Heqiqet.Az » sosial » Vətən sevdalısı


Vətən sevdalısı

25-12-2021, 15:09
Çap et
Vətən sevdalısıHəcər Emin qızı Hüseynova
ADPU-nun professoru,
filologiya üzrə elmlər doktoru

Uca göylər üçün, Tanrı dərgahında ŞƏHİDİN qanı ilə alimin mürəkkəbi eyni rəngdədir,-demişdir Rəsulullah (s.ə.v.). Kimdir ŞƏHİD? Mənsub olduğu, canından artıq sevdiyi xalqın, millətin, Vətənin- Can Azərbaycanın tarixini qanı ilə yazanlardır Şəhidlər! Son 44 günlük Vətən savaşında “Mənim canım fəda olsun, təki vətən yaşasın”, - deyən nər igidlərdir şəhidlər.
3000-ədək şir ürəkli, aslan biləkli igidlərdir şəhidlər! 30 illik məğlubiyyətdən sonra xalqın başını uca edən, tarix kitabımıza yeni zəfər səhifələri yazan, daha doğrusu, Müasir Azərbaycan tarixini qanları ilə yazanlardır şəhidlərimiz! Allahın digərlərindən üstün yaratdığı, yolunu azanları cəzalandırmaq üçün yaratdığı Türk adlı bir ordunun əsgərləridir şəhidlərimiz! Onlara əmanət edilmiş Vətəni müdafiə etməyi şərəf işi kimi qəbul edən, Vətən torpaqları uğrunda döyüşü cihad hesab edən şir ürəkli, qurd biləkli cəngavərlərdir şəhidlərimiz!
Düşmənə nə onların havadarlarının “müasir texnikası”, nə onların qəbul elədiyi qanun və sərəncamlar... kömək etmədi. Nə üçün? Çünki düşmən əsgərlərinin ürəyində bizim əsgərlərimizin ürəyində olan yurd sevgisi, vətən eşqi yox idi.
Çünki onlar yad torpaqları ələ keçirmişdilər! Bizim torpaqlarımızı!
Mən inanıram ki, Azərbaycanı və bütün türk ellərini, ilk növbədə, Tanrı qoruyur. Daha sonra ŞƏHİD qəhrəmanlarımızın vətən sevgisi güclü bir enerji təbəqəsinə çevrilib vətənin ətrafında düşmənə qarşı sədd yaratmış, onu qorumaqdadır.
Qarabağın hər qarış torpağında şəhid qanı var. şəhid qanı axan torpaq artıq qara torpaq deyil, Vətən adlanır. Bu müqəddəs məkanı murdar düşmənə qətiyyən vermək olmaz.
Şəhid məzarlığı! Nədir bu şəkillərdəki baxışlar! Sanki bu igidlər indi də baxışları ilə seyr edənlərə deyir: biz yenə vuruşa bilərik. Bizə silah verin! Dədə-baba torpaqlarımıza sahib çıxmağa can atan gəmiriciləri məhv edək, təki Vətən yaşasın!

Əziziyəm, bu nə yoldu!?
Nələr gördük, nələr oldu!
İki min doqquz yüz səkkiz
İgidimin qəlbi durdu!
***
Əzizim, qəlbim yarası
Görən, ağrıdı harası?
Sinədə güllə yarası
Yol saçın, şəhid anası.

Vətən sevgisi bizim qəlbimizdə ən müqəddəs hissdir. Hər bir Azərbaycan əsgərinin ürəyi, canı, qanı VƏTƏNDİR.

İnsanı yaşadan ən ülvi duyğu.
Dilinin ən şirin sözü Vətəndir!
Torpağın bağrına fidan tikilmiş,
Şəhid məzarının özü Vətəndir!
***
Buluddan göz yaşı töküldüyü gün
Düşmənin bayrağı söküldüyü gün,
Üçrəngli bayrağa büküldüyü gün.
Dediyi sonuncu sözü Vətəndir.
***
Tarixini qanla yazan Şəhidin,
Düşmən taleyini çizən Şəhidin
Ölümün özünə gülən Şəhidin
Açıq, qapanmayan gözü Vətəndir!
***
Oğullar Vətənə qurban gedəcək.
Məzarı üstündə güllər bitəcək!
Neçə nəsil gəlib, nəsil gedəcək!
Gələn hər baharı, yazı Vətəndir!
Hər şəhid məzarı özü Vətəndir!

Siz heç şəhid məzarlığını gəzmisinizmi?!
Məzarlar arasında dolaşmısınızmı? Bu məzarlardan gələn səsləri dinləmisinizmi?! Nə deyir bu məzarların sahibləri?! Onlar Allaha yalvarır:
-Uca Tanrı! Bizə yenidən həyat ver! Vətən uğrunda yenidən vuruşaq! Bizə həyat ver, bir də çarpışaq! Yenə Şəhid olaq! Dönə- dönə həyat ver bizə, ya Rəbbim! Dönə-dönə Vətən üçün ölməyi nəsib et bizə, Allahım! Təki Vətən yaşasın! Yaratdığın Türk yurdu yaşasın! Vətənimiz-Can Azərbaycan yaşasın! Azərbaycan-türk əsgəri haqqın yolundadır! Ədalətin yolundadır! Sənin yolundadır, ya Rəbbim! Biz bir ölüb min doğulacağıq. Birimizi minlər əvəz edəcək. Daha cəsur, daha igid oğulların doğulacaq, ey Vətən! Qorx, ey düşmən! Biz varıq, biz yaşayırıq! Biz əbədi yaşayacağıq. Şəhidlər ölməz! Vətən bölünməz!
Minlərlə şəhidimiz varsa, Ana Vətən yaşayır və yaşayacaq!-demək. Şəhidlər Vətən səmasının ulduzlarıdır. O şəhidlərdən biri-Kapitan Həmid Cəfərli Vətən göylərində parlaq bir ulduzdur!
Həyatı az-çox anladığı gündən, əsgər olmaq, nənə-babalarının qovulduğu torpaqları geri qaytarmaq arzusu ilə yaşayırdı Şəhid kəşfiyyatçı-kapitan Həmid Cəfərli. Elə bu məqsədlə 7-ci sinifdə ikən israrla valideynlərindən xahiş edib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu və on üç yaşından hərbi formanı əyninə geydi. Ciddi rejimli liseydə, daha sonra isə Bakı Ali Hərbi Komandanlıq məktəbində təhsilini davam etdirdi. Bir çoxları ciddi rejimə dözə bilməyib hərbi təhsili yarımçıq qoysa da, Həmid bu yolda addım-addım irəlilədi. Zabit kimi fəaliyyətə başladı. Onun sarsılmaz iradəsini görən rəhbərlik ən çətin tapşırıqları ona tapşırdı. Kəşfiyyatçı kimi fəaliyyət göstərdi. İngilis, rus, türk, hətta erməni dillərini yaxşı bildiyi üçün dəfələrlə düşmən arxasındakı ərazilərə əməliyyat üçün göndərildi. Hər dəfə tapşırıqları uğurla başa çatdırdı.
Müharibə başlayanda bəziləri narahatlıq keçirsə də, Həmid dərindən nəfəs aldı: “Nəhayət, qisas günü gəldi”,- deyərək sevincini gizlətmədi. Həmid 27 sentyabr tarixində-vətən müharibəsi başlayanda dostuna belə bir ismarıc yazmışdı:
“Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”.
Döyüşlər zamanı hərb sahəsində öyrəndikləri və ürəyindəki hisslər ona güc-qüvvət verdi. Tabeçiliyində olanların da taleyi üçün məsuliyyət daşıyırdı Həmid. Hər tapşırıqda sıranın önündə birinci özü gedir, əsgərlərinə nümunə olurdu. Müharibədən, əks-hücum əməliyyatlarından sonra Həmidin bölüyündən sağ qalan əsgərlər, qazilər öz sevimli komandirləri haqqında ağız dolusu danışırlar. Hətta ona ən düzgün adı da elə öz əsgərləri vermişlər: “Ölümündən sonra da əsgərlərini xilas edən Komandir”. Bu adın da ürəkləri sızladan bir tarixçəsi var: Hər kəs kimi Həmidin də mobil telefonu vardı. Özəl məlumatları orada qoruduğuna görə gizli şifrəsi özünün barmaq izi idi. Bunu ən yaxın dostları bilirdilər. 5 oktyabr tarixində şiddətli döyüş zamanı düşmən minomyotundan atılan mərmi belə bir dəyərli qəhrəmanın sinəsində dayandı. Həmid Şəhid oldu!!! Artıq komandirlərini itirmiş əsgərlər nə edəcəklərini düşünürdülər. Bu zaman ilk məsələ komandanlığa məlumat vermək, ölən və yaralananları ərazidən çıxarmaq idi. Lakin... Altı günlük mühasirədən sonra heç kimin telefonunda enerji qalmamışdı. Bəziləri telefonunu harada düşürdüyünü də bilmirdi. Ağır yaralanan döyüş yoldaşı Murad deyir ki, kapitan Həmidin telefonu var. Onu açmaq üçün şifrə barmaq izidir. Həmidin bədəni hələ öz hərarətini saxlayarkən telefonu onun barmağına toxundurmaqla şifrəni açdılar. Arxaya öz yerləri, şəhid və yaralılar haqqında məlumat verdilər. Bölükdən sağ qalanlar, yaralılar yenə Həmidin sayəsində xilas oldular. Həmid ilk dəfə tarixə “Ölümündən sonra da yoldaşlarını xilas edən komandir” kimi düşdü.
Kapitan Həmid Cəfərlinin qeyri-adi qəhrəmanlığı haqqında qohumların, dostların, müəllimlərinin, tabeçiliyində olan əsgərlərin, döyüş yoldaşlarının, ümumiyyətlə, onu tanıyanların xatirələrindən çox şeyləri öyrənəcəksiniz.
Həmid ŞƏHİDLİK zirvəsinə ucalana qədər yalnız Cəfərlilər nəslinin nümayəndəsi, əzizi idi. Lakin artıq istər Həmid, istərsə 3000-dən çox şəhidin hər biri Bütün Dünya azərbaycanlılarının əzizi, iftixarıdır. Şəhidlər 30 illik məyusluğumuza son qoydular. Başımızı uca etdilər. Ataların bükülmüş qamətini ucaltdılar. Milli qürurumuzu özümüzə qaytardılar. Böyük bir xalq olaraq hər birimiz ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında, xatirəsi və məzarları önündə baş əyirik. Ordumuzun, qəhrəman əsgərlərimizin fədakarlıqları, qəhrəmanlıqları üçün ölçü, meyar yoxdur. Onlar millətin sevgisini qazandılar. Millət sevgisi qədər böyük mükafat ola bilməz.
Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin!
Reytinq: