Heqiqet.Az » tehsil » Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi


Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi

5-04-2025, 21:07
Çap et
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu düşmən tərəfindən intensiv atəşə tutulmuşdu. Nəticədə aprelin 2-dən 5-dək ermənilər təmas xəttində silahlı təxribatlar həyata keçirmişdilər. Döyüşlər zamanı Azərbaycan Ordusu ermənilərin mövqelərinə güclü cavab zərbələri endirmişdi. Əks-hücum nəticəsində 2000 hektardan çox ərazi azad edilmiş və geniş sahə əməliyyat nəzarətinə götürülmüşdü. Goranboy rayonu və Naftalan şəhəri üçün təhlükə yarada biləcək Talış kəndi yaxınlığındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi düşmən qüvvələrindən təmizlənmişdi. Horadiz şəhərinin düşməndən qorunması üçün Füzuli rayonu istiqamətində strateji əhəmiyyət kəsb edən Lələtəpə yük-səkliyi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdi. Bu döyüşlər nəticəsində 320 erməni məhv edilmiş, 500-dən çoxu yaralanmışdı.
Düşmənin hərbi təxribatının qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusunun bölmələrinin qəhrəman əsgər, gizir və zabitləri təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurdular. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər və məntəqələr düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli, Cəbrayıl rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımız, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi və ora üçrəngli bayrağımız sancıldı. Ümumilikdə, dördgünlük müharibədə 2 min hektardan artıq ərazi tam işğaldan azad edildi. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, 500-dən çoxu isə yaralandı. Bəli, hərb tarixinə Aprel döyüşləri kimi düşən bu savaş, şanlı Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə xüsusi olaraq vurğulamışdır: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".
2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmağa başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki "Dəmir yumruq" isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi.
Dördgünlük Aprel döyüşləri təkcə savaş meydanında deyil, bütövlükdə, Azərbaycan üçün uğurlu oldu. Düşmənin məğlubiyyəti onun əhalisini ayıltdı, siyasətçiləri və ekspertləri əmin etdi ki, Ermənistan silahlı qüvvələri yalnız kağız üzərində güclü və yenilməzdir. Ermənilər Aprel döyüşlərinin, eləcə də 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətin acılarını heç zaman unutmayacaqlar. Hər iki əlamətdar hadisə onlara bir dərs oldu ki, başqasına məxsus olanları ələ keçirib rahat yaşamaq mümkün deyil.
Aprel döyüşlərinin nəticələri Ermənistan ictimaiyyətində böyük narahatlıqların baş qaldırmasına səbəb oldu. Həmin döyüşlər Ermənistan ordusunun məğlubedilməzliyi mifini alt-üst etdi. Ermənilər anladılar ki, Azərbaycan Ordusu qarşısında tab gətirməyəcəklər. Eyni zamanda, Aprel döyüşləri həm də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə, həmsədrlərin açıq desək, dişsiz mövqeyini ifşa edən güclü siqnal oldu. Qeyd edək ki, Ermənistan parlamenti hələ 2019-cu ildə Aprel döyüşlərində məğlubiyyətin səbəblərini araşdıran müvəqqəti komissiya yaratmışdı. Bu iş üzrə sabiq prezident Serj Sarkisyanın dəfələrlə ifadə verdiyi açıqlanır. Yekəxana və özündən razı danışan quldurbaşı S.Sarkisyan Aprel döyüşlərişdən sonra müsahibəsində işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılmasını müzakirə etdiyini bildirmişdi. Onu belə müzakirələrə başlamağa, əlbəttə ki, 2016-cı il Aprel döyüşlərinin nəticələri vadar etmişdi.
Bəli, Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğulları müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdi. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi.

Əliyeva Könül Rasim qızı,
ADPU-nun Kimya və biologiya fakültəsi, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrası, müəllim.


4 aprel 2025-ci il
Reytinq: