Azərbaycanlı müğənninin xanımı: “Məni incidirdi, ağladırdı...”23-07-2015, 10:28
Çap et - Ailə sizin üçün nə deməkdir? Ailəyə bağlılığı necə izah edərsiz? Aynur Zurufçu: - Uşaqlıqdan evimizdə ailəyə bağlılıq görmüşəm. Bünövrəmiz belə qoyulub. Bəlkə də şablon səslənə bilər, amma mənim üçün həqiqətən də ailə müqəddəsdir. Ailə mənim üçün çox şeyi fəda edə biləcəyim məfhumdur. Övladıma və həyat yoldaşıma özümü, gəncliyimi, çılğınlığımı qurban edə biləcək qədər alidir ailə. Yaqub Zurufçu: - Ancaq bir cümlə ilə deyim: bir dəfə də dünyaya gəlsəydim, yenə də Azərbaycan xanımı ilə evlənərdim. Çünki hamısı fədakar, həyat yoldaşının arxasında dayaq duran, onun qayğısını çəkmək, adət-ənənələrə hörmət, riayət etmək, kişinin işlərinə çox müdaxilə etməmək məsələlərində bütün dünya qadınlarından üstündürlər. Azərbaycan xanımları hər barədə müsbət xüsusiyyətlərə malikdirlər. Buna görə də hər zaman sevinirəm ki, mənim həyatımda Aynur var. Bu, Allahın mənə məhəbbəti idi ki, belə bir insan qarşıma çıxdı. - Aynur xanım, hər şeyi bir kişiyə qurban etməyə dəyərmi? - Mənim üçün dəyər. Artıq mənim həyatımda iki kişi var. Mübaliğəsiz deyirəm, Yaqub bəy mənim üçün təkcə həyat yoldaşı, oğlumun atası deyil. Ondan öncə də mənim üçün çox böyük bir insan idi. O, mənim üçün çox əlçatmaz olub, ona şəxsiyyət kimi baxmışam. İndi də ona sanki körpəm kimi baxıram. Ona qayğı, diqqət göstərmək mənim üzərimə düşən öhdəlikdir. Bizim aramızda çox yaş fərqi olmasına baxmayaraq, sanki o, mənim uşağımdır. Elə bilirəm iki uşağım var. Yaqub Zurufçu sanki mənə bir əmanətdir, o əmanəti qoruyub saxlayıram. Mən həyat yoldaşıma belə yanaşıram. Bəlkə də o, Yaqub Zurufçu kimi yox, sadəcə mənim həyat yoldaşım olsaydı düşünərdim ki, mənim bu fədakarlığıma dəyir, ya yox? - Bir sənətçinin həyat yoldaşı olmaq da nələrisə qurban vermək deməkdir. Dözümlülük nümayiş etdirirsiniz? - Evliliyin ilk dönəmlərində bəzən bir az çətinliklər ola bilərdi. Biz 5 ildir ailəliyik, artıq övladımız olandan, bir evi paylaşandan sonra alışqanlıqlar yaranıb. Yaqub bəyi hamı tanıyır. Mən istəyirəm ki, övladımızla küçədə, parkda, insanlar arasında çox vaxt keçirək, amma bəzən bu, mümkün olmur. Çünki Yaqub bəy diqqət mərkəzində olmaqdan çəkinirdi. Deyirdi baxırlar, görürlər. - İkinci dəfə ailə qurmaq qərarı çətin deyildi? Yaqub Zurufçu: - Birinci həyat yoldaşımla heç bir problemim olmayıb. Sadəcə, mən Amerikanı sevmirəm. Ona görə Azərbaycana gəldim. O da təəssüf ki, burada yaşamadı. Amerikanı seçdi və getdi oraya. Ötən ilin dekabr ayında böyük oğlumun toyu oldu. Hamımız bir yerdə idik. Heç bir problemimiz yoxdur. Oğlum Dalğa San-Fransisko Universitetində azərbaycanlı qızla tanış olub, bir-birini seviblər və ailə qurublar. Qızım Dəniz də ailəlidir. Ailə məsələləri haqqında çox danışmaq istəmirəm. Çünki istəmirəm hamı hər şeyi bilsin. Həyatda hər şey ola bilər. Həyat bir pəncərədir. Hamımız baxıb gedirik. Bu pəncərədən biri var dava ilə baxaq, bir də var səmimi, gözəlliklə baxaq. - Necə qərar verdiniz ki, Aynur xanımla ailə qurasınız? - Birincisi, Aynur çox ciddi xanımdır. İkincisi, Azərbaycanı həddən artıq çox sevir, Vətəni üçün ölümə hazırdır. Ailəsinə çox bağlıdır. Ailəsinə bağlı olan, sevən insan həyat yoldaşını da sevəcək. Valideynləri ilə münasibətləri çox gözəldir. Hər şeydən vacibi isə çox qürurlu bir insandır. Düzdür, qürurlu olduğuna görə həyatda çox zərbələr görüb. Aynur hər zaman mənə çox müsbət təsir bağışlayıb. Yaltaqlığı yoxdur. Sözü yerində və rahatca üzə deməyi bacarır. Dolayı yollarla çatdırmır, birbaşa deyir. Mən belə insanları sevirəm. Çünki özüm də beləyəm. - Atilladan əvvəl iki övladınız olub. Atilla ilə onların arasında yaş fərqi çoxdur. Onlar sizin ikinci dəfə ailə qurmaq qərarınızı necə qəbul etdilər? - Onlar Amerikada göz açıb, böyüyüblər. Onlar üçün belə məsələlər çox adidir. Valideynlərin ayrılması onlar üçün təbii haldır. Azərbaycanda olsaydı, bəlkə də nəsə problem olardı, övladlar deyərdi ki, biz onu tanımırıq. Amma onlar müsbət qəbul etdilər. Zaman keçdikcə mənim ikinci dəfə ailə qurmağıma daha da müsbət yanaşırlar. Skype-da Dalğa ilə danışdığımı görəndə Atilla qaça-qaça gəlir ki, mən də qaqaşla danışmaq istəyirəm. O da bu sevgini duyur və onun da balaca qardaşına qanı çəkir. - Kişi ilə qadın arasında yaş fərqi olanda kişi tərəfdən qısqanclıq olur? Aynur söhbətə qoşulur: - Bizdə əksinədir (gülür). Çünki mən çox qısqancam. Qısqanclığa şərait olmalıdır. Mən Yaqub bəyi qısqandırmaq üçün imkan yaratmıram. Məsələn, istəyirdim, anamgilə gedim. Getmədim. Dostlar-tanışlar məni qınayır ki, Yaqub bəyə çox bağlanmısan. Hətta inciyirlər ki, mən onlara vaxt ayırmıram, görüşmürəm. Əksinə, Yaqub bəy deyir ki, o maşın, o uşaq, götür, get dostlarınla gəz-əylən. O, heç vaxt mənə qarşı diqqətsizlik etmir. - Yaqub bəylə yaş fərqiniz çoxdur, eyni zamanda sizdən əvvəl ailəli olub, övladları var. O, sizə evlilik təklif edəndə bunlar sizi nə dərəcədə narahat etdi? - Bunların hamısı qismətdir, Yaqub bəylə əlaqəsi yoxdur. Burada Yaqub bəyin günahı yoxdur. - Sizə necə evlənmək təklif etdi? - 5 il bir yerdə işlədik. İTV-də Yaqub bəyin “Körpü” adlı proqramı vardı. Mən onda İTV-də işləyirdim. Orada tanış olduq. Sonra Yaqub bəylə işləməyə başladım. Əvvəl-əvvəl bir az çətinliklərimiz oldu. Bir-birimizə adaptasiya olmaq filan. Kollektiv 3-4 nəfərdən ibarət idi. Bir-birimizi tez-tez görürdük, çəkilişlərə bir yerdə gedirdik. Çəkilişlər əsnasında çox mübahisələrimiz oldu. Sonra yavaş-yavaş bir-birimiz tanıdıq. Amma heç vaxt ağlıma gətirməzdim ki, bir vaxtlar həyat yoldaşım olacaq. Çünki çox mübahisə edirdik. Amma mən bir də baxdım ki, bu insana bağlanmışam. Ondan ayrı yaşaya bilmirəm. Doğrudan da ondan ayrı yaşaya bilmirdim. Çox çətinliklərim oldu. Düşünürdüm ki, bəlkə ailəm qəbul etməz. Uzun müddət hisslərimi, münasibətimizi dilə gətirməyə qorxdum. Sonra gördüm ki, həyatımı onsuz təsəvvür etmirəm. Başqası ilə ailə qursam da, xoşbəxt olmayacam. - Bu ən çox nə ilə bağlı idi? - Yaqub bəyi tanıyanda 26 yaşım var idi. Körpə bir insan necə mehrini salırsa, mən də Yaqub bəyə elə öyrəşmişdim. Valideynlərim Mingəçevirdə yaşayırdı. Onlardan ayrılıb tək Bakıya gəlmişdim, ətrafımda heç kimim yox idi. - Yaqub bəy ürəyinizi ovlamaq üçün yəqin ki, addımlar atıb… - Xeyr. Əksinə, iş əsnasında məni çox incidirdi, kobud davranırdı. “Onu niyə belə etdin, bunu niyə belə etmədin?” Hətta ağladıb da. Mənim ürəyimi ələ almaq üçün heç bir çaba göstərməyib. - Aynur xanım nə etsə onu bağışlamazsız? Yaqub Zurufçu: - Heç vaxt Aynuru qısqanmamışam. Çünki görürəm ki, ailəmizə, mənə çox bağlıdır. Azərbaycanda qadınlar çox vəfalıdır, həyat yoldaşlarını heç kimə dəyişməzlər. Mən Aynurdan özümə hər zaman hörmət görmüşəm. Hər barədə o, müsbətdir. İndiyədək məndə şübhə yaradacaq elə bir şey olmayıb. Heç ağlıma gəlməyib ki, ona nəyi bağışlaya bilmərəm. Onunla heç vaxt problemim olmayıb. - Sizcə, ideal ailə başçısısınız? - Yox, ideal deyiləm. Birdən görürsən ki, bir gün uşağa baxmıram. Maraqlanmıram, oynamıram, hövsələm çatmır. - İdeal olmağa da çalışmırsınız? - Bunu Aynurdan soruşmaq lazımdır. Aynur Zurufçu: - Qeyri-səmimi səslənsə də, yenə də deyirəm: Yaqub bəy ideal ailə başçısı, ideal atadır. - Sizə elə gəlmir ki, onu çox bütləşdirirsiniz? - Anam, ya bacım burda olsaydı, onlar da qıcıq olardı. Mənə deyirlər onu çox tərifləyirəm. Amma bu yaxınlarda Yaqub bəyə şikayət etdim. Dedim, mən özümü unutmuşam. Gərək bu cür olmayaydı. Ancaq sonra düşündüm ki, bu, mənim özümdən asılı deyil, planlı şəkildə olmayıb. Mən bir insan olaraq özümü unutdum. Hərdən ətrafıma, çevrəmə baxıram ki, başqa qadınlar nə edirlər? Məsələn, tutaq ki, siz həyat yoldaşınızı bütləşdirməmisiniz. İndi baxaq siz nə iş görürsünüz? Bəzən fikirləşirəm ki, bəlkə bu, doğru deyildi!? Həyat yoldaşını sevmək, hörmət etmək başqa bir şeydir. Amma mən ona tamam başqa gözlə baxıram. - Heç vaxt sizi hansısa hərəkəti ilə yanıldacağını düşünmürsünüz? - Düşünürəm. Bəzi hallar olub düşünmüşəm ki, onu Yaqub bəy belə etdi, belə də edə bilərdi, amma mən etmərəm. Mən çox fədakarlıqlar edə bilərəm. Hərdən düşünürəm ki, əgər Yaqub bəy nəsə günah etsə, mən bunu öz boynuma götürərəm. Amma fikirləşirəm ki, o edərmi? - Bunu övladınıza görə edirsiniz? - Xeyr! Mən belə düşünəndə heç övladımız yox idi. Mənim Yaqub bəyə olan fədakarlığımın övladımıza dəxli yoxdur. Övladımızın gələcəyini o qədər düşünmürəm, nəinki Yaqub bəyin. Yaqub bəylə uzun-uzun illər bir yerdə yaşamağı xəyal edirəm. Atilla böyüyəcək, təbii olaraq, ayrılıb gedəcək. Amma mən elə etməliyəm və göydə Allah, yerdə mən çalışıram ki, o, uzun ömür yaşasın, stressdən uzaq olsun, gündəlik idman, qidalanmasına fikir verirəm. - Yaqub bəy, üç övladınız arasında fərq qoyursunuz? Yaqub Zurufçu: - Təbii ki, Atilla hələ çox körpədir. Səbəblər çox ola bilər. Bu məsələyə mən çox girişmək istəmirəm. Ancaq sistem məsələsinə uyğun deyə bilərəm. Amerikada elə bir sistem var ki, övladlar bir-birindən və valideyndən ayrılır, özünə ev tutur, kirayə pulu verir. Təbii ki, beləliklə də insan insanı görmədikcə zamanla unudulur, soyuqlaşır. Amma Azərbaycanda əksinə, ailə bağlılığı var. Təbii ki, Atilla mənə, mən də ona bağlıyam. Digər övladlarımsa böyükdürlər. İkisi də təhsilli və ailəlidirlər. Lakin hələ nəvəm yoxdur. Ümidə QƏHRƏMAN ![]() Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

