Heqiqet.Az » siyaset » Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik


Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik

27-05-2022, 12:52
Çap et
Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı bütün bu reallıqları, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir. Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideridir.
Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Ümumiyyətlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.
1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 19 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuş, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yaxşılaşmış, beynəlxalq reytinqi artmışdır. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir.
Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri bu siyasi birliyin bariz nümunəsi - əyani ifadəsdir. Paralel olaraq siyasi-ideoloji və mənəvi müstəvidə həyata keçirilən işlər xalqımızın həmrəyliyinin daha da güclənməsini, o cümlədən vətənə sədaqət ruhunda gənc nəslin yetişməsini təmin etmişdir.
Milli dəyərlər əsasında tərbiyə olunan Azərbaycan gəncliyi həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirir, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlir. Digər tərəfdən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın dünya miqyasında reputasiyası güclənmişdir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmışdır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Bununla yanaşı, bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir.
Bu gün hər bir vətəndaşımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.
Bayramınız mübarək, əziz xalqımız!
Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edirik


Elvina Xasməmmədova,
"Azərbaycan xanımı"
jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı
Reytinq: