Demo Sayt » musahibe » Samira: “20 yaşımda dar şalvarı geyinəndə...”


Samira: “20 yaşımda dar şalvarı geyinəndə...”

30-06-2015, 19:33
Çap et
Samira: “20 yaşımda dar şalvarı geyinəndə...” Heqiqet.az müğənni Samira Allahverdinin Aile.Lent.az-a müsahibəsini təqdim edir.
- Deyilənə görə, tələbə vaxtı qaraqabaq, adamayovuşmaz biri olmusunuz. Elədir?
- Sadəcə, hər adama isinişmirəm, hər adamı görəndə üzünə gülmürəm. Gərək insanla oturum, söhbət edim, bir-birimizi tanıyaq, sonra üzünə gülüm. Qaraqabaq olmağım düzdür. İndi məni yaxşı tanıyan bəzi insanlar əvvəllər məndən xoşlanmadıqlarını etiraf ediblər. Çox vaxt məni özündənrazı kimi tanıyıblar. İnsanlar məni tanıyandan sonra, səmimi, mehriban olduğumu biləndə fikirlərini 180 dərəcə dəyişirlər. Sadəcə mən sakit, ciddi oturanda elə bilirlər ki, yekəxanalıq edirəm. Əslində, mənim öz aləmim var. Tək oturub öz aləmimə qapılmağı sevirəm. İnsanların kənardan mənim haqqımda necə düşünmələrini problem etmirəm. Çünki necə insan olduğumu bilirəm.
- Sizin aləmə daxil olmaq nə dərəcədə çətindir?
- Söhbətim tutan, fikirlərimiz uyğun olan, bir-birimizi anlaya, başa düşə bildiyimiz insanla yaxşı münasibətim, hətta dostluğum yaranır. Bəlkə də həmin insanın əvvəlcə mənə qarşı fikirləri tam başqa cür olub. Səmimi insanları çox sevirəm. Onlarla söhbət etmək mənə daha asandır. Sənət aləmində dəfələrlə rastlaşdığım, amma salamlaşmadığım insanlar olub. Sonradan həmin insanlar etiraf ediblər ki, mən onların salamını almaram deyə salam verməyə qorxublar. Hətta kişi həmkarlarım mənə salam verməyə qorxublar ki, birdən mikrofonu başlarına çırparam (gülür). Çox zaman insanları tanımadan fikir yürüdürük. Bu, yanlışdır. Biri haqqında fikir yürütməzdən əvvəl onu tanımaq lazımdır.
- Kişilər bu cür qadınlara yaxınlaşmağa, hislərini bildirməyə cəsarət etmir.
- Tələbəlik illərindən ətrafdakılarda maraq oyatmayan bir obraz yaratmışam. Heç vaxt kimsə mənə baxsın, tanış olsun deyə gözəl geyinmək, gözəl danışmaq mənə görə olmayıb. Bəlkə elə buna görə də bir ayın içərisində ailə qurdum. Həyat yoldaşım məni bəyəndisə, demək, onun zövqünü necə varam, o cür də oxşaya bilmişəm. Düşünürəm ki, görünüşümlə, obrazımla maraq oyadan bir xanım deyiləm.
- Belə maraqsız olduğunuzu ətrafdakılardan kimsə deyirdi?
- Fikirlərimdə hər zaman musiqi, Allah, din olub. Dinlə və musiqi ilə məşğul olurdum. Sonra universitetə daxil oldum. Yenə də musiqi, din və dərslərimlə yaşadım. Həyatımda başqa heç nə yox idi. Ailə qurmaq, sevgi haqqında düşünmürdüm.
Anama heç vaxt sirrimi açmamışam, aramızda hər zaman pərdə olub, biz heç vaxt rəfiqə olmamışıq, anama böyüyüm kimi baxmışam. Hərdən baxıb görürəm ki, uşaqlar analarına sirlərini açırlar, danışırlar, məsləhət alırlar. Məndə belə olmayıb. Anam heç vaxt soruşmazdı ki, universitetə necə gedib-gəldim, dərslərim necə gedir, nə düşünürəm, arzularım nədir. Belə bir ananın ilk dəfə üçüncü kursda oxuyanda - 19 yaşımda mənə verdiyi sualdan şoka düşdüm: “qızım, səni heç kim sevmir?”. Çox utandım. Dedim, ana, bu nə sözdür mənə deyirsən!? İndi başa düşürəm ki, bir ana kimi narahat olub. O söhbətdən bir il sonra ailə qurdum.
- Bəs öz övladlarınızla münasibətləriniz necədir?
- Oğlumla dost kimiyik. İndi dövr çox dəyişib, mən o vaxt utanardım anama deyim ki, bu nədir geyinmisən? Amma oğlum mənə nəsə deyə, etiraz edə, fikrini bildirə bilər. Oğlumla söhbət edirik, danışırıq, gülürük. Anamı çox istəyirəm, o da məni çox istəyir, qayğıma qalır, amma bir-birimizə sirr açmırıq, fikirlərimizi bölüşmürük. Məryəmlə (qızı - red.) də dost olacam. Məryəm həyatımda tam fərqli yer tutur. İki övladımı canım qədər sevirəm. Məryəm 13 il keçəndən sonra gəldi, həyatıma başqa bir rəng qatdı. Övladlarımın ikisinin də xoşbəxtliyi, mənimlə münasibətləri çox vacibdir. Övladlarıma həm ana, həm dost olmağa çalışıram. Məsələn, qızım məni adımla çağırır. Heç vaxt fikirləşməzdim ki, qızım məni “ana”, “mama” yox, “Samira” deyə çağıracaq. Heç kim ona məni belə çağırmağı öyrətməyib. Dostlarımın, rəfiqələrimin analarına adı ilə müraciət etdiklərini görmüşdüm. İnanmazdım ki, bir zaman gələcək qızım da mənə adımla müraciət edəcək. Oğlum isə əksinə, “mama” deyə çağırır, heç vaxt “Samira” deməyib. Amma qızım tam fərqlidir. Mənə belə də xoşdur.
- Sirr və düşüncələrinizi bölüşdüyünüz insanlar varmı?
- Əslində buna daha çox indi ehtiyacım var. Tələbəlik, məktəb illərində tam fərqli idim. Həyata başqa cür baxırdım. Mənim üçün yaşamaq daha asan idi. Baxmayaraq ki, çox çətinliklərimiz olub. Atasız böyümüşəm. Anam iki yerdə işləyirdi, əziyyət çəkirdik. Amma mənim üçün yaşamaq daha rahat idi, nəinki indi. 38 yaşım var. Yaş üstünə yaş gəldikcə ürəyimi açacaq, məsləhətləşə biləcəyim insana daha çox ehtiyacım var. İstəyirəm yanımda məni anlayan, başa düşən bir insan olsun. Həyat yoldaşım hərbçidir, sentimentallıqdan uzaq, realist insandır. Həyata daha dürüst baxır, problemlərə qapanmır. Problem olanda onu normal qəbul edir ki, deməli, belə olmalıdır. Ölümü belə normal qəbul edir ki, bəli, bu insan öldü, amma həyat davam edir. Məsələn, mən kiminsə ölümünü faciə ilə qarşılayıram. Bu baxımdan onunla hisslərimi bölüşə bilmirəm. Sonucda gəlib sirrimi Allaha açıram. Çünki o, saatlarla mənə qulaq asır. Daxilən hiss edirəm ki, o, hər zaman yanımda olmağa hazırdır. Rəfiqələrimə hansısa problemimi danışmıram, çox sağ olsunlar, güvəndiyim insanlar məni dinləyiblər, kimsə məsləhət verib, çalışıb nəsə yardım etsin. Amma sonucda mən Allahla baş-başa qalmışam. Onların da öz həyatları var. Bir dəfə, iki dəfə qulaq asarlar, amma onların da öz ailələri, problem və qayğıları var deyə ona görə heç kimi yükləmək istəmirəm.
- Subay vaxtı kənardan kiminsə fərqli baxışını hiss etmisinizmi?
- Hər yay Astaraya nənəmgildə dincəlməyə gedirdik. Birinci sinifdə oxuyurdum. Nənəmgilin qonşuluğunda yaşayan oğlan mənə aşiq olmuşdu (gülür). Məndən üç yaş böyük idi. Bu sevgi illərlə davam etdi. Amma bu, uşaqlıq məhəbbəti idi. Onun hisslərini bilirdim. Mənə baxması, maraqlanması xoşuma gəlirdi. Böyüdükcə anladım ki, sevgi başqa anlayışdır, başqa duyğudur. Sonra da musiqi ilə məşğul oldum. Oğlan dostlarım çox idi. İndi də kişi dostlarım xanım rəfiqələrimdən çoxdur. Onlarla münasibətim daha yaxşı alınır, nəinki xanımlarla. Kişilər məni daha yaxşı başa düşürlər. Məktəb və universitet illərində isə sevgi ilə bağlı yaddaqalan heç nə olmayıb.
- Sevgi nədir sizin üçün? Sevgini necə izah edirsiniz?
- İnsan hər yaşda bir cür sevir. Biri var uşaqlıq sevgisi, biri var gənclik sevgisi. Gənclik illərində kiməsə vurulursan, həmin insana görə qəşəng bəzənirsən, geyinirsən ki, səni bəyənsin. Həmin sevdiyin insanla ailə həyatı qurandan insan bir-birinə öyrəşir, sonra hər şey adiləşir. Əvvəlki ehtiras çox istəmək kimi hissə çevrilir. O da keçəndən sonra sevgi hörmətə dönür. Sevdiyin insan sənə əziz olur, ona görə hər zaman narahat olursan. Mənim həyatımda hər şey bir anlıq oldu. 19 yaşım var idi. Bir ayın içində ailə həyatı qurdum. Həyat yoldaşım məndən 8 yaş böyükdür. Ona hisslərim yarandı, sevgi duydum. Ailə həyatı qurandan sonra böyüdüm. 38 yaşda çılğınlıq qalmır. Əslində heç vaxt çılğın olmamışam.
- Həyat yoldaşınızla necə tanış olmusuz?
- Qardaşımla ortaq dostları olub. Qardaşımın nişanına gəlmişdi. Orada üç gözəl qızın içərisində mənə vurulub. Mənim kimi çirkin qadını seçib (gülür). O üç gözəl qadının içərisində Vəfa Zeynalova da var idi. Onun məni seçməyi mənə qəribə gəldi. Sonradan dedi ki, mənim sadəliyimi bəyənib. Deyir, üzümdə olan saflıq xoşuna gəlib. Kişilər qadınlarda daha çox sadəliyi sevirlər. Tanışlığımızdan bir ay keçmədi, özü gəlib qardaşıma dedi ki, “mən sənin bacınla evlənmək istəyirəm”. Anamla söhbət etdi. Hər şey tez bir zamanda baş verdi. Əslində bəlkə indiki ağlım olsaydı, bir az fikirləşərdim. İndiki qızlar ailə həyatı qurmaq üçün tələsmirlər. Seçdikləri insana fikir verirlər, baxırlar xasiyyətləri tutarmı, kimliyini, valideynlərini öyrənirlər, araşdırırlar. Məndə bir anlıq oldu. Gördüm normal oğlandı. Sevdim. Xarakteri haqqında düşünmədim. Düşünmürdüm ki, görəsən mənə oxumağa icazə verəcək, ya yox. Heç nə haqqında düşünmədən sadəcə ailə həyatı qurdum. İndiki ağlım olsaydı, götür-qoy edərdim.
- Həyat yoldaşınız musiqiyə olan marağınızı necə qarşıladı?
- Ailə quranda populyar deyildim. Sadəcə müğənni və bəstəkarlar məni tanıyırdı. Həyat yoldaşım bilirdi ki, müğənniyəm və buna normal baxırdı. Burada doğulsa da, 14 yaşından Rusiyada yaşayıb. Müasir baxışlı insanlardır. Övladım doğuldu. Onunla məşğul oldum. Sənət arxasınca o qədər də qaçmadım. Bir il sonra dedim ki, oxumaq istəyirəm. Çünki daxilən hiss etdim ki, musiqisiz yaşaya bilmirəm. Etiraz etmədi. Əksinə, yardımçı oldu.
- Belə açıq fikirli insanın hansısa qadağaları varmı?
- Özümü elə tanıtmışam ki, məni qısqanmağa, qadağa qoymağa ehtiyac yoxdur. Mən özüm-özümə qadağalar qoyuram, hər yerə getmirəm, açıq-saçıq geyinmirəm, içki içmirəm, siqaret çəkmirəm. Hansı qadağadan söhbət gedə bilər? Həyat yoldaşım məni o qədər yaxşı tanıyır ki, onun bir söz deməyinə lüzum qalmır. Gecə-gündüz rəfiqələrimlə orda-burda gəzmirəm. Mənim sənətimə hər kəs bələddir. Heç bir hərəkətimlə vadar etməmişəm ki, həyət yoldaşım mənə qadağa qoysun.
- Daha çox hansı mövzularda fikirləriniz toqquşur?
- Söz-söhbətimiz oğlum üstündə olub. Tutaq ki, o, oğlumuza nəsə söz deyib, amma yaxşı formada deməyib və bu, mənim xətrimə dəyib. Mən həmişə istəmişəm ki, o, oğlumuzla dost olsun. O da hərbçi olduğu üçün bu münasibət alınmır. Onda hər şey kobud alınır. Mən ata qayğısı, məhəbbəti görmədiyim üçün çalışırdım ki, öz balalarıma həm ata, həm ana olum. Mənim üçün balalarım hər şeydən, hətta dostlarımdan da önəmlidir. Nə edirəmsə, onlar üçün edirəm. Həyatda etdiyim hər şey onların gələcəyi üçündür. Oğlum daha çox mənimlə yaxındır, amma atası qızına daha meyllidir. Əslində mən onunla ailə həyatı quranda oğlan istəyirdi, oğlan həvəskarı idi. Ancaq daha çox qızına meyl salıb. Sevgisini daha çox qızına göstərir.
- Övladlarınız arasında 13 yaş fərq var. Qızınızın dünyaya gəlişini planlaşdırmırdınız?
- Səhnə adamı hər zaman dəbdə olmaq istəyirsə, demək olar ki, həyatda hər şeyi unudur. Yalnız öz işilə, mahnıları, konsertləri ilə məşğul olur. Heç nəyə vaxt çatdırmır. Ailə qurandan, uşaq dünyaya gətirəndən sonra mütləq sənə kimsə yardımçı olmalıdır. Mənim yardımçım olmadı və o vaxtlar sənətimlə çox məşğul oldum. Düşündüm ki, ikinci övladımın dünyaya gəlməsi üçün bir neçə il keçməlidir. Bir də baxdım ki, 13 il ötüb. Görən deyirdi ki, niyə bir uşağınız var? Sonra Allah ikinci övlad payımızı verdi.
- Övladlarınız arasında bu qədər yaş fərqinə və bu arada daha çox övladınız olmadığına görə peşmanlıq hissi keçirirsiniz?
- Bunlara şükür. Deməli, Allah qismətimdə belə görüb. Fərq etmir neçə övladın olsun, təki xeyirli, düzgün övlad olsunlar. Valideynlər öz övladlarını böyüdürlər, sonra uşaq nankor çıxanda və ya hansısa səhvlərini görəndə valideynə çox təsir edir. Bu, valideyn üçün ən böyük yaradır. Ona görə də mən övladlarımın tərbiyəli, düzgün olmalarını istəyirəm. Biz də vaxtında müəyyən səhvlər etmişik. Amma yaş üstünə yaş gəldikcə anlayırıq ki, kaş 5 il öncə onu etməzdim, bunu etməzdim, başqa cür olardım. Yaş üstə yaş gəldikcə insan müdrikləşir. Biz səhv etmişik, övladlarımız da səhv edə bilər, onların övladları da səhv edə bilər. Amma təki sonra səhvlərini anlasınlar, sonucda düzgün yolla getsinlər.
- Evdarlığa nə qədər vaxt ayıra bilirsiniz?
- Son 2 ildə çox az. Az hallarda evdə yemək bişirirəm. Çünki doğrudan çatdıra bilmirəm. Səhər çıxıram, axşam gəlirəm. Əgər yoldaşıma evdə yemək hazırlamadımsa, gedib restoranda yeyirik. Neyləyək, həyat belədir. İşimizlə bağlıdır.
- Qayınananız olsaydı, vəziyyət başqa cür ola bilərdi?
- 8 il qayınanamla bir evdə yaşamışam. Münasibətlərimiz yaxşı idi. Ara-sıra bizim də sözümüz çəp gəlirdi, amma sonucda bir yerdə idik, ailə idik. Məsələn, ona maraqlı idi, mən hara getdim, nə aldım. Ona da mütləq göstərirdim. Nəzərə alırdım ki, bu, mənim həyat yoldaşımın anasıdır. Ona xüsusi hörmət lazımdır. Çay içəndə birinci ona təklif edirdim. Özüm üçün ayrıca yaşamırdım. Əslində istərdim ki, tək yaşayım, öz sərbəst həyatım olsun. Nə qədər də mehriban olursan ol, insanın öz həyatı, öz küncü olmalıdır. Amma qayınanam rəhmətə gedəndə üç ay özümə gələ bilmədim. Çünki ona çox bağlanmışdım. Hətta rəhmətə gedəndə deyirdi ki, Samira yanımda olsun. Vəsiyyət edəndə dedi ki, “bu evi sənə tapşırıram, sən bizim ailəyə bax”. Qayınanamı heç vaxt unutmaram. Hər zaman xatirimdədir. Bir neçə dəfə elə məqamlar olub demişəm ki, kaş yanımda olardı. Darıxanda qəbri üstünə gedirəm. Necə insan olmasını, mənə olan münasibətini xatırlayıram.
- Bizdə bəzi analar oğlan övladı olanda məsələyə bir az başqa cür baxır. Sanki analarda eqoistlik yaranır. Siz özünüzü necə qayınana kimi təsəvvür edirsiz?
- Bilmirəm. Vaxt var idi, məsələn, deyirdim ki, heç vaxt hündürdaban ayaqqabı geyinmərəm. Zaman məni elə vəziyyətə çatdırdı ki, ölsəm də, hündür daban ayaqqabını geyinəsi oldum. Həyatımda buna bənzər çox şeylər olub. Məsələn, demişəm ki, filan şeyi etmərəm, amma etmişəm. Ona görə də əvvəlcədən heç vaxt fikir söyləmirəm.
Bu gün deyə bilərəm ki, yaxşı qayınana olacam. Ancaq hardan bilirəm ki, sabah mənim gəlinim necə olacaq? Bəlkə gəlinim pis olacaq, bəlkə mən pis qayınana olacam, ya bəlkə oğlum pis olacaq? Ona görə də zamanın öhdəsinə buraxıram.
- Evdə daha çox uşaqların tərbiyəsi ilə kim məşğul olur?
- Daha çox mən onların qayğısına qalmışam. Məktəb, müəllim-filan, hamısı ilə maraqlanmışam. Sadəcə olaraq indi oğlum böyüyüb, ona az vaxt ayırıram. Əslində onun keçid dövrüdür, yanında daha çox olmalıyam. Amma işimlə bağlı az oluram. Ona görə Allahın öhdəsinə buraxmışam. Oğlum hazırda özbaşına böyüyür. Ancaq telefonla əlaqə saxlayıram, maraqlanıram.
- Hər zaman mənə elə gəlib ki, siz nə vaxtsa hicab bağlayacaqsınız. Bəlkə də dinə daha çox bağlı olmağınızdan və bunu bəlli etməyinizdən irəli gəlir.
- Çox insan var ki, bir ayın içində namaz da qılır, hicaba da keçir. Amma mən 1994-cü ildən namaz qılıram. Bu vaxta qədər hicab bağlamamışam. Bilmirəm səbəb nədir. Ölüm hər zaman insanın qapısını döyə bilər. Əslində vaxtımız yoxdur. Hicablı qadınlara paxılıq edirəm. Gör öz nəfslərinə necə güc gəliblər. Yəqin hələ məndə bu cürət yoxdur.
- Hansı mövzuda fikirləriniz daha çox dəyişib?
- 20 yaşımda həyatdan bu qədər qorxum yox idi. İndi hər gün, hər saniyə qorxu içərisində yaşayıram. Bunu dərk edə-edə deyirəm, ya Rəbbim, məni nəyi gözləyirəm? Məsələn, 20 yaşımda dar şalvarı geyinəndə bu qədər məsuliyyət daşımırdım. Qazanırdım, özümə vaxt ayırmırdım. Amma elə bir yaşa çatdım ki, mənən yoruldum. Hazırda qayğı istəyirəm. İstəyirəm ki, yanımda oturacaq insan desin ki, sənə nə lazımdır, necəsən, özünü necə hiss edirsən, bəlkə sənə çay süzüm? Bu sözləri eşitmək istəyirəm. Əvvəllər narahat olurdum ki, kimsə məni ad gününə çağırmadı. İndi sevinirəm ki, nə yaxşı məni ad gününə dəvət etmədi. Mənim üçün hər şey mənasız və qorxulu olub. Düzdür, Allaha dua edirəm ki, ömrümün sonunadək məni heç kəsə möhtac etməsin. Çayımı da özüm süzüm, qapımı da özüm açım.

Ümidə QƏHRƏMAN
Reytinq: