» » AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib


AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

22-11-2022, 09:34
Çap et
AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.
Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev səsvermə yolu ilə yenidən BHİK-nın vitse-prezidenti seçilib.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının başçısı Luka Visentini BHİK-nın Baş katibi, Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri xanım Tomoko Yoşino isə prezidenti seçilib.
Yeni seçilən Baş katiblə görüşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.
L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcək.
L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.
AHİK sədri Səttar Möhbalıyev həmçinin BHİK-nın yeni seçilən prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb, ona yeni vəzifəsində uğrlar arzulayıb. Görüşdə eləcə də Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaq.
Məlumat üçün bildirək ki, Avstraliyanın Baş naziri Entoni Albaneze qurultayda çıxış edib, milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb.
Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda videomiraciətlə cıxış edib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Reytinq: