Heqiqet.Az » sehiyye » Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır


Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır

25-08-2024, 21:21
Çap et
Heydər Əliyef Fondunun bütün digər fəaliyyətləri ilə yanaşı, bu Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, özəlliklə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası bir milli, tarixi xidmətdir və böyük alqışa, tərifə layiqdir! Leyla Əliyevanın bu və bənzər fəaliyyəti bir atalar sözümüzü yada salır: OT KÖKÜ ÜSTƏ BİTƏR!.. Xatırladaq ki, Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri olan kampaniyanın artıq real nəticələri mövcuddur.
Gəlin, bir daha Fondun beynəlxalq miqyaslı fəaliyyətinə qayıdaq və Birinci Xanımın öz sözlərinə müraciət edək. - Bəllidir ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi töhfələr verməkdədir. Mehriban xanım bu yardımların önəmini belə izah edir: "...Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını bərpa edibFond bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Hazırda biz Vatikanda mədəni abidələrin bərpası üçün danışıqlar aparırıq. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir". - Bu sözlərə nəsə əlavə etmək istəməzdim...
Mehriban xanım deyir: "Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik kimi qəbul edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işdir".
Bəli, o, əsl xeyriyyəçidir! Öz qəlbinin və vicdanının səsi ilə qüvvəsini, vaxtını və enerjisini xeyirxah əməllərə, toplum və dünya üçün vacib məsələlərə təmənnasız sərf edir! O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək, uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında mənzilə ehtiyacı olanların təminatına yardım edilir. Qarabağ müharibələrində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər... - onların problemləri daim onun diqqəti mərkəzindədir.
O, tibb məntəqələri yaxşı olmayan bölgələrdə tibb məntəqələri tikdirərək insanların sağlamlığına xidmət edirdi. Ona görə yox ki, o, həm də gözəl həkimdir, ona görə ki, millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu gözəl bilir və bunun üçün əlindən gələni edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şərait yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyillərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir. O, daim çətin duruma düşən insanların yanındadır. Kasıb dializli xəstələrin bahalı dializ prosedurlar keçməsində problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqlar alaraq onların istifadəsinə verir. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, ən yüksək səviyyəli xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir. O bu uşaqların saçlarını sığallarayaq kövrəlir, onların əldə etdikləri şəraitdən necə sevindiyini görüb sevinir. Azərbaycanda ata və ana himayəsindən məhrum olan uşaqlar ona Mənəvi Ana kimi baxırlar.
Bu da səbəbsiz deyil. Çünki o, uşaq evləri, internat məktəblərini himayəsinə alaraq, onların normal böyüməsi üçün əlindən gələni edir. O, işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və bu evlərdə, məktəblərdə böyüyərək ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, iştirak edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir. Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi hər şeylə təmin olunublar. O, hər məsələ ilə şəxsən maraqlanır. Bir ana, bir valideyn kimi... tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır. Ən önəmli bayramlarda onlar üçün məclislər təşkil edir və onlarla birlikdə əlamətdar günləri qeyd edir, sevinir, əylənir. O gözlərdəki işıq onun üçün ən gözəl hədiyyədir. O bu uşaqların ata-analı uşaqlar kimi böyüməsi üçün yorulmadan çalışır... amma o, heç nəyin ata-ana məhəbbətini əvəz etmədiyini bəyan edərək, insanları daha məsuliyyətli və daha həssas olmağa çağırır. Uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisi olur. Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin toplumda möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi yaradılıb ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynamaqdadır. Hər zaman qayğı ilə yanaşdığı Daun sindromlu uşaqlar üçün tikilən yüksək səviyyəli mərkəzdə də onun böyük rolu var.
Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyev Fondu tərəfindən gərəkən dərmanlarla təmin olunurlar. Bu uşaqların çöhrəsində, gözlərində yaranan hər bir gülüş onun üçün bir dünyadır. O deyir: "Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcək".
Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. "İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər", - deyən Mehriban Əliyeva toplumda bu düşüncənin əməllərlə daha da möhkəmlənməsi üçün geniş fəaliyyəti göstərir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sahəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri yüksək səviyyədə bərpa olunub. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal göstərmək olar.
O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı yetişməsi və buna sahiblənməsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığını daim vurğulayaraq, bu istiqamətdə çoxsaylı layihələrə dəstək verir. O, hesab edir ki, hər bir vətəndaş dövlətinin və toplumun inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalı, bunu özü üçün bir vətəşdaşlıq borcu kimi qəbul etməlidir. "Həmişə özünə və prinsiplərinə sadiq olmaq!"- Mehriban xanım bu həyat devizi ilə yaşayır və uğurları bir-birini əvəz edir! O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir.
...Qadınlar onu gözəllik etalonu hesab edirlər. O, isə hesab edir ki, əsl gözəllik insanın xarici və daxili gözəlliyinin vəhdətindən yaranır. Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, özü haqqında danışmağı qəti sevmir Mehriban xanım. O, öz işi ilə insanların sevgisini qazanır!
Qardaş ölkə olan, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olmaq kimi tariximizdə və qəlbimizdə fəxri yerə sahib Pakistanda zəlzələ nəticəsində Müzəffərabad şəhərində məktəb tamamilə dağılmışdı. Uşaqlar çadırlarda ağır şəraitdə oxuyurdular. Məhz Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Pakistan qızlarının yüksək səviyyədə təhsil alması üçün dünya standartlarında, ən çağdaş texnologiyalarla təmin olunmuş böyük məktəb tikərək istifadəyə verdi. Bu nə qədər gənc müsəlman qızın yaxşı təhsil alması deməkdir! Bu nə qədər gənc müsəlman qızın gələcəyi deməkdir! Amma Pakistanda onun dəstəyi ilə həyata keçirilən işlər bununla bitmədi. Çoxlu sayda humanitar layihələr, dəstəklər bu gün də davam edir.
Azərbaycandan kənarda yaşayan soydaşlarımız da daim onun diqqət mərkəzindədir. Gürcüstanda, öz tarixi ata-baba torpaqlarında yaşayan 500 min Azərbaycan türkünün təhsili, öz mədəniyyətini qoruyub saxlaması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Neçə illər Gürcüstan azərbaycanlılarının birinci sinifə gedən uşaqları məktəb ləvazimatları ilə təmin olunublar. Azərbaycan türklərinin gürcü dilini, kompüter texnologiyalarını yaxşı bilməsi üçün çoxlu kurslar açılıb, Fondun dəstəyi ilə Azərbaycan türklərinin bir sıra musiqi, rəqs qrupları qurulub ki, indi onlar millətimizi təkcə Gürcüstan səviyyəsində deyil, beynəlxalq səviyyəli müsabiqələrdə də təmsil edirlər. Soydaşlarımızın yaşadığı bəzi kəndlərdə məktəblərin, məscidlərin bərpa olunmasına, su xətlərinin çəkilməsinə kömək göstərilir.
O, təkcə birinci xanım deyil, həm də Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı... O, Azərbaycanın köklü bir ailəsinin qızı, köklü bir ailənin isə gəlini olaraq Vətənə, Millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həyata addımlarını atdı. Babası ünlü Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə edib. Ana babası isə ünlü jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. Mehriban xanım Əliyeva Azərbaycan Aviasiyasının inkişafında böyük xidmətləri olan, ünlü alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin və təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və dünyada sayğı ilə xatırlanan məşhur ərəbşünas alim Aida İmanquliyevanan tərbiyəsi ilə böyüyüb.
İkinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ailəsində keçib. O, hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırdı. Mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə oldu. Ən əsası is, o, Millətinə və Vətəninə mükəmməl bir övlad oldu! Mehriban Əliyeva qadının ailəni karyeraya, karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl örnəyidir!
O, gənc qızlar və qadınların kumirinə çevrilib. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur! Bu gün dünya ondan danışır. Azərbaycanın "FİRST LADY"sindən! O, sözün həqiqi anlamında bu gün bütün Türk və Müsəlman dünyasının lider qadınıdır. Mehriban Əliyeva dəfələrlə müxtəlif təşkilatlar tərəfindən "İlin qadını" adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib! Lakin onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada qiymətləndirilir. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları", Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb. Bundan başqa, Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban Əliyevanı bu beynəlxalq təşkilatın mükafatı ilə təltif edib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının isə QIZIL MEDAlına layiq görülüb. Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: "Xoş söz, xoş niyyət, xeyirxah əməl".
Sözsüz ki, doğum günündə onun haqqında çox yazılar yazılacaq, xoş sözlər deyiləcək, təbriklər ünvanlanacaq. O, xoş sözlərin hamısına layiqdir!.. Minlərlə insana öz xeyirxahlıq əlini uzadıb, yüzlərlə insanı həyata qaytarıb, yüzlərlə insana ən çətin anlarında dəstək olub, neçə-neçə qadının dövlətin və toplumun həyatında fəal rol oynamasının böyük dəstəkçisi olub və olmaqda davam edir.
Ad gününüz mübarək, əziz və dəyərli Mehriban xanım Əliyeva! Sizə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram!

Musa Abbasov,
Mərkəzi Neftçilər Xəstəxanasının Baş direktoru
Reytinq: