» » Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi


Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi

30-06-2022, 11:31
Çap et
Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi Rəşad Sadıqov
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarınasəfəri Qarabağda və Şərqi Zəngəzurda sərhədlərimizin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda ordu quruculuğu uğurla davam etdirilib. Bununla bağlı komando qüvvələrinin hərbi hissələrinin yaradılması diqqət mərkəzində saxlanılıb. Altı ay bundan əvvəl, dekabrın 24-də ilk belə bir hərbi hissə azad edilmiş Hadrutda istifadəyə verilib. Prezident İlham Əliyevin iyunun 26-da Kəlbəcərə səfəri zamanı isə bu rayonda da komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirilib.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə açılan hərbi hissələr Azərbaycan–Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək təhdidlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmaq məqsədi daşıyır.
Kəlbəcərdən Ermənistana Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevtərəfindən xəbərdarlıq da edildi. Əsas mesaj isə bu idi ki, İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyət Ermənistan üçün dərs olmalıdır. Revanşistlər anlamalıdır ki, təxribatlar nəticə verməyəcək. “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz”.
Həm Xüsusi Təyinatlı Qüvvələrin tərkibinin genişləndirilməsi, həm də yeni yaradılan komando hərbi hissələrinin sayının artırılması paralel olaraq həmin bölmələrin zəruri silah və texnikalarla təchizatını da nəzərdə tutur. Bunun üçün Azərbaycanın imzaladığı bir çox müqavilələr artıq həyata keçirilir. Hazırda yeni silahlar və ən müasir texnikalar Azərbaycana gətirilir. Bu isə ümumilikdə Azərbaycanın Ermənistan qarşısında daha üstün hərbi potensiala malik olmasını təmin edəcək.
Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi.Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək bunu etdilər. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir.




Reytinq: