Fərhad Əsgərov: Sirri torpaq apardı - (hekayə)17-06-2016, 09:22
Çap et Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağababa və bacısı Mənzər varlı-hallı bir ailədə göz açmışdılar. Bacısı qardaşından cəmi iki yaş balaca idi. Uşaqlıqda həmişə bir yerdə oynayar, bir-birindən ayrı qala bilməzdilər. Böyük şəhərin qəsəbələrinin birində yaşayan mehriban, heç bir maddi korluq çəkməyərək yaşayan uşaqlar illər ötdükcə böyüdülər, gənclik yaşına çatdılar. Necə deyərlər, qız kəkil çıxaranda, oğlan isə saçını geriyə darayanda valideynləri bir-birinə göz edib -“daha bunların ev-eşik sahibi olan vaxtlarıdır” - deyə düşündülər. Düşüncələrini tezliklə həyata keçirməyi qərarlaşdırdılar. El adətincə, “əl altından” oğlana qız axtarmağa başladılar. Həmin vaxta qədər Mənzər pedaqoji, Ağababa isə texniki təhsil almışdı. Ata-anası onların gələcəyindən narahat deyildilər. Hara düşsələr bir parça çörəklərini qazanacaqdılar. Mənzərin “bəxti” birinci açıldı. Az bir vaxtdan sonra qonşu qəsəbədən qıza elçi düşən oldu: özünün tələbə yoldaşı idi. Qəsəbə məktəbində müəllim işləyirdi. Bir-birilərini çoxdan, hələ tələbəlik illərindən gözaltı eləmişdilər. Oğlanın ailəsi də imkansız deyildi. Valideynləri onun üçün ayrıca ev də almışdılar. Təmtəraqlı toy ilə gəlin köçən Mənzər xoşbəxt idi. Bir il ötəndən sonra Ağababa üçün də böyük bir şənlik düzəldib onu da ev-eşik yiyəsi etdilər. Əsilli-nəsilli bir qızı evlərinə gəlin gətirdilər. Ata-anasının sevincdən uçmağa təkcə qanadları yox idi. Hər cür qayğı ilə əhatə olunaraq böyüyən iki övlad, hər ikisi ali təhsilli, hər ikisinin işi, evi və s. Valideyn üçün bundan da böyük səadət olarmı? Atası oğlunun ailəsi üçün ev düzəldə bilərdi. Lakin valideynləri Ağababanı öz yanlarında saxlamaq istəyirdilər. Belə olanda oğlu da, gəlini də həm ailə qayğılarından azad olardılar, çünki gənc ailə ata-ana himayəsində yaşayacaqdı, həm də haçansa – yaşlılar həyatda olmayanda dədə-baba yurdunun işığı sönməyəcəkdi. Bəs bu boyda imarəti kimin ümidinə qoyacaqdılar ki?... Axı, bu günün sabahını da düşünəsən gərək! Elə, belə də etdilər. Ailə şad-xürrəm yaşayırdı. Həyat da öz işindəydi: günlər ayları tamamlayırdı, aylar da illəri. İnsan fizioloji varlıq olduğundan bu dünyada daimi deyil. Hərənin həyatda öz ömür müddəti, hərənin də yerinə yetirməli vəzifəsi var. Ağababanın valideynləri yaşa doldular, qocaldılar və günlərin birində əvvəlcə biri, ondan üç ay sonra isə digəri dünyadan köçdü. Lakin dünyadan naümid getmədilər. Çünki artıq nəvə toyu da görmüşdülər. Valideynlərinin sağlığında Mənzər uşaqlarının hər ikisini ev-eşik sahibi etmişdi – bir qız və bir oğul evləndirmişdi. Təkcə Ağababa yeganə övladı – oğlu Əmirxanı evləndirə bilməmişdi. Çünki həkimlər xəstəlik ucbatından onun ailə qurmasını yasaqlamışdılar. Demişdilər ki, oğlunuzun yaşamasını istəyirsinizsə evləndirməyin! Oğlunda olan xəstəliyi Ağababa qoca valideynlərindən də gizlətmişdi. Fikirləşmişdi ki, bilsələr məyus olacaqlar. Beləliklə, Ağababa və həyat yoldaşı bütün dərdlərini özləri çəkmək məcburiyyətində qalmışdılar. Əmirxan isə gündən-günə solurdu: təbii ki, düşdüyü vəziyyət onu son dərəcə məyus etməyə bilməzdi. Ağababanın qoca valideynləri vəfat edəndən sonra həm özü, həm də ömür-gün yoldaşı daha da qəmginləşmişdilər, sanki dünyadan küsmüşdülər. Təbii ki, belə vəziyyət çox davam edə bilməzdi. Beləcə illər ötürdü. Yeganə övladlarının dərdi onların sanki belini qırmışdı. Ağır xəstə oğul dərdinə dözə bilmədilər. Əvvəlcə Ağababa, ardınca da həyat yoldaşı həyatdan köçdülər. Valideynləri vəfat edəndə Əmirxanın yaşı artıq qırxı haqlamışdı. Əslində bu elə bir yaş da deyildi. Lakin artıq yeriyə bilməyən, yalnız yataq rejimində yaşadığından ona xüsusi bir baxan lazım idi. Qardaşı oğluna bibisi Mənzər baxmağa başladı. Daha ondan yaxın kimi vardı ki, Əmirxanın. Beləcə bir müddət də ötdü. Günlərin birində Mənzər qardaşı oğluna belə bir təklif etdi: - Ay Əmirxan, bala, hər gün bu uzunluğunda yolu gəlib-getmək məni əldən salıb, - deyə bibi fikrini izah etdi. – Gəl, bu evi sataq və həmin pula bizim həyətimizdə sənin üçün bir otaqlı ev tikdirək, orada yaşa. Belədə, həm gözümün qabağında olarsan, həm də daim əlim üstündə olar. Əmirxanın başqa seçimi yox idi. Onun özü vəziyyətini düzgün qiymətləndirirdi. Bibisinin yolu həqiqətən də uzaq idi. Yaxşı bilirdi ki, bircə gün də baxımsız qala bilməz. Razılığını verdi. Qəsəbədə evlər çox baha idi. Mənzər Əmirxanın yaraşıqlı, həyət-bacası geniş, hovuzu, su quyusu, həyətində hər cür meyvəsi olan ikimərtəbəli, səkkizotaqlı evini çox yüksək qiymətə satdı. Sonra Mənzər qardaşı oğlunu öz evinə gətirdi. Bir qədərdən sonra özünün geniş həyətində kiçik birotaqlı ev inşa etdirdi. Kiçik olmasına baxmayaraq evdə hər cür rahatlıq yaradıldı. Elektrik, su, qaz və digər məişət qurğuları ilə təchiz olunmuş belə evdə yaşamağı kim arzulamazdı ki?... Lakin Əmirxan artıq yataqdan qalxa bilmədiyindən bütün bunların hayında deyildi. Evin satışından Mənzərə xeyli pul qalmışdı. Həmin pula Mənzər qonşu qəsəbədə hər cür şəraiti olan ikiotaqlı ev aldı və onu nəvəsinə hədiyyə etdi. Qalan pulu da yavaş-yavaş xərcləməyə başladı. Mənzər Əmirxana əvvəlki kimi baxırdı. Çayını, çörəyini vaxtlı-vaxtında verir, müxtəlif növ xidmətlər göstərirdi. Lakin getdikcə bütün bunlar bibinin səbrini daşdırırdı. Axı, bu hal nə vaxta qədər davam edəcək, bunun bir sonu olacaqmı, deyə ürəyində fikirləşirdi. Qışın sonları idi. Mənzər adəti üzrə yenə də səhər qardaşı oğlunun çörəyini, çayını verdi, üzünü qırxdı, saçlarına əl gəzdirdi. Sonra da həmişəki kimi, hamama saldı. Əmirxan hamamda oturub özü müstəqil olaraq çimə bilirdi. Sonra isə onu qurulayıb yatağına gətirdi, yerinə uzadıb üstünü örtdü. - Hələlik bu qədər, yatıb dincəl, televizora bax, - dedi Mənzər. – Günorta yenə gələcəyəm. Mənzər bunu deyib otaqdan çıxdı və qapını örtdü. Nə fikirləşdisə, evin giriş-çıxış qapısının yanında yerləşən mətbəxə girdi. “Dördgöz” qaz plitəsinin ventillərini açdı və eləcə qoyaraq öz evinə yollandı. Bir azdan qəsəbədə partlayış səsi eşidildi və yanğın baş verdi. Qonşular tez yanğınsöndürənlərə və təcili yardıma zəng etdilər. Az keçmiş hər iki qurumun nümayəndələri gəlib çıxdılar. Partlayış və yanğın hadisəsi Əmirxanın yaşadığı evdə baş vermişdi. Qonum-qonşu baş vermiş bu bədbəxt hadisəyə nəsə bir yardım etmək üçün vurnuxurdu. Bir-iki qadın isə bayılmış Mənzəri ayıltmaqla məşğul idi. Yanğın söndürüldü və yanğınsöndürənlər içəridən yanmış bir nəfəri çıxardılar. O ölmüşdü. Qadınlar əsl şivən qoparmışdılar: - Yazıq Mənzər, ona doğma anasından da yaxşı baxırdı, - deyə qışqırışanlar da vardı. Təcili yardım işçiləri qayıtdılar. Yanğınsöndürənlər hadisəni aktlaşdırdılar. Yekdil qərara gəldilər ki, mərhum qazı açıbmış, sonra da bağlamağı unudubmuş, qaz evə toplanıbmış və televizordan qığılcım götürərək dəhşətli partlayış baş veribmiş. Bu fikri hamı təsdiqləsə də, bəziləri düşünürdü ki, yəqin Əmirxan dözməyib, bunu qəsdən törədib ki, heç kimə ağır yük olmasın. Əsl həqiqəti isə təkcə bir nəfər bilirdi. O da hazırda özündə deyildi, bayılmış vəziyyətdəydi. Bir müddət keçdi. Qohumların, qonşuların köməyi ilə partlayıb yararsız hala düşmüş ev təmir edilib əvvəlki vəziyyətinə gətirildi. Bədbəxt hadisə yavaş-yavaş unudulmağa başladı. O gündən sağlamlığının bir hissəsini itirən Mənzər heç cür özünə gələ bilmirdi. Etdiyi əməlin yaxşımı, ya pismi olduğunu belə fikirləşmək iqtidarında deyildi. Gecə-gündüz düşündüyü yalnız bu idi ki, böyük Allahın verdiyi canı mən yox, elə onu bəxş edən Allah ala bilərdi. Bütün bunları nahaq etdim! Mənzər qardaşı oğlu Əmirxanın ölümünün ildönümünə qədər yaşaya bilmədi. Əməlinin nəticəsi onu daxildən “yemişdi”. Mərhumun ilinin verilməsinə az qalmış o da vəfat etdi. Bibini də qardaşoğlunun yanında dəfn etdilər. Mənzərin yasına gələn qonum-qonşu, qohum-əqraba, eləcə də hüzr mərasiminin digər iştirakçıları Mənzərin etibarından, insanlığından, qardaşı oğlu Əmirxanı necə çox istəməyindən, onun faciəli ölümünə dözə bilməyərək vəfat etməsindən danışırdılar. Qara torpaq isə artıq sirri udmuşdu. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
