Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir25-08-2024, 21:15
Çap et Mehriban xanım Əliyeva 2016-cı ildə Milli Məclisdə təşəbbüskarı olduğu 28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı çıxışında bildirmişdir: "Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim, hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir". Heydər Əliyev Fondunun prezidenti onu da əlavə etmişdir ki, eyni zamanda həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmağında yardım etməlidir. Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Yeddi il öncə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin ediləndə də Heydər Əliyev Fondunun xidmətləri nəzərə alınmışdır. Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərkən bildirmişdir ki, 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilib. Onların arasında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir. Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin. Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan, belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olub. Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başladı. Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında da Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.Prezident İlham Əliyev çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Fond sübut etdi ki, əgər istək, iradə və xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, buna "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda tarixi və dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam, Zəngilan şəhər məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadalanan dini abidələrimizin sayı 8-ə bərabərdir. Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfələrinin tərkib hissəsi olan Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışını da qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlandı. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldıldı. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olmuşdu. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan bu malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirib. Bu sıralamanı daha da artıra bilərik. Fondun reallaşdırdığı layihələr qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. BMT, İslam Əməkdaşlığı Təşkilatı, ICESCO və onlarca mötəbər qurumun dünyanın dörd bir tərəfində çalışan, peşəkarcasına müqayisə aparmaq imkanına malik yüksəkvəzifəli şəxslərinin Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək gördüklərini sözlə ifadə etməkdə çətinlik çəkdikləri diqqətdən kənarda qalmır. Fondun həyata keçirdiyi layihələr çərçivəsində artıq onlarca uşaq bağçası da istifadəyə verilib. Bu uşaq müəssisələri müasir avadanlıqla təchiz edilib. Uşaqlara qayğı fondun prioritet istiqamətlərindən biridir. Bu baxımdan, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramını xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun xətti ilə ölkə daxilində və respublikamızdan kənarda həyata keçirilən tədbirlər Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi sərvətlərimizin təbliği istiqamətində görülən əhəmiyyətli layihələr olmaqla xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından da fərqlənir. Heydər Əliyev Fondunun xətti ilə Strasburqda Kafedral kilsələrində, Versal, Berlin şəhər saraylarının bərpası ilə əlaqədar görülən işlər xalqımızın müxtəlif din və millətlərə məxsus millətlərin birgəyaşayış prinsipinə verdiyi dəyərdir. "Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə dünyaya açığıq. Bizim üçü dözümlülük, tolerantlıq, multikulturalizm təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir" söyləyən Mehriban xanım Əliyeva dünyada dini zəmində baş verən antisemitizm hallarına qarşı çağırışları ilə də diqqəti cəlb edir. Azərbaycanı müsəlman aləminin ayrılmaz parçası adlandıran Mehriban xanım "Eyni zamanda bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir" sözləri ilə ölkəmizin sivilizasiyalararası multikultural mərkəz olduğunu bildirir. Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bir məqsədə, amala xidmət edir: Qarşılıqlı hörmət, dözümlülük, ksenofobiya, radikalizm və terrora qarşı birgə mübarizə ilə narahat dünyamızda əmin-amanlığı qorumaq. Yaranmasının 20 illiyini saysız-hesabsız uğurları ilə qeyd edən Heydər Əliyev Fondunun ötən dövr ərzində gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. 20 illik yol sabaha daha yeni-yeni hədəflərlə qədəm qoymağa stimul verir. Fondun qazandığı ən böyük nailiyyət xalqın sevgisidir. Ad gününüz mübarək, əziz və dəyərli Mehriban xanım Əliyeva! Vüsal Hüseynov, Yasamal rayon MKTB-nin rəisi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
