Heqiqet.Az » yazarlar » Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı-publisistlə görüş


Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı-publisistlə görüş

16-03-2018, 14:33
Çap et
Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı-publisistlə görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış şair, yazıçı, publisist Mətanət Ulu Şirvanlı ilə görüş və “İşıq seli” adlı yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi dekanının müavini Mənsur Zərbəliyev Novruz bayramı ərəfəsində keçirilən yaradıcılıq gecəsinin tələbə gənclərin intellektual səviyyəsinin yüksəldilməsində əhəmiyyətini qeyd edib. O, şairin həyat və yaradıcılığı barədə tələbələrə geniş məlumat verib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Kamil Bəşirov, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə M.U.Şirvanlının yaradıcılığının məziyyətindən söz açıblar. Bildirilib ki, sair yaradıcılığında ekspressiv sintaksisin digər vasitələrindən də uğurla bəhrələnib. Onun nitq və təfəkkür tərzi, düşdüyü, düşündüyü psixoloji durumlar ətraf mühitin, qarşılıqlı münasibətlərin və ekstralinqvistik amillərin təsiridir. Lakonik quruluşu ilə esselərində də məzmunu oxucuya intensiv çatdırır.
Qeyd edilib ki, M.U.Şirvanlı poetik fikirlərini oxucuya asanlıqla çatdırır, təkrarlanan sözlər mətndə poetikləşərək melodiya boyalarına çevrilir, şairin üslubi çalarlar qamması misralardakı canlı insan nəfəsinin təzahürü kimi meydana çıxır.
AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru Zakir Musayev bildirib ki, M.U.Şirvanlı Azərbaycan ədəbiyyatında özünəməxsus dəstxəti olan qələm sahiblərindəndir və klassik Şirvan şairlərinin davamçısı kimi tanınır. Z.Musayev şairə yeni yaradıcılıq uğurları arzulayıb, maraqlı görüş üçün təşəkkürünü bildirib. Gənclərin mənəvi dünyasının zənginləşdirilməsində və vətənpərvərlik ruhunun yüksəldilməsində belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Tədbirdə müğənnilər Abgül Mirzəliyev, Taleh Orucov, Ramil Cəfərov, bəstəkar-müğənni Arif Səlimov Mətanət Ulu Şirvanlının sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Tələbələr müəllifin Vətən, torpaq, el-oba, doğma yurda məhəbbət mövzusunda şeirlərini söyləyiblər.
Sonda M.U.Şirvanlı universitetin rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib, müəllim və tələbələrə kitablarını hədiyyə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı-publisistlə görüşAzərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı-publisistlə görüş
Reytinq: