27 Sentyabr tariximizə qızıl hərflərlə həkk olunubBu gün, 22:17
Çap et
Manaf Manafov,
27 Sentyabr - Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. 2021-ci il sentyabrın 27-də Bakıda keçirilmiş yürüş, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Vətən Müharibəsi Memorial Kompleksi ilə Zəfər Muzeyinin təməlinin qoyulması bu ehtiramın parlaq nümunələrindəndir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdırlar. Beləliklə, şəhidlərimizin canı bahasına əldə edilmiş Zəfər yeni həyatın, quruculuğun və Böyük Qayıdışın möhkəm təməlinə çevrilir. 27 Sentyabr - Anım Günü Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın, onların müqəddəs ruhu qarşısında sonsuz minnətdarlığın ifadəsidir. Eyni zamanda, 27 Sentyabr xalqımızın milli iradəsinin, sarsılmaz həmrəyliyinin və Vətən sevgisinin təcəssüm etdiyi Vətən müharibəsinin başlanğıc günü kimi tariximizə həkk olunub. Bu tarixə aparan yol isə uzun illər davam edən işğal, nəticəsiz danışıqlar, hərbi təxribatlar və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdu. Ermənistanın işğalçı siyasəti, ifrat millətçilik və ərazi iddiaları üzərində qurulan yanaşmaları, tarixi faktların təhrif edilməsi və müxtəlif dairələrin “dənizdən dənizə Ermənistan” kimi əsassız ideyaları regionda qarşıdurmanı dərinləşdirən əsas amillər sırasında idi. Xarici dəstək və silahlandırma nəticəsində Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ağır zərər vurulmuşdu. Azərbaycan bütün bu illər ərzində beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiqlənir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb olunurdu. Lakin həmin qətnamələrin icrası təmin edilmədi. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində “ikili standartlar” kimi qiymətləndirilən yanaşmalarla bağlı haqlı narazılıqları daha da artırdı. Sülhsevər və tolerant xalq olan Azərbaycan xalqı bütün bunlara baxmayaraq, uzun illər münaqişənin sülh yolu ilə həllinə ümidini qorudu. Lakin işğalın davam etdirilməsi, danışıqlar prosesinin nəticəsiz qalması və mütəmadi hərbi təxribatlar artıq qəbuledilməz həddə çatmışdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr, ardınca Ermənistanın yeni hərbi təxribatlara əl atması vəziyyəti daha da gərginləşdirdi. 27 sentyabr 2020-ci ildə genişmiqyaslı hərbi əməliyyatların başlanması isə Azərbaycan xalqının illərlə davam edən işğalla barışmadığını və öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının misilsiz həmrəyliyini, ordumuzun gücünü və əsgər-zabitlərimizin qəhrəmanlığını bütün dünyaya göstərdi. Həmin günlərdə ölkəmizin hər bir guşəsində insanlar vahid amal ətrafında birləşmişdi. Cəbhədə əsgər və zabitlərimiz döyüşür, arxa cəbhədə milyonlarla insan Ordumuza mənəvi dəstək verirdi. “Öldü var, döndü yoxdur!” şüarı həmin günlərdə xalqımızın vətənpərvərlik ruhunun ifadəsinə çevrilmişdi. Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu Qələbə hərbi və siyasi yolların vəhdəti nəticəsində təmin edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Bu şanlı Qələbənin əldə edilməsində ən böyük pay isə Vətən uğrunda canından keçən şəhidlərimizə məxsusdur. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Qazilərimiz də Vətən müharibəsinin canlı qəhrəmanları, xalqımızın qürur mənbəyidir. Şəhid və qazilərimizin fədakarlığı qarşısında hər birimizin mənəvi borcu sonsuzdur. Bu əlamətdar gündə Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirik. Qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin şərəfli döyüş yolu daim xalqımızın qürur mənbəyi olacaqdır.
Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
