eyni zamanda erməni terror təşkilatlarının cinayətlərinin xronikası da kitabda öz əksini tapıb. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı və bu təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilib.
3-cü kitabda (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və s.) tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili xronikası verilib. Bundan əlavə, baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib.
Kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrantlar, müəllimlər üçün faydalı ola bilər.
Qeyd edək ki, tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi təşkilati dəstək göstərib. Hər iki əsər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və əsərlərin qeydiyyatı haqqında müvafiq şəhadətnamələr verilib.
Reytinq: