Demo Sayt » yazarlar » Qar altında donub ölən aşiq


Qar altında donub ölən aşiq

23-06-2016, 12:58
Çap et
Qar altında donub ölən aşiq Murad Köhnəqala

Adətən, uzaq şəhərlərdən kəndimizə qayıdanda Qovlar qəsəbəsində düşür, sonra bir maşına oturub ata yurduna gedirəm. Qovlardan bizim kəndə, hardasa, səkkiz kilometr yol var. Bizə getmək üçün dağ kəndlərinə aparan asfalt yolla bir xeyli getdikdən sonra sola burulmalısan...
Doxsanıncı illərin əvvəlləri olardı, Rusiyadan vətənə qayıtmışdım. Kəndə getmək üçün Qovlarda taksi bələdləmək istəyirdim ki, çoxdan üzünü görmədiyim, uşaqlıq dostlarımdan olan Elşad qəfildən ağ “Jiquli”sini yanıma sürüb maşından düşdü. Görüşüb qucaqlaşdıq. Bazardan yüngülvari alış-veriş elədikdən sonra maşına oturub üzü kəndə yola düşdük. Qonşu İbrahimhacılı kəndinin ortalarında Elşad maşını yavaşıdaraq yolun kənarı ilə gedən, üz-gözünü saqqal basmış gəncə: “Ayə, gəl otur maşına, hara istəyirsən aparım!” – dedi. Ancaq piyada yol gedən o adam heç biz tərəfə baxmadı, başını aşağı salıb kirimişcə yoluna davam elədi. Mən Elşaddan: “Kimdi, Elşad, bu? Bizim kənddəndi?” – soruşdum. Elşad: “Dayan, bunun əhvalatını sonra danışacam” - deyib, maşını piyadanın yanı ilə yavaş-yavaş sürərək onu dilə tutmağa başladı: “Qaqam, gəl, otur maşına, vijdan haqqı, hara desən, ora aparacam. Bizdən qorxub eləmə, arxada otur təkcə, aparıb düşürək səni. Hava isinir, yolun da uzaqdı, bilirəm. Gəl otur, narahat olma”.
Maşını cavan oğlanın yerişinə uyğunlaşdırıb yanı sıra yavaş-yavaş sürsək də, o, nə bizim tərəfə baxır, nə də Elşada cavab verirdi.
Əvvəlcə adi yol söhbəti kimi baxdığım bu olay marağımı çəkdiyindən dönüb həmin oğlanın saqqallı üzünə diqqətlə baxdım. Hardasa iyirmi, iyirmi iki yaşında olan həmin cavan oğlanın sifətində dərin sakitlik və məsum küskünlük vardı.
Bir xeyli beləcə getdikdən sonra Elşad başını bulayaraq: “Yaxşı, qaqam, özün bil, mən sənə yaxşılıq eləmək istədim!” - deyib, sürəti artırdı.
Bu olaya marağımı duyan dostum kəndimiz tərəfə burulanda dedi, gedək, səni evinizə düşürüm, ananla görüş, axşamüstü arxanca gələcəm, Bəhrəmtəpəyə qalxıb yüz-yüz vurarıq, bu oğlanın əhvalatını da orda danışaram...
***
Axşamüstü bir neçə dostla sərin çinarın altında oturmuşduq. Çoxdandı biri-birimizi görmədiyimizə görə söhbəti hərə bir yana dartırdı. Axırda səbrim tükəndi, dedim, Elşad, o cavanın əhvalatı nədi, bir danışsana! Elşad: “Qardaş, bəlkə heç lazım deyil, danışsam, qanın qaralacaq” - söylədi. Dedim, heç nə olmaz, qanımız qaralanda nə olasıdı ki?!..
***
Deməli, Qovlar qəsəbəsinə yaxın, Dönük Qırıqlı kəndindən olan Vahid yeniyetməlik çağında özündən bir sinif aşağıda oxuyan Çiçək adlı qıza vurulur. Onlar biri-birini dəli kimi sevir, daima məktublaşırlar. Orta məktəbi bitirdikdən sonra oğlan əsgərliyə gedir. Qızın valideynləri xəbər tutmasın deyə, Vahid ona yazdığı məktublarını Çiçəyin yaxın rəfiqəsinin ünvanına göndərir. Sevgi dolu əsgər məktubları alan Çiçək onu ölənə qədər sevəcəyini, səbirsizliklə əsgərin yolunu gözlədiyini bildirir.
Əsgərliyinin son aylarında qızdan seyrək məktub alan Vahid narahat olmağa başlayır. Çiçək vəziyyətin heç də yaxşı olmadığını, valideynlərinin onu imkanlı bir qohumun oğluna vermək istədiklərini yazır. Beləcə, sonuncu aylar da dolanıb keçərək iki il tamam olur. Vahid hərbi xidmətini başa vurub kəndə qayıdır. Nə qədər vurnuxsa da, ciddi nəzarət altında saxlanılan Çiçəklə görüşə bilmir. Kasıb ailədən olması sevən oğlanın yolunu hər tərəfdən kəsir. Qız tərəfin adamları ona təhdid dolu ismarıclar göndərir, qızı uzaq dağ kəndində yaşayan varlı qohumlarının oğluna adaxladıqlarını söyləyirlər.
Atasının, qardaşlarının və adaxlısının ciddi nəzarəti altına alınmış Çiçək evdə günü-gündən solsa da, onun könül istəyinə məhəl qoyan olmur. Sevdiyi qızın üzünü görüb söhbət eləyə bilməyən Vahid getdikcə aqressivləşir. Artıq dost-tanış məclisində ona mane olan adamları öldürməklə hədələyir, qızı şəxsən görüb fikrini öyrənməyincə toyun qarşısını istənilən yolla alacağını söyləyir.
Çiçəyin valideynləri isə Vahidin qohumlarına onu sakitləşdirməyi tövsiyə edir, həm də problemdən canlarını qurtarmaq üçün qızı tezcə ərə vermək qərarına gəlirlər.
Getdikcə əsəbləri tarıma çəkilən Vahidi atası və dayısı heç cür sakitləşdirə bilmir, onu sevgisindən döndərməyə gücləri çatmır.
Beləcə, bir neçə gərgin ay ötdükdən sonra toy günü gəlib çatır. Dəliqanlının əlindən bir xəta çıxmasın deyə, qızın toyu günü, atası və dayısı birləşərək tutub onu kəndirlə qapıdakı tut ağacına bağlayırlar. Sevdiyi qızın toy gecəsi qolubağlı bağırıb dartınan, səsi çox çıxmasın deyə ağzı dəsmalla bağlanan, hərdən də atası tərəfindən kötəklənən Vahid səhərə yaxın huşunu itirir. Sabah ağacdan açarkən baxırlar ki, onun dünən alışıb yanan alovlu gözləri çuxura düşüb, sifəti meyit rəngini alıb. Dəliqanlının emosiyasız, süst halını görən qohum-əqraba anlayır ki, gecə boyu çəkdiyi ruhi işgəncəyə dözə bilməyən oğlan havalanıb.
Beləcə, sevgi qurbanına çevrilən Vahid bir neçə ay adamları tanıya bilmir, baş verənlərdən xəbərsiz olduğunu büruzə verir. Tədricən özünə gəldikdən sonra sevdiyi qızı soruşur. Həddən artıq sakit və anlaqsız hala düşmüş oğlunu anası başa salır ki, Çiçək uzaq dağ kəndinə ərə gedib.
Bu xəbəri yadında saxlayan Vahid sabah tezdən, hardasa, iyirmi kilometr aralıda yerləşən dağ kəndinə ayaq döyür. Kənddə soraqlaşaraq Çiçəkgilin evini tapır. Darvazanı döyüb həyətə girir. Vahidin artıq sakitləşdiyini, havalı olduğunu çoxdan eşidən Çiçək və həyat yoldaşı onu güclə tanıyırlar. Sevgi qurbanı evə daxil olmaqdan imtina edir. Həyətdə bir daşın üstündə oturub göz yaşlarını saxlaya bilməyən Çiçəkdən su istəyir. Çiçək qaça-qaça gedib ona su və yemək gətirir. Vahid suyu içdikdən sonra heç nə demədən, kirimişcə çıxıb öz evlərinə qayıdır.
Həmin gündən sonra bütün insanlıqdan küsən, heç kimlə danışmayan Vahid hər gün piyada Çiçəyi görməyə gedər, onun verdiyi yeməyi yeyər və geri evlərinə qayıdarmış. Bu uzun yolu piyada gedib geri qayıdan Vahidin saqqalı uzanır, ayaqqabıları deşilir, paltarı sökülür. Lakin insanlardan üz döndərən bu dəli aşiq Çiçəkdən başqa heç kimlə kəlmə kəsmir. Üzünü qırxmaq, paltarını tikmək, maşına mindirmək, yemək vermək istəyənlərdən qaçır...
***
Bu əhvalatdan illər keçmişdi. Mən Rusiyanın Xabarovsk şəhərində yaşayırdım. Bir gün dostum Elşad da gəlib oraya çıxdı. Məclis söhbətlərinin birində qəfil Vahid yadıma düşdü. Soruşdum ki, o dəli aşiqin axırı necə oldu? “Necə olacaq?” - Elşad dilləndi. “Son vaxtlar saç-saqqalı tamam ağarmışdı, beli əyilib qoca kişiyə dönmüşdü. Keçən il qış yaman sərt oldu, elə yollarda da öldü Vahid. Dəlikdaşın aşağısında, qar altından çıxan cırıq ayaqqabılarının ucunu görüblər, donmuş meyitini götürüb aparıblar...”
Reytinq: