Mehriban xanımın gördüyü işlərin əvəzi yoxdur26-08-2025, 19:04
Çap et Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini verir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu sahədə reallaşdırılan layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya, Herseqoviniyada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir."Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi. İnsanın həyatında xoşbəxt anlar çox olur. Amma ağır bir mərəzdən qurtulduğunu, ölümün həyatının astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki ilahi sevincin sözlə ifadəsi yoxdur. Bəs, bu anı yaşatmış insanın xoşbəxtliyi necə. Bənzərsiz bir şeydir!.. Bax, Mehriban xanımın təhsil sahəsində gördüyü işlərin sonu həmişə belə nəticələnir, xeyirxah əməli həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.Digər sahələr də qayğıdan kənarda qalmır. Belə ki, son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı. Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin bir çox nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir. Heydər Əliyev Fondu milli düşüncə sistemimizdə xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına çalışır, həyata keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə yüksək mənəvi dəyərlər təlqin edir. Həm də bu dəyərlər ənənəvi təbliğat qəliblərində təqdim olunmur, görülən işlərin hər bir cəmiyyət üzvünün öz evində, ailəsində, gündəlik həyatında duyub hiss edə biləcəyi müsbət nəticələrlə əxz etdirilir: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum dərinləşir. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir", - deyən Mehriban xanım Əliyeva xoş əməlləri ilə insanları səmimi birlik və həmrəyliyə dəvət edir. Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın olur ki, əslində, bu məqsədlərin heç biri əlahiddə xarakter daşımır və hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Onların hər biri arzu kimi daim daxili dünyamızda yaşayıb, sadəcə bir insan bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, həyata keçməsinə nail olmaq gücündə deyil. Lakin fərdi güclər birləşəndə və ümumi gücü qarşıya qoyulmuş hədəflərə doğru yönəldəndə bu məqsədlərin reallaşacağı məqam o qədər də uzaqda olmur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş elə bir ideya yoxdur ki, o, məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə etməsin. Mehriban xanım yaxşı bilirdi ki, bu gün qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafı vacib məsələlərdən biridir. Məhz elə buna görə də, fond yarandığı ilk gündən Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu elm və təhsilin, səhiyyənin inkişafında, milli-mədəni dəyərlər sisteminin qorunması və geniş təbliğində, humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, tolerant dəyərlərin qlobal səviyyədə təbliğində mühüm xidmətləri ilə seçilir. Fondun fəaliyyətində sosial sahənin inkişafına, sosial müdafiə sisteminin gücləndirilməsinə, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasına, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına ardıcıl dəstək göstərilməsi xüsusi yer tutur. Heydər Əliyev Fondunun yüksək humanizmin təcəssümü olan və mühüm sosial önəm kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin olunub. Həmçinin Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyasına Heydər Əliyev Fondu tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi bunun daha bir əyani təzahürüdür. Layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Fond İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə fəaliyyətini davam etdirir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlaxda onlar üçün regional informasiya mərkəzləri də yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar yaradılıb. Xoş əməllər heç zaman cavabsız qalmır. Qəlbindəki mərhəmət, humanizm duyğularıyla kiminsə sınıq qəlbini ovudan, insanlara sevgi bəxş edən hər bir kəs özü haqqında xoş, müsbət fikir formalaşdırır. Zaman-zaman müxtəlif səviyyələrdə təsis edilmiş mükafatlar böyük toplumun ifadəsinə çevrilib öz ünvanına çatır. Bəşəriyyətin humanizm, mərhəmət tərənnümçüsü kimi ona da çox mükafatlar verilib. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" seçilib. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə sahib olub. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri adını qazanıb. Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub-saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin Birinci xanımı" mükafatını alıb. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub. 2018-ci ildə İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni, 2019-cu ildə isə Rusiya Federasiyasının "Dostluq ordeni" ilə mükafatlandırılıb. Bütün bunlarla yanaşı, Mehriban xanım qayğıkeş həyat yoldaşı, ana, sevimli nənədir. Ailə dəyərlərinə böyük hörmətlə yanaşan Mehriban xanım deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm... Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dalğın və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər". Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə fond Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihələrin icrasına başlayıb. Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürəkağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır". İşğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olmuşdu. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan bu malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işləri aparılır. İnsan ömrün müəyyən məqamlarında istər-istəməz geriyə boylanır, arxada qoyub gəldiyi illəri, olub-keçənləri saf-çürük edir. Biz də bu yazımızda dəyərli bir ömrün həyat hekayəsini vərəqlədik, bəzi anları xatırladıq. Qeyd etdiklərimiz isə xalqımızın bu fədakar qızının xalqı üçün etdiklərinin yalnız bir qismidir. Mehriban xanım bundan sonra da Azərbaycan üçün çox işlər görəcək. Mehriban xanım ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə səhiyyə sisteminin bütünlükdə gücləndirilməsi üçün lazımi dəstək göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzulayıram! ![]() Elvina Xasməmmədova, "Azərbaycan xanımı" jurnalının baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini verir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu sahədə reallaşdırılan layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya, Herseqoviniyada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir."Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi. İnsanın həyatında xoşbəxt anlar çox olur. Amma ağır bir mərəzdən qurtulduğunu, ölümün həyatının astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki ilahi sevincin sözlə ifadəsi yoxdur. Bəs, bu anı yaşatmış insanın xoşbəxtliyi necə. Bənzərsiz bir şeydir!.. Bax, Mehriban xanımın təhsil sahəsində gördüyü işlərin sonu həmişə belə nəticələnir, xeyirxah əməli həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.