» » "Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olunub


"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olunub

12-06-2020, 12:24
Çap et
"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olunub Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) alınan qərara əsasən ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq.
BŞH-dən verilən məlumata görə, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.
Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər bizə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.
Bildirilir ki, bu qərarın alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.
Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq: "Digər tərəfdən, bildirmək istərdik ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür. Fürsətdən istifadə edərək bütün dəstəkçilərimizə, müştərilərimizə və tərəfdaşlarımıza göstərdiyi anlayış səbəbindən təşəkkürümüzü bildirir, hər birinizi gələn il Bakıda baş tutacaq gözlənilməz və həyəcanverici yarış məqamları ilə dolu növbəti möhtəşəm yarışa səbirsizliklə gözləyirik".
Reytinq: