Heqiqet.Az » musahibe » Kamal Abdulla: “Cavidin daşı ağırdır”


Kamal Abdulla: “Cavidin daşı ağırdır”

22-06-2015, 11:34
Çap et
Kamal Abdulla: “Cavidin daşı ağırdır” Filosof Ağalar Məmmədov meydan.tv saytında çap olunan məqaləsində Azərbaycanın klassik şairi və dramaturqu Hüseyn Cavidi Türkiyə türkcəsinə münasibətinə görə “Türkiyənin qulbeçəsi” adlandıraraq Cavidin “dilimizi zibilləməkdə” ittiham edib. Heqiqet.az bu məqalə və ümumiyyətlə son günlərdə mətbuatda gedən Hüseyn Cavid polemikası ilə bağlı Qan Turalının yazıçı Kamal Abdulla ilə söhbətini təqdim edir.

-Kamal müəllim, Ağalar Məmmədov yazır ki, Cavidin repressiya olunması ilə onun “dilimizi zibilləməsi”nin qarşısı alındı. Bir yazıçı kimi sizin bu məsələdə mövqeyiniz nədir?
-Nə cür yazıb, o cür və o qədər anlayıbdır. Bu məntiqsiz məntiqi davam etdirsək, o zaman Füzuli də gərək tez öləydi və yaxud heç doğulmayaydı, belədə onun anlaşılmaz ərəb-fars tərkibləri dili daha az "zibilləyərdi". Sabir, Mirzə Cəlil də elə. Bu məntiqlə Dədə Qorquda qədər getmək olar. Ədəbi vəhhabilikdi. Bünövrəni, kökü hədəf götürüb. Cəngəllik nərəsi çəkib həmfikirlərini yanına yığmaq cəhdidi. Əslində, “Azərbaycanı nə qədər sevmirəm, ona nə qədər nifrət edirəm” mahiyyətli bir yarış var. Bu ləyaqətsiz yarışın önündə olmaq cəhdidi.
-Dilçi akademik kimi necə düşünürsünüz, Cavid dilimizi doğrudanmı zibilləyirdi?
-Dedim axı, bu belədirsə o zaman dili zibilləməyən şair, yazıçımız yoxdur. Füzuli də, Nəsimi də, Sabir də, Seyid Əzim də , Mirzə Cəlil də onlarla başqası da dili zibilləyiblər? Qətiyyən. Hər dövrün öz dil qəlibi olur. Təmiz Azərbaycan dili son dərəcə nisbi anlayışdır. Hər dövrün öz təmizlik və naqislik dərəcəsi var. Cavidin dilini o zamanlar son dərəcə təbii şəkildə anlayıb sevən minlərlə ziyalı var idi. Onlar necə olsun? Onlar Azərbaycanlı deyildilər?! Cavid Azərbaycan dilinin potensial qatlarını, ritmik energetikasını, çevikliyini, sintaktik imkanlarını yeniləyirdi. Bu o demək deyil ki, dilin başqa imkanlarının üstündən xətt çəkilirdi. Daha bir istiqamət yaranır, üslub və qrammatik-leksik müstəvidə yeni cığırlar, yollar görünməyə başlayırdı. Biz deyə bilirdik: dilimiz ağ-qara televizor kimi dünyanı, bizim daxilimizi əks etmir, dilimiz bunu rəngli televizorda olan kimi edir.
-Cavidlə eyni dövrdə yaşayan Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Səməd Mənsur kimi şairlərimizin də dili bu gün üçün mürəkkəb sayıla bilər. Lakin sizcə nəyə görə daha çox Cavid bu konkteksdə hədəf taxtasına qoyulur?
-Cavidin daşı ağırdır. Amma bunun, əlbəttə ki, siyasi tərəfi də var. Yəni, baxın görün, mən o qədər obyektivəm ki, türk dəyərlərinə nifrətimi ortaya qoyuram, məndən Türkiyə əleyhinə də istifadə eləyə bilərsiz... Digər tərəfdən, bu bir yoxlama məqamıdı. Reaksiya yoxlanır. Döyüşə çağırış şeypurunun səsidi. Yenə Füzuli yada düşür: "Tifl həm cövlan edər, amma ağacdan atı var..."
-Belə başa düşdüm ki, Cavidin bu gün “ifşa” edilməsində olduğu kimi 37-ci ildə repressiya olunmasında Türkiyə və türkcə amili həlledici rol oynayıb...
-Bəlkə də hansısa mistik qatda bu iki şər amili birləşib... Ədəbi vəhhabilər, çox rahat şəkildə o dövrün bolşevik yazarlarının qulbeçələri kimi görünürlər...
-Demək, səhra hələ də böyüyür...
-Nitsşeni yada salsaq, Səhra bu gün də böyüməkdədi. Təəssüf.
Amma bir məqam da var. Cavidlə bağlı demək olar ki, onun informativ sistemi öz-özlüyündə kosmik sahman yaratmağa yönəlidi. Bu sistem entropiyanı, başqa sözlə, səhranı öz ilkinliyində rədd edir.
-Şeyx Sənan səhranı qoyub gəlsə də səhra hələ də yerindədir. Və insan nitsşecəsinə desək Fövqəlİnsan hələ də cümlə xəyanətlərə baisdir.
-Bu artıq tamam başqa, xüsusi bir söhbətin mövzusudur.
Reytinq: