Heqiqet.Az » hadise » Arvadını öldürən kişi danışdı: "Bıçağı əlindən alıb..."


Arvadını öldürən kişi danışdı: "Bıçağı əlindən alıb..."

6-03-2019, 13:58
Çap et
Arvadını öldürən kişi danışdı: "Bıçağı əlindən alıb..." Arvadını öldürməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
M.Qocayev özünü qismən təqsirli bilməyib. Təqsirləndirilən şəxs ifadəsində deyib ki, hadisə vaxtı mərhum arvadı Ülviyyə Allahverdiyeva onu bıçaqla vurub: "Onun əlindən bıçağı alandan sonra Ülviyyəni vurdum".
Daha sonra M.Qocayevin anası İradə Əliyeva məhkəmədə şahid qismində dindirilib. O,hadisəni digər qızından eşitdiyini deyib.
Zərərçəkmişin hüquqi varisi və anası S.Allahverdiyeva ifadə verib. O, şikayətçi olmadığını deyib: "Qızımın övladını düşünürəm".
Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.
Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.
Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.
Reytinq: