Aslan Kərimov: “Neftçi”nin son turdakı məğlubiyyəti gözlənilməz olmadı4-11-2024, 13:39
Çap et “Misli Premyer Liqasının son turunda gözlənilməz nəticələr qeydə alındı”.
Bu sözləri veteran futbolçu Aslan Kərimov Misli Premyer Liqasının XII turunun oyunlarını şərh edərkən deyib. O, “Qarabağ”ın “Turan Tovuz”la matçdakı xal itkisini süni meydança və azarkeş dəstəyi ilə əlaqələndirib: “Bu amillər ev sahibi komandanın xeyrinə işlədi. Amma ümumi götürsək, hər kəs bu oyunda Ağdam təmsilçisinin qələbə qazanacağını düşünürdü. “Turan Tovuz”un medalçılar sırasında yer alması qış fasiləsində reallaşacaq transferlərdən asılı olacaq. Düşünürəm ki, komandaya hücumçu və iki mərkəz müdafiəçisi lazımdır. Bunlar həyata keçsə, bölgə təmsilçisini növbəti il avrokuboklarda görə bilərik”. Mütəxəssis “Neftçi”nin “Araz-Naxçıvan”la görüşdəki məğlubiyyətinin (0:1) gözlənilməz olmadığını söyləyib: “Oyunun heç-heçə ilə bitəcəyini də gözləmək olardı. Ancaq işlər başqa cür cərəyan etdi. Fikrimcə, “ağ-qaralar”ın XI turda “Səbail” üzərində qələbəsi aldadıcı olmamalıdır. Çünki Samir Abasov yeni komanda formalaşdırır. Hazırda onun motivasiyadan başqa heç bir imkanı yoxdur. “Araz-Naxçıvan” son görüşlərdə yaxşı təsir bağışlayır. Mövsümü hansı pillədə bitirəcəyi dəqiq bilinmir. Çünki klubun büdcəsindən də çox şey asılıdır. Qışda alınacaq mümkün futbolçular indikilərdən güclü olmalıdır. Əks halda həmin transferlərin heç bir önəmi olmayacaq”. Azərbaycan millisinin sabiq üzvü “Sabah”ın “Sumqayıt”la görüşdə (0:1) hücumda xüsusi nəsə yarada bilmədiyini deyib: “Komandanın “9” nömrə və pleymeyker mövqeyində problemləri var. Təəssüf ki, əvvəlki turlarda da bu hiss olunurdu. Bu da komandanın meydanı xalsız tərk etməsinə səbəb oldu. “Sumqayıt”a gəlincə, avrokubok şansı azdır. Qışda ediləcək dəyişikliklər komandanı birdən-birə yuxarı sıralara qaldırmayacaq. Çünki yeni oyunçuların uyğunlaşması üçün vaxt lazımdır. Vaqif Cavadovun qısa zamanda “kimyaçılar”ı yaxşı duruma gətirməsi çətin görünür. Əgər belə davam etsələr, növbəti il uğurlu nəticələr qazana bilərlər”. 51 yaşlı çalışdırıcı turnir cədvəlinin son pillələrində qərarlaşan “Kəpəz” və “Səbail” komandalarının Premyer Liqada qalmaq şanslarını da dəyərləndirib: “Səbail” barədə yeni baş məşqçinin təyinatından sonra danışmaq olar. “Kəpəz”in isə aşağı büdcə ilə güclü klublara qarşı oynaması çətindir. Komanda bəzi matçlarda bəxt hesabına qalib gələ bilər, lakin nəticə əldə etmək üçün heyəti daha da gücləndirməlisən”. Qeyd edək ki, Misli Premyer Liqasında turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 25 xalla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə 24 xalla “Araz-Naxçıvan” tamamlayır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|