Heqiqet.Az » hadise » Cahangir Hacıyevin "sağ əli"ndən AĞIR İTTİHAM: "Mən ona demişdim...."


Cahangir Hacıyevin "sağ əli"ndən AĞIR İTTİHAM: "Mən ona demişdim...."

7-05-2019, 16:33
Çap et
Cahangir Hacıyevin "sağ əli"ndən AĞIR İTTİHAM: "Mən ona demişdim...." "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsində işləyəndə onun birinci müavini olmuş, həmçinin bankın Kredit Komitəsinə rəhbərlik etmiş Emin Mustafayev ifadə verib.
O, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyevin rəhbərlik etdiyini deyib: “Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orda da şirkətlərə ödənilirdi. Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin. Bu gün məhkəmədə araşdırma aparılan şirkətlərə kreditlər Cahangir Cahıyevin göstərişilə verilib. Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın".
E.Mustafayev cinayət işində bəhs olunan "Cargill əməliyyatları" barədə də danışıb. Bildirib ki, "Cargill" Amerika şirkətidir, bir sıra başqa sahələrlə yanaşı, maliyyə kreditləşməsilə də məşğul olur: "Bu şirkətlə əməkdaşlıqda sənəddə göstərilir ki, mal dövriyyəsi var, nəsə alınıb, amma əslində, heç nə olmur. Sadəcə, maliyyə verir. O vəsaitləri də Beynəlxalq Bank ödəyirdi. Riskli idi. Biz bu riskləri deyəndə Cahangir Hacıyev irad bildirirdi ki, bunu qadağan edən norma yoxdur. Vəsaitlər də xaricə gedir, qayıtmırdı. Cahangir Hacıyevə problemi deyəndə cavab verirdi ki, Dünyamin Xəlilovla danışın. O da deyirdi ki, Bakıda tikinti layihələri var, başa çatsın, ödəyəcək. Bankın daxili qərarına əsasən 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalıydı Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib”.
Vəkillər E.Mustafayevdən onu da soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib?
E.Mustafayev deyib ki, İdarə Heyətinin sədrinə tabe olduğuna görə, onun göstərişlərindən kənara çıxa bilməyib: “Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanları na məlumat verdim”.
Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
Reytinq: