Heqiqet.Az » sosial » Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz


Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

7-05-2019, 12:31
Çap et
Heydər Əliyev və  milli-mənəvi dəyərlərimiz Heydər Əliyevin həyatı mənəvi tərbiyə nümunəsidir. Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyənin əvəzsiz rolu olduğunu dəqiq müəyyənləşdirən Heydər Əliyevin zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti, siyasi görüşləri böyüyən nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması işinin səmərəli təşkili üçün ən dəyərli mənbədir. H.Əliyev milli-mənəvi dəyərlərə hörmət, məhəbbət onu qoruyub saxlamağın zəruriliyi prinsipini yaratmışdı. Uzaqgörən şəxsiyyət tarixən formalaşmış milli-mənəvi dəyərlərə malik, onların daşıyıcısı olan, həyatında və əməli işində bunlara əməl edən nəsillərin yetişdirilməsi, hüquqi, demokratik, vətəndaş cəmiyyəti quran müstəqil Azərbaycan üçün əhəmiyyətli və zəruri olduğunu söyləyir. Heydər Əliyev Azərbaycan gənclərinin birinci ümumrespublika forumunda böyüməkdə olan nəsli xalqımızın milli-mənəvi dəyərləri əsasında tərbiyə etməyi ən mühüm vəzifə hesab etmişdi. O demişdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın fəaliyyətində formalaşmışdı. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Deməli, millətin mövcudluğu, yaşaması və gələcəyi onun tarixən formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, zənginləşdirilməsindən asılıdır”. Bu fikir onu söyləməyə əsas verir ki, müdrik şəxsiyyətin müdrik də kəlamları olar.
Heydər Əliyev torpağa, millətə, vətənə, el-obasına, xalqına bağlı şəxsiyyət idi. O, daim Azərbaycanla, Azərbaycan xalqı ilə birgə nəfəs almışdır. H.Əliyev deyirdi: Müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir. Onlar dünyanın bütün ölkələrində yaşayırlar. Onlar da azərbaycanlıdır, onlar da azərbaycançılıq hissləri ilə yaşamalıdır, onlar da özlərini azərbaycanlı kimi hiss etməlidirlər, onlar Azərbaycanla bağlı olmalıdırlar. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, deyən ümummilli liderimiz bir daha sübut etdi ki, azərbaycançılıq ideologiyasının tarixiliyi və müasirliyi əbədidir.
Azərbaycançılıq milli-mənəvi dəyəri Heydər Əliyev nümunəsində özünün geniş həllini tapdı. O, deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən, öz tarixini yaxşı bilə bilməz. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Sabiri oxuya bilməz. Əgər onları oxuya bilməsə, o tariximizi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməcəyək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvər duyğuları, hissləri olmayacaqdı”. Heydər Əliyev irsində Vətənpərvərlik xüsusilə öz həllini tapmışdır. Tarix boyu vətənpərvərlik bir neçə məzmunda işlədilmişdi. Sovet vətənpərvərliyi, sosialist vətənpərvərliyi, Sovetlər birliyi dağılandan, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənpərvərlik anlayışı Azərbaycan vətənpərvərliyi kimi səslənmişdi. Ulu öndərimiz Heydər Əliyev milli Azərbaycan vətənpərvərliyi anlayışını işlətməklə onun məzmununu daha da dərinləşdirmişdi.
Heydər Əliyev tarixində Dövlətçilik ənənələri də yaşamaqdadır. O, Azərbaycan dövlətinin əbədiliyinin əsasını, idarəetmə sisteminin yaradılmasının əsasını qoymuşdu. Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
Müdrikcəsinə söylənilən bu fikir fəaliyyətimizin metodologiyasını təşkil edir.
Heydər Əliyev və  milli-mənəvi dəyərlərimiz








Ləzifə Qasımova,
Bakı Dövlət Universitetinin
Pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor












P.S: Ləzifə xanım ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQLİYİ, TƏHSİL SAHƏSİNDƏ GÖSTƏRDİYİ SƏMƏRƏLİ FƏALİYYƏTİ, XALQA VƏ DÖVLƏTƏ LAYİQLİ XİDMƏTLƏRİ NƏZƏRƏ ALINARAQ, 10 MAY - ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ İLƏ ƏLAQƏDAR «Şərəf» fəxri diplomuna layiq görülüb.
Bu münasibətlə: Ləzifə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Nahidə Aslanqızı
Reytinq: