Heqiqet.Az » tehsil » SDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildi


SDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildi

7-06-2019, 18:16
Çap et
SDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildi İyunun 4-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü ilə Sumqayıt şəhərində qeydiyyatda olan, əla və yaxşı qiymətlərlə oxuyan 30 nəfər tələbəyə “Bələdiyyə” təqaüdünü təqdim etdi.
Təqdimatda universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək bildirdi ki, cənab İlham Əliyevin apardığı siyasəti uğurla icra edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun bu istiqamətdə universitetimizin 30 nəfər tələbəsinə “Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı verdiyi qərarı yüksək qiymətləndirdi, universitetin professor-müəllim və tələbə heyəti adından İcra başçısı cənab Zakir Fərəcova təşəkkürünü bildirdi. Qeyd etdi ki, Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Rektor onu da qeyd etdi ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri Ulu öndərin adı ilə bağlıdır. Məhz onun diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərləri, diqqət və qayğısının nəticəsidir ki, şəhərimiz sürətlə inkişaf edir. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Cənab Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq, bir sıra islahatlar gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunmuşdur. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib. Bu gün Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhərinin elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə layiqli töhfələr bəxş edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinə ayrılmış kvotaya uyğun olaraq 560 tələbə təqaüd alır, təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur. Bütün bunlar gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır, tələbələrimiz arasında yaxşı mənada rəqabət hissi gücləndirilir.
Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov “Bələdiyyə” təqaüdünə layiq görülən tələbələri təbrik etdi. Bildirdi ki, təhsil hər bir ölkə üçün strateji sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Prezident cənab İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. Bundan bəhrələnən Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri öz uğurları ilə şəhərimizin və universitetimizin şərəfini ucaldırlar. Sultan Əsədov 70 illik yubileyini qeyd etməyə hazırlaşan şəhərimizdə cənab Zakir Fərəcovun yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı. Qeyd etdi ki, geniş profilli Sumqayıt Dövlət Universiteti şəhərimizin müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. SDU artıq ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib.
Sultan Əsədov onu da diqqətə çatdırdı ki, cənab Zakir Fərəcov Sumqayıt şəhərində Bələdiyyə sədri kimi fəaliyyət göstərdiyi müddətdə universitetin bir qrup tələbəsi üçün “Bələdiyyə” təqaüdünü təsis etmiş, bu gün də şəhər başçısının təşəbbüsü ilə təqaüd yenidən təsis olunmuşdu.
Sonra Sumqayıt şəhər Bələdiyyəsinin sədri “Bələdiyyə” təqaüdünə layiq görülən tələbələrə təqaüdü təqdim etdi.

SDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildiSDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildiSDU-nun tələbələrinə “Bələdiyyə” təqaüdü təqdim edildi
Reytinq: