» » Ağdamdan sonra, Laçından tez – 10 günlük Kəlbəcər möhlətinin ilginc səbəbləri


Ağdamdan sonra, Laçından tez – 10 günlük Kəlbəcər möhlətinin ilginc səbəbləri

16-11-2020, 09:29
Çap et
Ağdamdan sonra, Laçından tez – 10 günlük Kəlbəcər möhlətinin ilginc səbəbləri Sentyabrın 29-da – müharibənin 2-ci günündə bir yaxın adam zəng etmişdi, deyirdi narahatam, vəziyyət necə olacaq; ötənlərdəki kimi müəyyən müddət sonra bizi dayanmağa məcbur edəcəklər, yoxsa sonadək gedə biləcəyik?
Birmənalı şəkildə cavab verdim ki, Ali Baş Komandan İlham Əliyev bəyan edib, başqa variant gözləmə, sonadək gedəcəyik!
Adam sakitləşib, Komandana, Ordumuza dua edə-edə sağollaşdı...
Sonra humanitar atəşkəs haqda razılaşma olandan 5 dəqiqə keçməmiş, o adam yenə zəng elədi, titrək səslə dedi: "Narahatam yenə, dayandıqmı?” Cavabım: "Yox, bu, azadlıq müharibəsidir, biz Qarabağ azad ediləndə, Ali Baş Komandanın tələbləri qəbul olunanda dayana bilərik”...
İkinci humanitar atəşkəs razılaşması, üçüncü atəşkəs razılaşması..., hər dəfə bu adam zəng etdi. Bilirdim ürəyi vətənlə döyünən adamdır, ona görə səbrlə izah edirdim, gerçəkləri çatdırırdım...
Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan, habelə 300-dən çox kənd və qəsəbəmiz işğaldan azad edildikdə isə bu şəxs hər dəfə zəng edib, sadəcə "təbrik edirəm, ürəyim dağa dönür” deyirdi.
Noyabrın 10-da səhər açılan kimi yenə zəng etmişdi: "Gecə yarı zəng edəmmədim, bundan sonra necə olacaq, boşaldacaqlarmı 3 rayonu?”
Cavab: "Altında İlham Əliyevin, Putinin imzası olan bəyanat necə icra olunmaya bilər? Bundan Ermənistan qaça bilməz axı, bir düşün”...
Bu gün yenə zəng etmişdi, hövlank soruşur: "Hikmət müəllim televiziyada çıxış edirdi, dedi ki, Kəlbəcərin boşaldılması üçün verilən vaxt 25 noyabradək uzadıldı, mən qorxuram artıq, ermənilər min hoqqa çıxaracaq, belə bəhanələrlə boşaltmaya bilərlər 3 rayonu???”...
Bu, indi çoxlarının verdiyi sualdır.
Yox, əzizlər, qətiyyən mümkün deyil!
Sual olunacaq əlbəttə, bəs, niyə 10 gün möhlət verdik?
İzah edim. Təbii, adama deyərlər ki, bu izah nə qədər əsaslı olacaq?
Həssaslığın pik nöqtəsi olduğundan ilk dəfə olaraq yazıram bunu, müharibə ilə bağlı informasiya savaşının tam ortasındayam və kifayət qədər bilgilərim var gedişata dair. Dövlət Babamız nə iş, hansı proses aparır, bilinməsi mümkün olan, əslində, elə kifayət qədər bilirəm. Deyilməsi mümkün olanları da deyim, tam rahat olun.
Əminliklə söyləyə bilərəm ki, Ermənistanın burcutmağa heç bir yeri yoxdur və hərb meydanında olduğu kimi, diplomatik masada da bütün proseslər mütləq şəkildə Azərbaycan xeyrinədir.
Əlbəttə, hamımız istəyirik ki, Kəlbəcər, Ağdam və Laçın nəinki 15, 20 noyabr, 1 dekabradək, bir an öncə boşaldılsın. Bunu hamımızdan çox istəyən Ali Baş Komandandır. Kəlbəcərin boşaldılması üçün müəyyən edilən 15 noyabr tarixinin 25 noyabradək uzadılması üçün bizdən ermənilər yox, Rusiya xahiş edib. Ermənistan bizdən nəsə xahiş etməyə bir üz qoymayıb. Ona görə də Rusiyaya yalvarıb ki, 5 günə çıxarıb çatdıra bilmirəm qoşunlarımı, Kəlbəcərə qanunsuz yerləşdirdiyim adamları. Çünki əksər maşınlarını Azərbaycan Ordusu vurub, darmadağın edib.
Rusiya Prezidenti Vladimir Putin də 10 noyabr bəyanatının altında imzası olan şəxs kimi, Azərbaycandan ermənilərə 10 gün vaxt verilməsini xahiş edib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək, onun xahişini nəzərə alaraq, Kəlbəcərin boşaldılması üçün nəzərdə tutulan möhləti 10 gün uzatmağa razılığını bildirib.
Əlbəttə, indiki kövrək, həssas vaxtda Putinin xahişinə "yox" demək dilomatik baxımdan qətiyyən doğru olmazdı. Ermənilər belə məqamı göydə axtarır, ona belə bəhanə vermək olmazdı...
27 il dözmüşük, 10 gün də səbr etməyi bacararıq. Zatən Kəlbəcəri əhəmiyyətli hissədə boşaldıblar. Dəlmə-deşiklərdəki ermənilər də cır-cındırlarını yığıb, rədd olacaqlar, bunun oyan-buyanı yoxdur.
Bu qərarı qəbul edərkən Azərbaycan tərəfi ölkənin ərazicə ən böyük rayonu olan Kəlbəcərin coğrafi baxımdan iri bir ərazini əhatə etməsini, relyefin çox mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb.
Çünki rədd olmaq üçün indi həm texnika tapmırlar, həm də paralel olaraq Ağdamdan çıxardıqları hərbi qüvvələrini də eyni marşrutla – Kəlbəcərdən keçməklə Ermənistana daşımalıdırlar.
Nəzərə alınıb ki, Ermənistan işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların, maşınların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur.
Digər tərəfdən, ötən 27 ildə Kəlbəcərdə qanunsuz yerləşdirdikləri erməniləri indi daşıyıb İrəvanda yerləşdirməyə hazır məkan tapmırlar...
Kasıb, bədbəxt ölkənin elə boş binaları, otelləri yoxdur axı. Noyabrın 25-dək də Kəlbəcərdən danışan ermənilərə xarabalar müəyyən edəcəklər Ermənistan ərazisində...
O sual da verilir ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri bizim əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Biz niyə 15 gün (5+10) möhlət veririk?
Axı biz erməni deyilik... İkincisi, ən əsası, Azərbaycana qarşı qərəzli mövqedə dayanan, üzərimizə hücuma keçməyə bəhanə axtaran Fransa, Kanada kimi ermənipərəst dövlətlər haray salacaqdılar ki, guya Azərbaycan erməniləri Kəlbəcərdə məngənəyə salıb "öldürür”, imkan vermir özləri çıxsın getsin. Bu, bizə qətiyyən lazım deyil və tam güclü bir mövqelər qazandığımız vaxtda özümüzə problem yaratmamaq bir şərt kimi qavranılır. Azərbaycan bütün bunları nəzərə alaraq, həmçinin, humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb.
Eyni zamanda bu qərarın qəbulu bir daha sübut edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz, hazırda hər 3 rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını da təmin edir.
Amma paralel olaraq dünya nəyi müşahidə edir? Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam edir, ərazidə əsl ekoloji terror törədilir və bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Əlbəttə, onlar indi erməninin necə bir vandal toplum olduqlarını əyani izləyirlər...
Təhlükə var ki, qarşıdakı 10 gündə də bu vəhşi davranışlarını davam etdirə bilərlər. Bunun qarşısının alınması üçün də Azərbaycan bütün addımları atır!
Belə. Diplomatiya hərb meydanından fərqli olaraq, daha çox soyuqqanlı olmağı sevir. Diplomatik masada uğurlar səbrlə və maraqlar bütün detalları ilə incələnməklə, nəzərə alınmalarla qazanılır. Birmənalı şəkildə Azərbaycan milli maraqlar baxımından ən doğru olanları edir.
Bilmək lazımdır ki, bizim döyüş meydanında qazandığımız qələbəni siyasi-diplomatik müstəvidə möhkəmləndirmək indi başılıca vəzifədir! Bu isə maksimum təmkin tələb edir.
Nəzərə alın, bugünədək Prezident İlham Əliyev nə söz veribsə, onlar icra olunub.
Səbr etsəniz, 1 dekabrdan sonra diplomatik masada da hansı uğurları qazandıqlarımızı daha detallı, əhatəli şəkildə özünüz müşahidə edəcəksiniz, daha bizim yazılardan nəticələr çıxarmağa da ciddi ehtiyac olmayacaq. Özünüz əyani görəcəksiniz hər şeyi...
Zatən, ərazilərimizin boşaldılması prosesinin ümumi yekunu 1 dekabradək müəyyən edilib.
Hikmət Hacıyev bugünkü çıxışında bəyan edib ki, Kəlbəcər üçün 10 gün əlavə vaxt verilsə də, Ağdam, Laçın üçün müəyyən edilən vaxtlarda dəyişiklik yoxdur.
Bu nə deməkdir? O deməkdir ki, Kəlbəcər boşalanadək Ağdam 20 noyabrda boşalır, inşallah. Laçın boşalanda artıq Ağdamla Kəlbəcər də təhvil verilmiş olacaq.
Azacıq səbr edək... /Yeni Müsavat/
Reytinq: