Bağlayın pəncərələri!9-09-2016, 15:15
Çap et Pəncərə nəfəs almaq üçündür, evə təmiz hava gəlməsi üçündür. Uşaqların ölməsi üçün deyil. Pəncərənin belə bir təyinatı yoxdu!! Valideynlər övlad dünyaya gətirmək üçündü, dünyaya gətirdikləri övladları üçün ən gözəl gələcək qurmaq, "pəncərə" açmaq üçündü. Övladları üçün pəncərələrdən və eyvanlardan qəbir hazırlamaq üçün deyil. Valideynin belə təyinatı yoxdu!! Eyvandan və pəncərədən yıxılıb ölən azyaşlıların statistikası sadəcə dəhşət doğurur. Artıq bunu nə ehtiyatsızlıqla, nə səhlənkarlıqla əlaqələndirmək mümkün deyil. Valideynlər övladlarının ölümündə birbaşa səbəbkardırlar, qatildirlər. Övlad acısı çəkməyi Allah heç bir valideynə qismət eləməsin. Xüsusən bu acı valideynin öz günahından olursa, bu, ömürlük işgəncədi, dözüləsi dərd deyil. Amma adi təhlükəsizlik qaydaları deyilən bir anlayış var. Hansı ki, evində körpə uşağı olan hər kəs bunu mütləq və mütləq nəzərə almalıdır. Ən azından uşaqları tək buraxmamaq, eyvana və ya pəncərəyə qoruyucu dəmir barmaqlıqlar vurmaq olar axı... Ötən ayın 13-də DİN və Baş Prokurorluq uşaq ölümləri ilə nəticələnən bədbəxt hadisələrlə bağlı birgə məlumat yaydı. Məlumatda qeyd olunurdu ki, "Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir. Belə ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb. Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və və istintaq aparılır. Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik". ...İyulun 30-da daha bir azyaşlı öldü. Bu dəfə Əmircan sakini Nuray Əfəndiyeva 5-ci mərtəbədən yıxılıb öldü... Uşaqlar pəncərədən, eyvandan yıxılıb ölürlər. Və Cinayət Məcəlləsinin heç bir maddəsində bunun bəraəti, Allah qarşısında tövbəsi yoxdu... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
