» » Azərbaycan startapları xaricilərin diqqət mərkəzində - ŞƏRH


Azərbaycan startapları xaricilərin diqqət mərkəzində - ŞƏRH

28-11-2019, 09:07
Çap et
Azərbaycan startapları xaricilərin diqqət mərkəzində - ŞƏRH Noyabrın 21-26-da Bakıda və Gəncədə ilk dəfə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival keçirilib.
Tədbirdə 7 ölkədən 50-yə yaxın spiker çıxış edib.
Ümumilikdə, festival 2 minə yaxın iştirakçını əhatə edib.
"Xarici qonaqlarla ilkin danışıqlar başlayıb"
"Report"a açıqlama verən INNOLAND-ın direktoru Məmməd Kərimov bildirib ki, festivalı keçirməkdə məqsəd startap ekosistemində olan müxtəlif oyunçuları, investorları, startaplara dəstək olan digər qurumları, dövlət və beynəlxalq təşkilatları bir araya gətirmək, onlara təcrübələrini bölüşmək imkanı verməkdir: "Son nəticədə startap ekosisteminə müsbət təsir göstərmək və inkişafa təkan vermək istəyirik. Festival çərçivəsində təqdim olunan layihələrdən bir neçəsi xarici qonaqların da marağına səbəb olub. Onlarla ilkin danışıqlar başlayıb. Daha çox təhsil istiqamətində olan startaplar maraqlı olub. Bundan başqa, virtual reallıqla bağlı startapla maraqlandılar. Maliyyə texnologiyaları ilə bağlı bir neçə startap var idi ki, onlar daha yaxşı təqdimat edib marağa səbəb ola bildilər. Bu festival ilk dəfə idi ki, bu səpkidə, bu miqyasda keçirilib. Burada tematik idi və xarici lisenziyalı tədbirlər idi. Burada keçirilən tədbirdə xarici təşkilatlarda məlumat yayılırdı ki, biz bu gün Bakıda təbdir keçiririk. Yəni beynəlxalq miqyasda tanıtmaq üçün əhəmiyyəti böyük idi. Düşünürük ki, hər il edək".
"Azərbaycan və Gürcüstan startaplarının iş birliyi maraqlı gəldi"
Onun sözlərinə görə, festivalda Belçika, Niderland, Macarıstan, Türkiyə və Gürcüstandan qonaqlar olub: "Bəzi ölkələr üçün Azərbaycan və Gürcüstan startaplarının iş birliyi maraqlı gəldi. Bundan başqa, Macarıstanın Azərbaycan startaplarına qrant ayırması barədə müzakirələr oldu. Niderlanddan gələn qonaq isə proqram təminatı üzrə ixtisaslaşmış mühəndislərlə işbirliyinə dair müzakirələr aparır. Onu da qeyd edim ki, İNNOLAND son 1 ildə 50-dən çox startapa maliyyə dəstəyi verib".
"Festivalda iştirakçılara yeni biznes qurmaq üçün əhəmiyyətli olan mövzularda müasir trendlər izah edildi. Xüsusilə Azərbaycandakı biznes mühitində həm qanunvericilik, həm də idarəetmə baxımından baş verən dəyişikliklər vurğulandı. Təlimçilər öz təcrübələrini, həmçinin yerli və beynəlxalq arenada baş verən müasir tendensiyaları dinləyicilərlə paylaşdı. Startap anlayışı, dünyada startapların qarşılaşdıqları əsas problemlər və uğur qazanmaq üçün mərhələlər, investisiyaların növləri və investor cəlb etməyin yolları, startapdan biznesə gedən yolda açar məqamlar barədə ətraflı məlumatlar verildi. Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir", - deyə M.Kərimov əlavə edib.
Reytinq: