Demo Sayt » yazarlar » Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (1)


Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (1)

28-04-2017, 10:00
Çap et
Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (1)










Közərən düşüncələr

Yada düşməyəcəksən

Geri baxmağı sevmirəm, eləcə də xoşagəlməz hadisələri də yada salmağı. Odur ki, səni yada
salmayacağam. Belə bir ifadə var; - Sən artıq mənim üçün ölmüsən! Sənsə ölüyə də tay deyilsən.
Ölülər yada düşər, xatırlanar. Sən isə heç vaxt yadıma düşməyəcəksən. İnan ki, bu belə olacaq!

Cismim və ruhum

Harada səhv etmişəm. Yox, səhv etməmişəm. Özümə və duyğularıma olan hörmətim məni sənə sarısevgimə
sarı sürükləyib. O sevgiyə ki, sənə layiq deyildi. Sən qazandın, özünə layiq olanı - nifrəti. Bu elə sənin ilk
günkü qiymətindir. Dəyərinin olmadığını bilirdim. Əfsuslar olsun ki, özümlə bacara bilmirdim.
Çünki, səni sevirdim. Kimi sevdiyimi də yaxşı bilirdim. Neyləyim, bu mənim qərarım deyildi.
- Ah səni, ürəyim, namərdsən! Ürəyin isə gözü yoxdur. Həqiqəti görə bilmir,
sözümə baxmırdı. Düşüncələrim isə illərlə mənə yolu göstərirdi. Yolunda cismim və ruhum
nə qədər əziyyət çəkdi. Odur ki, cismimdən üzr istəyir, ruhuma isə baş əyirəm!

Qarğış

Sən dünyada heç kimin sevilmədiyi kimi sevildin. Ali və ehtiram dolu. Səni sevən qadın yalnız
ürəyi ilə deyil, bütün varlığı ilə sevdi. Bu ki, xoşbəxtliyin özü idi! Sənsə bu xoşbəxtliyin qədrini bilmədin.
-Yox, bu sevgi deyildi. Tapınmaq idi. Sənin murdar varlığına tapınmışdı, qadın. Sevən insanın gözü kor,
qulağı kar olar,- deyirlər. Lakin bu sevgi qadının varlığını məst, beynini manqurt, gözlərini isə
sevgi şüaları ilə kor etmişdi. İndi növbə sənindir. Bu sevgi gözündən gələcək,
bəbəklərini tutacaq, inşallah. Buna inanır qadın, Tanrısına inandığı kimi. Qadın ürək yanğısı ilə;
- Bu sevgi haramın olsun! - deyə ufuldadı.

Ehtiyacım var

Ah, Qoca, kaş ki, yanımda olaydın. Dərdimi danışıb, doyunca ağlayardım yanında.
Və bilirəm ki, sən də mənə təsəlli verəcəkdin. Bəlkə də soruşacaqdın ki; -Peşmanmısan?
Yox, yox peşman deyiləm. Əsla! Peşman olmağı sevmirəm. Bağışla məni Qoca, deyəcəyəm;
-Sən kimsən, bilmirəm, lakin müdriksən! Qoca, dərdləşmək üçün sənə ehtiyacım var!

Qadın və turşu

Onun ən çətin günü və anları idi. Bu gün qadının son ümidləri öldü. İllərlə can verən, lakin özünü
təslim etməyən sevgisi təəssüf ki, canını tapşırdı. Sevgisi dedim, deyəsən? - Yox, yox, qadının
sevgilisi də öldü. Qadın ağrı və iztirablar içərisində pomidor turşusunu balonlarda hazırlayırdı.
Əlindəki pomidorları özünün varlığına, şüyüd saplaqlarını keçdiyi həyat yoluna, reyhan və nanəni
gözəl və ətirli vücudunun rayihəsinə, sarımsaq və bibəri ağrıacılarına, duzu qədərinə yazılan
zəhərli məqamlara, bir balon suyu göz yaşlarına, sirkəni isə onu yandıran həyat hadisələrinə,
yaşantılarına bənzətdi, - qadın. Qadın balonu əlinə aldı. Necə də mənim həyatıma
bənzəyirsən. Səni mən hazırladım. Yəqin ki, sevilə-sevilə yeyiləcəksən.
Məni isə heç zaman sevən olmadı, hər zaman incitməyə, hətta əzməyə çalışdılar.

Allah rəhmət eyləməsin!

O, darıxır. Getməyə isə yer yoxdur. Hətta söhbət etməyə də kimsə yoxdur. Axı qadın Pirquludakı bağ
qonşularını tanımır. Bayırda sərt külək canavar kimi ulayır. Bəzən də özünü açıq qapıdan içəri təpir.
Qadının ona əhəmiyyət vermədiyini görüb, gəldiyi kimi də otaqda fırlanıb gedir. O, darıxır.
Fikirləşir: -Baş sağlığına gələn yoxdur. Axı bu gün onun sevgisi və sevgilisi ölüb. Yaxşı ki,
başsağlığına gələn yoxdur. Gələnlərə xətir ağlamalıydı axı. O, isə ağlamırdı. Sadəcə darıxır.
Qadın düşüncələrinə davam etdi.
-Bəlkə də bayaq külək başsağlığına gəlmişdi. Əhəmiyyət vermədiyimə çıxıb getdi.
Gəlib nə deyəcəkdir ki, yəqin deyəcəkdir; - Allah sevginə və sevgilinə rəhmət eyləsin?!
Qadın yenidən düşündü;- Allah rəhmət eyləməsin! Qadın darıxırdı, sadəcə darıxırdı.

Məhbus

Bütün olanlara baxmayaraq, sevgisinin və sevgilisinin ölməsinə rəğmən qadın sevincliydi.
Lakin başında uğultular vardı. Sanki beyninin içərisində kimsə oturmuşdu.
Beyni dolu sual idi. Ona veriləcək suallar...


-Nəyə sevinirsən qadın?
-Məhbusluqdan qutardığıma.
-Bəyəm sən dustaq idin?
-Bəli.
-Günahın nə idi qadın?
- Dünyanın qədirbilməzini sevmək!
- Cəzan neçə il oldu, qadın?
-Eh, cəzam bəlkə də bir ömür boyu.
-Səni dustaqlıqdan kim azadlığa buraxdı.
-Sevdiyim qədirbilməz.
-O zaman ona təşəkkür borclusan?!
-Xeyr, ona nifrət borcluyam!

Hər şey gözəl idi

O, səhərin təmiz havasını ciyərlərinə çəkdi. Üzünü günbatana tutdu, gözüdolusu
dağlara baxdı. ...Sıra ilə düzülmüş dağlara, dağları bağrına basan sıx ağcaqayın meşələrinə,
göy cisimlərini müşahidə edən Rəsədxanaya, dağların arasında yerləşən tərəkəmə yataqlarına,
biçilmiş sünbül zəmilərinə, hər gün seyr etdiyi kənd həyatına və bir də, bir də kənd qəbiristanlığına
və orada yatan əhli-qüburlarına salamat qalın,- deyəcək, qadın sabah. Səhərlər səsinə oyandığı
yahu qurultusuna, arıquşu, çaydaçapan, sığırçın, sərçə, sarıköynək, hər gün gördüyü lakin
tanımadığı quşlarla sağollaşacaq. Hə, bir də yamacların döşündə otlayan tənha at üçün
darıxacaq qadın. Bağçamdakı növbənöv çiçəkləri yada salmadım. Vay, vay məndən
inciməsələr yaxşıdır. Hələ meyvə ağaclarımı demirəm, qəribsəyəcək, tərəvəz dolu bostanda isə
tağlar mənsiz yəqin ki, boynunu bükəcəklər. Burada həyat mənsiz davam edəcək, olduğu kimi.
Mən isə kənd həyatının görüntülərini düşüncəmin lentinə köçürüb aparacağam özümlə şəhərə.

Şükür Tanrım

Könlümün qaranlığı aydınlanır, dan üzünü atan sabah kimi. Deyəsən, əvvəlki
iradəm geri dönür axı?! Dönsün, Tanrım dönsün. Lütfən dönsün.
Könlümün zülmətinə işıq tutmaq istəyirəm artıq. Tanrım, yalvarıram sənə mənə güc,
təpər ver. Bir azdan qaranlıq düşəcək. Qaranlıqdan qorxmuram, çünki könlüm aydınlanıb.
Şükürlər olsun sənə İlahi, çox şükür ki, onu könlümdən söküb ata bildim. Artıq varlığı
mənim üçün heç nə ifadə etmir. Könlümü aydınlatdığına və varlığına, nuruna şükür Tanrım!

Zindan

Özün öz daxilində qeybə çəkilibsən, xəbərin varmı? Kimin xiffətini çəkirsən, onun? O isə... ondan isə
insanlıq və mərhəmət gözləmə. Ətrafına yaxşı bax, kimsələrdən qaçma. Odur ki,özünü daxilində
məhkum etmə. Onu ürəyindən sil və rahat nəfəs al. At, at onu qəlbinin zindanına!

Əzablı düşüncələr

Kofe
(yaddaş)

Bir fincan kofe...içdinmi? İçdin. Amma bu kofe illər öncəni yadına salmadımı, qadın?! ...o zamanları iş yerində
tənha idin. Bir ümid, bir istək arzusundaydın. O ümid ki, sən onu bütün varlığınla arzulayırdın. Oz aman ki,
sənə göz qoyurdular. Səni sıxışdırırdılar. Sənə yaxın olmaq üçün hiyləyə əl atırdılar. Oz aman ki, tək idin.
Yalnız və yalnız yanında kofe paketlərin və bir də hər əzaba şahid olan kofe fincanı vardı. Pəncərədən baxa-baxa
və kofeni içə-içə Allaha necə yalvardığın yadındamı? Bu o zaman idi ki, sən dirənirdin... qarşına çıxan bütün
maneələrə. Və bu o zaman idi ki, sonunda səni döydülər. Bəli, döydülər. Bu o zaman idi ki, ağladın, içiniçin ağladın. Amma təslim olmadın! Ümidlə gözlədin. Ümid dedim sizə. O ümid ki, bu gün aram-aram doğrulur.
Şükür Allaha! Şükür sənə İlahi, bu günlər üçün. Mən də...ah, nələri yada saldım. Hələ nələri də qəlbimin
dərinliyində saxladım. Eh, mən nə deyim mənə?! Bir çaşka kofem haram oldu ki!

Salamat qalın

Sərin dağ havasında dincəlmək, təbiəti hər gün seyr etmək, dünyanın səsinə qulaq asmaq və
təbiətlə qolboyun olmaq gözəl hisslər idi. Hər başlanğcın bir sonu var, əlbəttə.
Qeyd etdiyim bütün bu gözəllikləri arxada buraxıb gedirəm. Di, salamat qalın dağlar!

Həyat eşqinə...

-Hara gedirsən, qadın, dəniz kənarınamı? Orada kimi görmək istəyirsən?
-Qocanımı, bəlkə gəlmədi? Qadın beynindəki suallardan qorxdu.
-Yox, o, gələcək, mütləq gələcək! Bəlkə... Qadın tələsirdi. Yolu keçmək üçün işıqforun yanmasını
gözləyirdi. Yolun kənarındakı göyərçin onun ayağına dolaşacaqmış kimi yan-yörəsində gəzirdi.
Asfalt yolunda nə axtarır bu göyərçin? Bir az da irəliləsə maşınların təkərləri altında qalacaq.
Qadın: -Kiş...ş...edərək
göyərçini uçurtdu. Bu da işıqfor. Buyur, keç, qadın. Dənizin təmiz havasını ürəkdolusu ciyərlərinə çəkdi.
Qoy ciyərlərim bayram etsin, deyə fikirləşdi. -Hanı Qoca? Bəs niyə gəlməyib hələ? Narahat olmağa başladı.
Dənizə boylandı. Suyu təmiz deyildi, mazutlu idi. Lakin buna baxmayaraq suyun üzü balıqlarla dolu idi.
Suya atılan bir parça çörək üstündə çəkişən balıqlar birneçə dəqiqənin içərisindəcə çörəyi həzm etdilər.
-Maşallah! Gör nə qədər balıq var, -deyə düşündü qadın.
Yadına Qoca düşdü. Narahatlıqla ətrafına boylandı; -Hardasan Qoca?!
Allah eləməmiş...Bəlkə...Qadın sözünü yarımçıq uddu.
-Sus... bu nə axmaq fikirdi. Budur gəlir! Sevindi. Uzaqdan görünən Qoca ləngər vururdu.
-Yox, yox Qoca, Allah xatirinə, dik dur və dik gəz! Həyat eşqinə!

Pul həsrəti

Qadın dəniz kənarında, ağac altındakı skamyada əyləşib, dincəlirdi. Üzü dənizə əyləşən qadın
ürəyində dənizlə həmsöhbət idi. Lakin bununla kifayətlənmədi. Ayağa qalxdı, qırçın sulara yaxınlaşdı.
Elə bu vaxt dənizkənarı bulvarda gəzinti qatarı göründü. Vaqonların üstünə belə bir lövhə
vurulmuşdu; səyahət otaqları. Qadın düşündü; -üstümdə yalnız yol pulumdur,
artıq pulum olsaydı səyahət qatarına minərdim. İlahi, qəpik-quruş həsrəti də çəkərəmmiş.

Sadəcə

Qəhər boğazına dolmuşdu. Niyə ağlamaq istəyirsən?- o, özünə sual verdi.
Qəribədir, adam da səbəbsiz ağlayar, məgər. Yolda səndən başqa kimsə yoxdur axı,
sənə nəsə desin; - Niyə ağlayırsan? -Bilmirəm, dedi özünə. Sadəcə ağlayırdı qadın.

Ev sahibi

Gecə. Hava sakit və susqundur. Qadın həmişəki kimi təkdir. Nə isə yazır, yox, deyəsən,
yazdıqlarını yoxlayır? Qapı açıldı. Lakin kimsə görünmədi və külək də əsmədi. Qapı yenidən cırıldadı.
Qadın başını qaldırdı. Kölgə qapının şüşə pəncərəsi arxasından çəkilib, yox oldu. Qadın üşələndi.
Lakin özünü o yerə qoymadı. Və ürəyində düşündü; -Evin həqiqi sahibidir, yəqin?! Qorxma qadın,
başını sal aşağı, öz işini gör, ayağa qalxıb heç kimi incitmə.

Şirvan aşıqları haqqında

Efirdə Azərbaycan radiosudur. Şirvan şikəstəsi verilişi yayımlanır. Aparıcı Türkan.....
verilişin qonağı şairə Mətanət Ulu Şirvanlı. -Səsinizə qüvvət Şirvan aşıqları.

Salam, Qoca

Yazdıqlarım aydın və sadədir. Şübhə doğuracaq heç nə yoxdur. Burada yalnız bir həqiqət var; həyatda
doğru bildiyinin arxasınca getmək, mənəviyyatını qorumaq və ruhunu incitməmək. B ir h əqiqət də var ki,
düşünən insan heç nəyə qane olmur. Nə tapdıqlarına, nə də əldə etdiklərinə. Əldə etmək isə asan başa gəlmir. Və bir də o var ki, həqiqət səltənəti taxtında yalnız salama qiymət verənlər əyləşə bilərlər. İncimə,
ölümün bir addımlığındasan. Əllərin, ayaqların əsir, lakin həyat eşqi səni yaşamağa həvəsləndirir.
Yaşa qoca! Yaşa ki, səndən həyat fəlsəfəsini öyrənək. Bu, kitab sonlanmaq üzrədir, Qoca. Mən isə
sağollaşmaq istəmirəm. Yalnız salam vermək istəyirəm. İlk dəfə sənə salam verdiyim kimi;
- Salam, Qoca, deməklə. Və beləliklə, yenidən səninlə söhbətə başlamaq imkanı əldə edirəm.
Özünə fikir ver, Qoca. Və bir də...və bir də...həyat davam edir...

Səmavi düşüncələr

Həyat davam edir...

Qadın düşünürdü; qələmə aldıqları bir-birindən ayrılmaz hissələrdir ki, öz mənası ilə zərif və olduqca
narın sirr pərdəsinin arxasında gizlənirlər. Qələmə aldıqlarının nəticəsi isə sənin varlığındır, qadın.
Sən, ey daxili zülmətinə bürünən qadın, əslində aydınlıq içərisindəsən. Nur zərrəcikləri sənin vücudunu
sarıb. Odur ki, dilinə de, şikayət etməsin. Könlünə de, fərəh olsun, əllərinə de qələmini daha iti eyləsin,
ayaqlarına de ki, addımını yerə bərk bassın. Və düşüncələrinə de ki, yalnız və yalnız Tanrısını düşünsün!
Tanrım, Sənə şükürlər olsun, çox şükürlər olsun gücün və qüdrətinlə bu kitab da qələmə alındı, sona yetdi.
Sənə şükürlər olsun, Tanrım, - deyən qadın düşündü; - Yəqin ki, bu hələ son deyil, həyat davam edəcək!
Bax beləcə; - Salam, Qoca! - deməklə...

Pozitiv düşüncələr

Bağçamda gecə mənzərəsi
və yaxud Büllur gecə


Günəş getdi. Sabah yenə gələcək şəfəqlərini bağçama sancmaq üçün. İndi isə bağçamda
sərin meh dolaşır. Çiçəklərin əllərini öpən gilavar mənim də ətəklərimə dolaşır. Sanki, beləcə
mənə təşəkkür edir, bağçada yaratdığım gözəllikçün. Ah, gilavar...gilavar...
Gilavardan ləpələr,
Göydən yerə səpilər,
Günəş geri çəkilər,
Sükunətin aynası
Gecələr, ay gecələr
.
Mənə elə gəlir ki, bağçamdakı ağaclar, kollar, bitkilər və güllər mən olmasam darıxarlar.
Ah, bu karlik qızılgüllər isə itib-batar ayaq altında, onları qorumasam, halları acınacaqlı olacaq.
Yarpaqlar pıçıldaşar,
Ləpələr qucaqlaşar,
Meh bağçanı dolaşar,
Ay bağçama yaraşar,
Gecələr ay gecələr
.
Gecələr füsunkar olur bağçamda. Ay doğmağa və ulduzlar parlamağa tələsirlər bağçama tamaşa
etmək üçün hər gecə. Ulduzların atası olan Ay həsrətilə bağçamın üzərinə kölgə salır.
Göy yerin həsrətində,
Göyün səltənətində,
Ayın lətafətində,
Kainatın atası
Gecələr, ay gecələr.

Sən ey büllur gecə, bilirmisən, sən bağçama mən isə sənə aşiqəm!

Geri dön

İzsız məkan arzusundayam. Sanki mən doğubdoğulmamışam. Nə əzizlərimi ata bilərəm,
nə onlar tərəfindən atıla bilmərəm, məncə. Düşüncələrimsə çırpınır. Ayaqlarım məni çəkir, aparır.
Ey miskin, bədbəxt, hara gedirsən? Məhkumsan intizara, həsrətlisən doğma balana.
Geri dön, geri. Mən dönmək istəmirəm, izsız məkan arzusun-dayam.

Niyə

Bağçamda toplaşan müxtəlif növ quşlar çiçəklər arasında şənlənirlər. Kollar arasında çırpınır,
bağçada əkdiyim çiyələkləri, ağacdakı gilənar və gilasları yeyir, su ilə doldurduğum çarhovuzdan su içir,
bəziləri isə ağaclar arasında gecələyir, səs-küyləri ilə ətrafın sakitliyini pozurlar. Bir sözlə, hazıra-nazir
qonublar bağçama. Məni isə onlar hər gün həyətdə təkcə əyləşən görürlər. İlahi, bəs məni niyə saya saymırlar?

İşıq seli

Yalnızlığa məhkumam. Düşünürəm... Yenə... Qaranlıq zəkamın içərisində böyük bir parıltı
hiss edir və görürəm. Bu işıq selidir. Düşüncələrimdən doğan işıq seli.

Məhkum

Sözsüz ki, yenə təkəm. Amma bu məni nə qorxudur, nə də darıxdırır. Ürəyimdə müdhiş
bir rahatlıq var. Bu, məncə tənhalıqdan yaranan əbədi dinclikdir. Hər zaman ətrafımda insanların
olmasına baxmayaraq mən doğulandan daxili yalqızlığa məhkumam.

Ziyarət

Ölülər, çoxdandır ziyarətinizə gəlmirəm. Yəqin ki, məndən incimisiniz?! Düzünü desəm, vaxt tapmamışam.
Hə, bilirəm, ziyarətinizə çoxdan gəlməliydim. Lap tezliklə, sizi ziyarət edəcəyəm, inşallah.

Kimdir

İlahi, ətrafımdakılar kimdir? Mənə yad doğmalarmı, yaxud doğma yadlarmı?

Gözəl gözlüm

Mehribanım! Gözəl gözlüm, gözündəki bu işıq seli nədir bəs? Parıldayan
yaşıl gözlərinin baxışlarla verdiyi sual öldürəcək məni bir gün.

Zərif və zəif

Saat 00:05 göstərir. Təkəm. Bu nə arxayınçılıqdır belə?! Dur qapını kilidlə. İlahi, qadın da
bir belə qorxmaz olarmı? Axı sən zərif və zəif məxluqsan. Qorxmalısan!

Həsrət

Oğlum - uzaqda, həsrətim - yaxında. Yaşımın bu çağında doğma yadlara möhtacam.

Qaranlıq

Qatı qaranlıq duman təki süzülür pəncərəmdən otağıma. Göyün ənginliklərində parıldayan
Ay işığı otağıma dolan qaranlığın qarşısını kəsə bilmir. Və mənə elə gəlir ki,
bu qatı duman yalnız mənim pəncərəmə sarı sürünür. Qoy dolsun otağıma, qəlbimdə ki, işıq var.

Sənli düşüncələr

Səni düşünərək...

Ah, Qoca nə gəzirsən burada? Guya ki, yolunu itirmisən, guya ki, bu, təsadüfi gəlişdir. Hm. İnanmaram,
yolunu azdığına. Nəyə baxmaq istəyirsən? Mənim həyat tərzimə?! Bax, bura mənim məkanımdır.
Bu da mənim otağım.
Bu isə mənim yatağımdır. Hər gecə büzüşüb burada yatıram. Özü də səni düşünərək.

Çəkiliş

Gözlərini bir nöqtəyə zillə və bax. Kipriklərini qırpa bilərsən, amma mövqeyini dəyişə bilməzsən. Obyekt səmadı. Tərpənə bilmərəm dedi, rejissor. Lakin düşünmək haqqında bir kəlmə də demədi. Onda düşünüm...
Bu günləri mənə göstərdiyinə görə Sənə təşəkkür edirəm, Allahım. Mənə səmaya bax, danışma, dedilər.
Lakin bilmədilər ki, səmaya baxa-baxa ürəyimdə söhbətlərin ən ülvisini etdim, Yaradanımla.

Şairə

Bu gözəl duyğunu və incə hissi daşımaq fəxarətdir. Allah ilhamın və lətafətin bol eyləsin.

Darıxıram

Çoxdandır sənə salam vermək fürsətini yaxala-mamışam. Salam, Qoca. Necəsən? Deyəsən,
səni görməyəndə darıxıram axı. Ah, Qoca ah. Heyf ki, əllərin titrəyir, dizlərin sözünə baxmır.

Əzab

Sənə təşəkkür edirəm hisslərini açıq şəkildə bəyan etdiyin üçün. Və mən buna sevinirəm. Bəlkə də “Birinci
Avropa Oyunları”nda qızıl medal qazanan idmançılar mənim qədər sevinməmişdilər bu günlərdə.
Onu da qeyd edim ki, səni kəşf etdim. Və təbrik edirəm, fikirlərini aydın ifadə elədiyinçün. Qeyd edim ki,
bəlkə də bu, sevginin deyil, əzabın təzahürüdür. Çünki, sevgini bəyan etmək sənin üçün bir əzab idi.

Nədən

Sən o sən deyilsən. Səni səndə gəzirəm. Özgələşmisən. Səni səndə arayıram.
Tapmaq istəyirəm səni. İçində gizlətmisən özünü. Ah! Səni səndən qopara bilmirəm. Yadlaşmısan.
Bu soyuqluq. Bu yadlıq... Bilirəm nədəndi. Qəlbindəki kin-küdurət nə vaxt silinəcək görəsən?
Hisslərin mənə qarşı buzlaşdı. Yox, əzizim, buz əriyər, sən daşlaşmısan, təəssüf ki, daş ərimir.

Təklif

Bu günah səninmi, ya mənim? Kimdir günahkar? İstəyim var. Son kərə görüşək və ayrılaq.
Bəlkə də dost qalaq. Məncə bu təklifi bəyənəcəksən-dedim. -Necə? Yox deyirsən! Ayrılmaq istəmirsən.
Təşəkkür edirəm təklifimi qəbul etmədiyinçün. - Bağışla, 100 % günahı boynuma alıram, deyirsən.
Bax, buna da mən razı deyiləm. -50-50yə mi?! Hm. Günahları bölək və barışaq. Əla təklifdir.

Gecənin nəğməsi

Gecənin nəğməsinə qulaq asmaq istəyirsən? Nədi, musiqi səsi eşitmirsən?
Gecənin nəğməsi qaranlıq və sükunətdir. Dincəl və rahatlan gecənin qoynunda.

Sevimli

Sən sevimli və sevilməli Qocasan. Dəyərlisən. Layiqli dostsan! Təəssüf ki, Səninlə çoxdan rastlaşmamışam.

Hədiyyə

Bu hədiyyə kimindir? Mənimmi? İlahi, dəyərli insandan hədiyyə almaq insana gözəl
hisslər yaşadarmış! Dəyərli hədiyyən üçün təşəkkür edirəm, Qoca.

Param-parça

Gözlərimə baxmaq istəyirsən? Onsuz da rəngini bilə bilməyəcəksən. Bircə onu biləcəksən ki,
gözlərim param-parçadır. Qəlbimin parçalanmış və qəlpələnmiş hissələri gözlərimə hopub.
Baxma gözlərimə, nə qəlbimin kədərini ovuda, nə də gözlərimin rəngini dəyişə bilməyəcəksən.

Məyusluq

Salam Qoca, məyusam. Həyatımda ilk dəfə idi ki, gəncliyimin ötüb getdiyini bu gün mənə xatırlatdılar.
Nə qədər kədərləndiyimi bilə bilməzsən. Bilirmisən, sakit və pıçıltıyla mənə nə dedilər:
-Cavanlıq şəkilinə baxmaq istəyirəm. Ah, Qoca, o an özümü necə itirdiyimi görməliydin.

Bağışla

Xəqani küçəsi. Günün ikinci yarısı. Budur, qarşıda şair, geologiya-minerologiya
üzrə fəlsəfə doktoru Oqtay Rza. -Salam, sizi görməyimə şadam. Düzdür,
hər dəfə sizi görəndə aramızda olan hadisəyə görə çox utanıram. Allah Qəşəm Nəcəfzadəyə
insaf versin. Bağışla məni, Oqtay Rza. Amma qeyd etmək istəyirəm, siz dəyərli şəxsiyyətsiniz!

Dik gəz

Belini dik tut, Qoca. Dik gəz. Səni zamana meydan oxuyan görmək
istəyirəm. Bilirəm, qocalmısan, lakin mən sənin ölməyini istəmirəm.


Qarışqa

Qolumun üstündəki nədir belə? -Ay..y, qarışqa. Götürüb ağzıma atdım. Dilimin üstündə
çapalamağa başladı. Dilimlə onu sağa-sola çəkişdirdim. Və daha sonra ağzımdan çıxartdım,
su krantının axarına verdim. Qarışqa özü suya qarışıb getsə də, qəribə tamı ağzımda qaldı.

Hədiyyə

Balaca Tamilla və kiçik Əfsun, canlarım mənim. Xoş gəldiniz baba evinə! Siz gələndə evimiz canlanır.
Amma bu gün ilk dəfədir kiçik Məryəm evimizdən içəri girir. Xoş gəldin baba evinə, balaca qızcığaz.
Qədəmlərin uğurlu olsun. Lap yadımdan çıxmışdı, sənə mənim hədiyyəm var, axı.
Bu kiçik qızıl boyunbağı sənin boynunda parıldayacaq, Tanrım isə həyatını parlaq etsin. İnşallah!

Nar çiçəyim

Tamilla balanın ömür kitabına gözəl bir gün yazıldı; uşaq verlişində, İrəmin təqdimatında,
ANS Tv kanalında Tamillanın düşüncələrinin və dediklərinin xatirəyə dönən anlarının şahidi olduq.
O, evlərin və tamaşaçıların qonağı idi. Daim diqqət mərkəzində olasan və gözəl həyatın olsun, nar çiçəyim.

Kimdir haqlı

Gecə saat 2-ni ötüb. Dərnəgül şossesində şütüyən “Prado" markalı minik avtomobilinin arxa
oturacağında balaca, toppuş bir qızcığaz boynunu bükərək yatıb. Sükan arxasında
olan qadın qızcığazı ovundura bilmədiyindən onu geri anasına aparırdı.
-Ax, Tamilla, sənə nə deyək?! Ananı arzuladın. Bəlkə də sən haqlısan. Axı səni çox görmək imkanımız olmur.

Sağ olsun

Doğurdan a...a... bu gün bizim evliliyimizin ildönümüdür. Amma sən bunun üçün məni
təbrik etməmisən, əzizim. Elə mən də. Deyəsən, artıq bunun əhəmiyyəti qalmayıb axı?!
Zəng edib yadıma salan və bizi təbrik edən ciyərparə sağ olsun!

Ruhum

Cismim bütöv, ruhum isə param-parçadı. Xoşbəxt cismim hər yerdə görünür. Ruhum isə özünə yer tapmır,
cismimdən qopa bilmir. Vücudum ruhumu məhkum edib can qalasında. Dustaqlıqsa ölümdən betərdir.
Ruhum cismimin ölməyini gözləyir. Cismim yenə xoşbəxt. Qəbri onu gözləyəcək. Bəs ruhum hara gedəcək?

Codlaşmış əllər

Əllərinə bax. Bəsdir bu torpaqda eşələndiyin. Nə qədər qulluq etsən də bu bağça payızın
sonunda özünü qışa təslim edəcək. Yaratdığın gözəllikdən əsər-əlamət qalmayacaq.
Öz gözəlliyini bu bağçada məhv edirsən. İnanmırsan? O zaman codlaşmış əllərinə bax.

Hansına

Bağçamdakı gavalı ağacı mənim çətirimdir, hər gün kölgəsində əyləşirəm. Daha doğrusu altına qoyduğum
oturacağın üstündə dincəlirəm. İndi mən hansına təşəkkür edim, ağaca və ya oturacağa?

Qalx ayağa

Niyə imkan verirsən qarnıac ağcaqanadlar səni didib-dağıtsınlar? Bədirlənməmiş Aya baxa-baxa pilləkənin
ayağına çöküb qalmısan. Qalx ayağa. Yorğun bədən ruhunun köməkliyi ilə qaranlıqdan işığa sarı süründü.
İşıq selini vücudunu bürüdü. Bax, belə. Zülmətin içərisindən qalxmaq aydınlığa çıxmaq varlığın isbatıdır.

Ağlayan düşüncələr

İnad etmə

Dur, aynaya bax. Gör nə qədər gözəlsən! Bu gözəlliyi ziyan etmə. Bu dünyada gözlə görünməyən
hissiyyatın sənin ülviyyətindir, üsyan etmə. Daxili harmoniyaların xaricinlə çarpışmaqdadır.
Zərif, zəif olsan da döyüş. Qələbə inadkarlarındır. Döyüşdükcə iradən bərkiyəcək. Müvəffəqiyyət kölgəsi
arxanca düşən zaman sevinc işığı səni saracaq. İşıq qara kölgələri qovacaq. O zaman işığa bürünəcəksən.

Payız küləyi

Payız küləyi ruhumu köksümdən çıxarıb aparacaq. Bu külək sənin ətrini ətrafa dağıdır.
-Burada olmusan?! Hə, düz tapmışam ətrini hiss edirəm. Deyəsən, buralardasan?! Hardasan?
Ətrafa boylanıram. Gedimmi, görəsən?
- Otur, bu oturacaqda, heç hara tərpənmə deyir, ağlım. Amma ürəyim küləyə qoşulub
arxanca getmək istəyir. Külək məni sürükləyir.
- Qayıt, əmri verir, ağlım. Geri dönürəm. İndi isə otur, -deyir.
- Yox, getmək istəyirəm. Daha doğrusu külək məni aparır.
Ağlım soruşur: -Hara gedirsən? -Qoy küləkdən soruşum...

Əsrarəngiz səs

Bu nə səsdi? Mənlə danışan kimdi? Tanrım, eşidilən bu əsrarəngiz səs dərgahından süzülürmü?
Səs:-Ey…y… sən… Bir-biriylə pəncələşən buludların arasından qulağıma süzülən səsin şirinliyi necə də məstedicidir. Sanki havadayam, səsin sehrində süzürəm. Səs: -Ey ruhi iztirabları tükənməyən qız, niyə
özünə bu qədər əzab verirsən? Ürəyinin səsinə qulaq as. Hisslərini gizlədib yaşamaq, bil, yaşamaq deyil!
Cismindəki ruhunu incitmək, əzaba, dustaqlığa məhkum etmək günahdır. Ey ruhunu əsir edən,
çöhrəndə üzüntü var. De, bu üzüntü kimin üçündür? Ey əzabların məngənəsində sıxılan, daha əzablara sığınma. Sən əzablara sığındıqca zaman dəyirmanı səni daşları arasında ovudacaq, daha sonra zaman
küləkləri səni sovuracaq. Artıq zamanıdır, qop iztirablardan. Xoşbəxtliyə çatmaq üçün sənə yalnız bir şey gərəkdir: bu, əsrarəngiz, səsin sehrinə düşmək:
- Gəl, əgl, əssin arxasınca, gəl! Ey…y… sən,
….gəl…l…

Təmiz çəkmələr

Gözlərim tərtəmiz çəkmələrinə sancılır. İndi daha onları mən təmizləmirəm. Hə, indi onun
çəkmələri çox şeydən təmizdir! Sən Allah, bir buna bax, baxışlarım necə də sancılıb qalır tərtəmiz
çəkmələrində. Gül kimidir çəkmələri. Məndən sonra kim təmizləyir axı onun çəkmələrini?!

Ləyən

O qızıl ləyəni bəri gətir görüm. Bu dəqiqə ona qan qusacağam! Bu qanı qusa bilsəm içimə axıtdığım göz
yaşlarından da azad olacağam. O yaşlardan ki, qəhərindən boğazımı yandıra-yandıra içimə ağlamışam.
Bəs bu yetimlər , bəs onlar necə olsun?! Özüm özümə qalsaydı nə vardı ki…Ah, bu ürək!

İztirab

Yox, belə olmaz, ayrılmalıyam! Ah, iztiraba bax. Ayrılmağı da bacarmıram. Nə zaman ayrılmağa qərar
verir, səndən ayrılıb gedirəmsə, elə o andaca sənə yenidən qovuşmaq istəyi məni alov kimi qarsır.
Səni lənətə gələsən! Yenə səninləyəm. Qapını bərk çək, qoy iztirab dörd divar arasındaca əriyib yox olsun.
Hə, bax belə! Bu otaqda odla-su arasında qalan şübhəli həsrətin odu var, indicə alışacaq.

Qızılı payız

Yağışın anası payız, «Gözəlsən! Nə gözəl qızılı rəngli, çalarlı paltarın var!», deyirlər sənə. Bəs niyə
demirlər ki, nədən bu qədər qəmlisən? Niyə hər zaman ağlayırsan? İçi özünü, çölü özgəsini yandıran
payız, göz yaşların göz yaşlarıma necə də bənzəyir. Qızılı payız, de görüm, mənimlə razısanmı?

Sus

Yağışın dam üstünü döyən damlaları sanki mənə: - Ağlama, ayrılığı özün istədin.
Sus və döz! Sus artıq, deyir. Ah, susa bilsəydim... İçimdən qopan nalələrin titrəyişi
payızın havasına toxunar-toxunmaz pəmbə buludların arasında əriyib yoxa çıxır.

Bəlkə də…

Dünyanın qapısı üzümə bağlanıb sanki. Bu bağlı qapının rəzəsindən süzülən, sanki azıb gələn
işıq selinə ümidlənirəm. O işıq selinə ki, ölən arzuları dirildəcək, sönmüş arzuları alovlandıracaq.
Ah, danışdıqlarıma özüm inanımmı, Tanrım?! Bu baş verəcəkmi? Nə bilim, bəlkə də…

Di, salamat qal

Yağış kəsir. Ağlayıb doydu, deyəsən... -Gözüyaşlı, gedirsən? Di, salamat get. Get, dərdi dərdimə bənzəyənim.

Zərbə

Vurduğun zərbənin necə güclü olduğunu bilmədin. Səndən aldığım zərbədən bir ay özümə gələ
bilmədim. Məni dəyişmək?! Ovunmağa ehtiyacım var. Ağlamaq dərdimi ovutmur.
Dərdləşməyə ehtiyacım var. Ey, səninləyəm... Sən isə... Eh nə isə...

Niyə gəldin

Atılmış kimi hiss edirəm özümü. Doğmalarım məni atan kimi, sən də məni at. Buna da dözəcəyəm.
Sənə güvənirdim. Fikirləşirdim ki, sən dağlar oğlusan?! Dağ kimi də vüqarlı olmalıydın!
Sənə güvəndiyim dağlar... Qəribədir, bütün olanlardan sonra yenə səndən ayrılıb, getmək istəmirəm.
Nə olsun ki, sənə güvənirəm, sən mənə güvənmə! Çıx get, Allah eşqinə. Niyə gəldin axı arxamca?!

Qaldı

Sənə taleyimdən o qədər epizodlar danışmışam ki... Amma o qədər danışmadığım, ürəyimi
dəlmə-deşik edən deyəcəklərim vardı ki... Susma, deyirsən. Hə, düzdür danışmalıyam.
Dedim, axı ürəyimi deşən o qədər deyəcəklərim qaldı ki...

Xatirə dalğası

Qadın düşünür; bir ömür boyu o qədər döyülmüşəm ki. Allah o günləri ömrümdən silib atsın.
Ölmüş nişanlımın meyiti yanında da döyüldüm. Ölümünün səbəbkarı olduğum üçün.
Heç soyuq üzünü də göstərmədilər mənə. Boş yerə yetim saxlamağa gəlməmişəm ki. -
Gözəlsən! -demişdin, nə olsun ki, taleyim ki, gətirmədi! Mən səni bu qədər niyə istəyirəm, deyəndə;
nə bilim demişdin. Əslində, mən bilirdim... Eh, bunlar niyə yadıma düşür ki?! Hə, onu deyəcəkdim axı sənə...

Qaç...qaç...

Bir ömür boyu döyülməkdən, söyülməkdən, danlaqdan qaç... qaç...qaç... mən bədbəxt taleyimdən
hara qaçım axı? Gülməli olsa da doğulan günümü dəqiq bilmirəm. Amma ölən günümü biləcəyəm.
Bir payız günündə, çarəsiz halda qucağında öləcəyəm. Eh, hardan gəldin axı taleyimə?!

Zaman təkəri

Bilirmisən, anam məni təkər üstündə doğub. Doğulan an məni yekə təkərlərin arasından çıxarıb,
zaman təkərlərinin üstünə tərsinə qoyublar, sanki. Və o vaxtdan bəri zamanın çarxı məni tərsinə
dolandırıb durur. Bəlkə də bu üzdən işlərim düz gətirmir. Bu kimin taleyidi? Nənəm məni sevməzmiş.
Mənə uğursuz deyərmiş, mən doğulan kimi iki yaşlı bacım öldüyünə görə. Amma anam deyərdi ki,
sən doğulandan sonra var-dövlət başımızdan töküldü. Deməli, mən heç də uğursuz deyiləmmiş!
Mənə qoyulan doğma adım yalnız yaxınlarım tərəfindən işlənsə də, sənədlə ölən bacımın adını daşıdım.
Bəlkə, taleyini də daşıyıram. Ad yad, tale yad - özümü tapa bilmirəm.

Keçmişə səyahət

Hər gecə əllərimi gizlicə göyə qaldırıb yalvarır, kimsənin gəlib məni aparmasını Allahdan diləyirdim.
Kaş o zaman gəlib məni aparaydın, canım. Səni görəndən sonra hər şey dəyişdi. Səni çox,
sənin bilmədiyin qədər çox istəyirdim. Fikrimi çaşdırma, daha indi heç kimə bənzəmədiyinə görə yox,
səni – özünə bənzədiyinə görə sevmək istəyirəm. Və sənə yaxın olmaq istəyirəm.

Qorxmuram

Demişdin, istək qorxunu üstələyir. Mən o qorxunu aşdım, sən isə aşa bilmədin, canım.
Bu sətirləri yazarkən yalqızam. Amma daha qorxmuram. Sən mənə tək qalanda qorxma demişdin, axı.

Yetim

Anasızlıq, yetimlik necə olur canım? Yəqin mənim çarəsiz halım kimi. Sən anasız, mən analı yetiməm.
Mən öyrənmişəm yetimlərə ana olmağa. Sənə də ana olmaq istəyirdim.

Əlvida

Yorulmuşam, həyat məni yorub, daha yazmaq istəmirəm. Əlvida!... Bir payız günündə, çarəsiz,
qucağında öləcəyim günün arzusu ilə. Sənə qurban olaram, sən özgəsinə qurban olduğun kimi.

Lal düşüncələr

Fikirləş

İki addım irəli! Bir addım geri! Yox, getmə, deyir, ağlım. Qoy uşaqlarını özü saxlasın! Yox, fikirləş, getmə!
La-İlahə-İlləllah! Sübhan Allah! Qərar verə bilmirəm. Nə vaxt ki, səndən bircə addım geri çəkilirəm,
o andaca iki addım sənə sarı dartılıram. Elə indiki kimi. Səndəki bu cazibə qüvvəsi nədir belə?!
- Qalxıram, bir addım irəli! Dayanıram. Ayaqlarım məni geri çəkir. Gerimi, irəlimi?

Tale

Salam odum-ocağım! Bu da mən! Mənsiz darıxmışdınızmı? Boynuma alım ki, mən darıxmışdım. -Kimdir mənimlə
danışan? Üstümə qurd tək gələn divarlarmı, yoxsa mənim üçün darıxan otaqlarmı? Sizi darıxdıran nə oldu. Sükut və sükunətmi? -Nə dedin barışdınmı taleyinlə? -soruşdunuz. -Bəli, taleyimlə barışdım, odum-ocağım!

Salam, Qoca

Səni hər gün görürdüm. Görürdüm, amma... Salam belə vermək istəmirdim sənə, Qoca.
Baxmayaraq ki, sən mənə hər gün salam verirdin. Verirdin, amma... Kimsən, nəçisən,
buralarda nə gəzirsən? Nəyimə gərək? Düz on il salam verməkdən yorulmadın, Qoca.
Budur, illər keçib, sən yenə də salam verirsən. Bu illər səni bir az da qocaldıb.
-Hə, yaman qocalmısan. Eh, Qoca, bu gün yenə salam verdin. Və nəhayət ki,
on ildən sonra sənə Allah salamı verirəm. -Salam, Qoca!

Sən və təbiət

Yazın günəşli vədəsində, bağçamda quşlar qanad çalır və civildəşirlər. Gözlərini süzən günəşin
şəfəqlərinin köməkliyi ilə əkdiyim toxumlar cücərir. Gücsüz gövdələri torpaqdan Günəşə boylanır.
Müxtəlif növlü qızılgüllər yanaqlarına qan çiləyiblər təbiətin rəngindən sanki. Budur, məhəccərə söykənib,
çiçəklərə tamaşa edirəm. Bu nədir qərənfillərin yarpaqları arasında qızaran?
-Ah, zavallı! Kiçik, balaca karlik qızılgül?! Sən ki, burada boğulursan. Biçarə Günəşə sarı boylanmaq istəyir.
Lakin qərənfillərin uzun və qalın gövdəsi arasından qalxa bilmir. Gözlə, sənə kömək edəcəyəm, bu dəqiqə.
-Bax, belə, deyərək, qərənfil budaqlarının bəzilərini yolub yerə tökürəm. Sanki balaca qızılgül
məhkumluqdan azadlığa çıxır. Necə də gözəlsən! Nə qəribə rəngin var?! Hə, sən naringi rənglisən. Çox
füsünkarsan, cazibəli qadın kimi. Buyur, təbiətin qoynuna. Sən də mənim kimi yeni dünyana xoş gəldin.

Axtarma

Salam, Qoca. On ildir ki, çırpınırsan. Və nəhayət.... Nə isə ki, yaşının bu vədəsində
həmsöhbətini tapdın. Tapdın, amma... Bu illər ərzində günlərini zamanın küləklərinə qurban verdin.
Sənə elə gəlmirmi ki, gecikmisən? Gecikmisən Qoca! İlahi, nə axtarırsan axı sən?
Yeni duyğularınımı, ya itən illərinimi? Nə fayda Qoca? Axtarma...aaa.aaa....!!!

Nəyinə gərəyəm axı?!

Sənin səsindir? Yad səsinə oxşayır. Daşa dönmüş, niyə daşlaşdın, soyuqlaşdın mənə qarşı?
Hara gedirsən? Məni də apar. Apar, qurbanın olum. Aparmırsansa, heç olmasa yaddaşında götür məni.
Gedirsən deyəsən, mənə demirsən,
Nə bilim haraya səfərin sənin?!
Özüm unutmuşam, qəlbim unutmur,
Qoy olsun əzizim, xəbərin sənin.


Unutmaq istəyirəm

Özümə yaman acığım tutur səni unuda bilmədiyimçün. Unutmaq istəyirəm...yerişini, gülüşünü,
tərzini. Unutmaq istəyirəm...əllərini, gözlərini, bütünlükdə vücudunu. Unutmaq istəyirəm mənə dediyin
kəlmələri... sənlə bağlı nə varsa... Mən sənin gözündə deyildim, bilirəm. Amma sən gözlərim önündən
getmirsən. Səni unuda bilmirəm. Anlayıram, mən sənin nəyinə gərəyəm axı?!
Məni yaddaşının bucağına at,
Məni nifrətinin ocağına at,
Dartıb əllərimi sinəndən qopart,
Mən sənin nəyinə gərəyəm axı?!


Kimdir o

Arzularım puça çıxdı. Sənin üçün çəkdiyim əzab və iztirablar evimin daimi sakininə çevrildilər.
Bəs sən...yox, bunu soruşmaq istəmədim. Nə düşünürsən? Yox, bunu da soruşmaq istəmədim.
Kimi düşünürsən? Kimdir o, sənə zəng edən?
Mənim arzularım toxundu daşa,
Yeni sevgilinlə indi baş-başa
Necə istəyirsən elə də yaşa,
Mən sənin nəyinə gərəyəm axı?!

Baxışlarınla mənə get, deyirsən. Gedirəm.
Sorğu-sual üçün səni məhşər günündə
gözləyəcəyəm, sevgi Tanrısının hüzurunda.

Uğur olsun

-Hara?
-Çəkilişim var.
-Dayan, qeydiyyat kitabına baxım,
dedi, növbətçi polis.
-Mətanət Ulu Şirvanlı?
-Bəli.
-Buyurun, üçüncü mərtəbə. İctimai tv kanalı.
“Səhər Sovqatı” Səhərin qonaqları;
Şairə Mətanət Ulu Şirvanlı, şair Güloğlan
Dünya. Aparıcı Nərgiz xanım. Verlişin redaktoru: Əli Aslanoğlu. Təyyar Bayramovun rəhbərliyi ilə
musiqi qrupu. Bu gün də belə yadda qaldı. Uğur olsun, Mətanət Ulu Şirvanlı!

Səni niyə görməmişəm

-Salam. Səni ilk dəfədir görürəm.
-Hmm
- Mən səni niyə görməmişəm?!
Yəqin Günəşin arxasında gizlənmişdin?!
Günəş arxasında gizlənən gözəl,
Kim kimdən gözəldir, deyə bilərsən?
Aydan da gözəlsən, Günəşdən də sən,
Gözəl, dünyayla bəhsə girərsən!

Yox, yox, günəş sənin arxanda
gizlənər, utandığından.

Unut

Görəsən, nəyi gözləyir? Axı nəyi? Yadına heç nə düşmür. Mən varam, yoxam...elə bil olmamışam...
Bir az düşünüm...ağlım deyir: -Eh, nə bilim, özünə haqsızlıq edirsən. Unut.

Qayıt

Nədi, nə istəyirsən? Qayıt get. Çıx get Allah eşqinə. Pozma həyatın düzənini. Səni görmürəm.
Daha doğrusu- görmək istəmirəm. Çıx get, dedim. Qayıt! Mən də gedirəm. Ah, bu yollar! Məni hara aparır? Gedirəm. Evimə gedirəm. Hə, bu da çiçəkli bağçam. Bax a, ürək, dönmə əhdindən. Allah eşqinə dönmə!

Kədər lavası

At kədəri ürəyindən, at. Üzüntünü yox et. Dön geri bax və şəlalədən çarhovuza tökülən suyun şırıltısına
qulaq as- həzin bir nəğməyə qulaq asdığın kimi. Bir də əllərinlə becərdiyin növbənöv güllərin gözəlliyinə
tamaşa et. Çiçəklərin rahiyəsi səni niyə bihuş etmir axı?! Ürəyində gəzdirdiyin kədər nədir belə?
Ətrafını sarmış bu çilçıraqlı həyətin əsrarəngiz gözəlliyi səndən uzaqdır, sanki. Ətrafındakı təbiət
gözəlliyini duymursa. Qaranlıq düşür. Quşlar da susdu. Qalx. Götür samovarı, apar qoy yerinə.
Mürəbbəyə də əl vurmadın. Çayını qəndlə içdin. Olsun. Bu gün də belə ötdü. Özün bilərsən, apar
kədəri ürəyində öz otağına. Lap yataq otağına da apara bilərsən. İstəsən kurjevalı mələfənə də
bükə bilərsən qəlbindəki kədəri. -İncimə könül, incimə. Deyəcəyəm; axmaqsan!
Sığalla kədərini. Amma gör kədərin səni sığallayırmı?

Öz-özünlə söhbət

Çək əllərini telefondan. Çək! O, ki, sənə zəng etmir. Deməli, yadına düşmürsən. Bəs sən niyə zəng etmək istəyirsən?! Sal əllərini cibinə. Bax, belə. Darıxırsansa otaqda var-gəl eylə, amma zəng eyləmə!
Gözlərini də çək telefondan. Zəng etməyəcək! Hara qaçırsan? Deyəsən, telefon çağırdı...
-Kimdir? Hm. O, deyil. Gördün. Dedim axı, zəng etməyəcək.

Gəl...

Necə də intizarla gözləyirəm səni, Məryəm. Gəl, quzum, gəl, çiçəyim, gəl. Gəl, bu dünyanı salamla.
Gəl, bu dünyanı anla, gəl. Gəl izim, gəl özüm, gəl həyanım. Gəl uğurum, gəl mələyim, gəl. Gəl, Məryəm, gəl!

Salam

Salam, Qoca. Nə düşünürsən? Yox, elə demək istəmədim, daha doğrusu bunu soruşmaq
istəmədim. Kimi düşünürsən? Bu qeydlər nədi kitabçanda? Nəyi işarələyirsən?
Yaşadığın illərinimi, ya qalan günlərinimi? Eh, Qoca, Qoca...

Kimə, mənə

Bu kasıblıq səni öldürəcək. Nə almaq istəyirsən? Özü də mənə? Lazım deyil! Pulu qoy cibinə.

Öləcəksən

Ölmək istəmirsən?! Öləcəksən! Özü də it kimi gəbərəcəksən! O günü necə də görmək a
rzusundayam. Nankor! Bu gün də ölməsən...sabah öləcəksən... Əgər sabah da ölməsən...
eh nə fərqi var, axırı nə vaxtsa öləcəksən! Öləcəksən... öləcəksən! Sənin Əzrayılın
burnunun üstündədir. Gözlərini aşağı endir, görəcəksən. Öl, amma, Əzrayılı görəndə ürəyin
partlamamış öl. Yox, qız, hələ ölmə, sənə hələ baxmaq istəyirəm...

Yahu

Ağ, balaca Yahu deyəsən, susamışdı. Yaşıllıq içərisində tikilən həyətdəki şəlalənin üstündə bir neçə
dəfə dövrə vurdu. Lakin suya enmədi. Çünki biz suya yaxın oturacaqda əyləşmişdik. Yahu özünü
yarıtikilmiş evin damı altına saldı. Az keçmədi ki, oradan çıxdı. Qonşu həyətdəki üzüm çardağına qondu.
Və suya həsrətlə baxaraq qanadlarını çırpdı və bizə yalvarırmış kimi səs şıxartdı. -Durun, burdan gedək,
- dedim. Yahu suyun üzərinə qondu. Mənə elə gəldi ki, o su içmədi. Suyu ağzında apardı.

Sabahın xeyir, dünya

Sabahın xeyir, ey günəşli, ey, çiçəkli dünya! Sənin zinətlərin içərisində ən dəyərlisi nədi? Su, od, səma,
torpaq? Yoxsa üzümə gülümsəyən bu şəfəqli Günəşmi? Bütün bu ünsürlərsiz insan oğlu yaşaya bilməz.
İnsanı sənin əşrəfin sayırlar, dünya. Biz isə səni Allahın möcüzəsi! Qonşuluqda xoruz banladı.
Yəqin o da səhəri salamladı. Bağçamda titrəşən çiçəklər də dünyanı hər səhər salamlayır.
Ah, dünya, əbədi dünya. Biz yalnız sənə salam verməyə gəlmişik. -Sabahın xeyir dünya!

Günəş batır, Qoca

Burada nə gəzirsən Qoca?! Nə axtarırsan şəhərin burulğanında? Bəlkə bu qatar vağzalının yanında
durmaqda məqsədin kimi isə gözləməkdir?! Yox, belə deyilmiş. Üzünü 28 may metro stansiyasına sarı
yönəltdin. Kassaya yaxınlaşdın. Hm. Cibindən çıxartdığın, əski parçasına dönən qatar biletinə bax.
Hara gedirsən axı? Sənin ki, evin əks istiqamətdədir. Günəş batır, qayıt evinə Qoca, qayıt.

Körpə

Bu gün dünyanı bir körpə salamladı- adı özündən qabaq doğulan körpə. Və dünya da körpəni salamladı.
Xoş gəldin balaca qızcığaz, dünyaya, -dedi. Ayaqlarını yerə bərk bas, ey körpə. Bərk bas ki, bu
dünyanın gərdişinə duruş gətirə biləsən və hər işində qalib gələsən. Sən ey dünyanı açıq gözlə görmək
və dərk etmək istəyən körpə, uğurlar nəsibin olsun! Taleyinə firavanlıq yazılsın. Sayılan və seçilən kəs olasan!
Azərbaycan adlı şirin məmləkətdə xalq istəyi boyda dəyərin və hörmətin olsun, inşallah.

Xoş gəldin Məryəm!

Hə, Məryəm, bu sənsən, gözlədiyim sən. 27 may saat 10:45 dəqiqələrində gəldin dünyaya. Xoş gəldin izim, xoş gəldin cığırım, xoş gəldin adaşım. Xoş gəldin ruhum. Xoş gəldin candan bir parçam. Xoş gəldin dünyaya!

Kiçik mələk

Bu körpənin açıq baxışlarında hansı hikmət var? Bu nə baxışdı İlahi? Əvvəlcə iti baxışla mənə, sonra
qəribə nəzərlərlə öz bibisinə, daha sonra isə ətrafdakılara nəzər yetirdi, dünyaya təzə gələn körpə. Dünyaya
baxışların beləcə geniş olsun, balam. Xoş baxdın əzizlərinə. Hə, qızım ətrafındakılar sənin əzizlərin,
doğmaların və daima səni qoruyanlarındır. Yalnız ən böyük qoruyanın Tanrın olsun, kiçik mələk!

Bezdim

Bezdirdin məni. Axı nə istəyirsən, Qoca?! Mənim vaxtım yoxdur! Səninlə söhbət edə bilmərəm. Darıxırsan?
Mən neyləyim axı?! Sənin kimin, kimsən yoxdurmu ki, səninlə həmsöhbət olsun?! Bezdim, Qoca. Çıx get.

Düşüncə yağışı

Ömürdən gün

Yağış yağır. Küçələrdə daşan sellər nə qəmimi yuyur, nə də sürükləyib aparır. Günəş də küsüb.
Neçə gündür çıxmır. Səmanın üzünü qəm pərdəsi alıb. Dünya üzünə qaranlıq çöküb. Bəxtimə qəm çökən kimi.

Darıxıram

Nə üzünü görür, nə də səsini eşidirəm. Ah, darıxıram, səsini eşitmək istəyirəm. İçimdən qopan bir səs;
-Zəng et, deyir. Düşünürəm; qərar verirəm. Olmaz, deyirəm. İçimdəki səs şeytandır, sanki, bağırır;
-Nə durmusan, tez ol, zəng et!
Gizli nömrəylə rəqəmləri yığıram. 055...rəqəmlər telefonun ekranına səliqəylə düzüldükcə həyacanım artır.
Səs eşidilir.
-Alo...alo...Susuram.
-Sənmisən, gülüm, qayıt evimizə!
İçimdəki səs;
-Cavab vermə, sus,-deyir. Yenə susuram. Sonra isə özümü danlayıram. Nahaq səsimi çıxartmadım. Darıxıram.

Gecə

-Bu gecə yaman darıxıram. Bu ki, sənin evin deyil. Özgə yerdə darıxarsan da- deyə düşündüm.
Göz yaşlarından nəmlənmiş gözlərimi silə-silə pəncərəyə yaxınlaşdım. Yağış neçə gündür kəsməyib.
Eh, bu yağış dərdimi yumadı, nə də dərdim sulara qoşulub getmədi. Amma bu yağış bağçanı
sevindirdi. Xurma ağaclarındakı xurmaları tər-təmiz yudu. Səhər açılsaydı...
Bəlkə Günəş də çıxar... Eh, bircə bu gecədən də çıxa bilsəydim...

Şirin bir yuxu

Bu, bir yuxu idi, şirin bir yuxu. Sən də, mən də oyandıq artıq yuxudan. Bu sevda bir gün sona
yetməliydi, yetdi də. Ayrılığı saldığım üçün məni bağışla. Bu ayrılıq bu gün də baş verməsəydi, açılan
sabahların birində mütləq baş verəcəkdi. Yəqin, sən də darıxırsan? Darıxma mənim kimi.
Zənn et ki, yatmışdın. Yatdın və şirin bir yuxu gördün.

Susan sevda

Bir zamanlar dəmir körpü üzərindən Allaha ucalan sevgimiz bax, bu gün əzabların pəncəsində necə də
çırpınır. Cavabsız qalan zənglərin göz dağımdı. Zəng etmə. Onsuz da telefonu açmayacağam.
Bu lənətə gəlmiş sussaydı…Nəhayət ki, telefon da susdu. Ah…h…sevgimiz də susdu.

Həmdərdlim

Salam, payız, salam, yağış! Salam, nur parçası, xoş gəldin! Nə bildin ki, bu gün qəmliyəm?
Nə bildin ki, bu gün özüm kimi gözüyaşlı birisini gəzirəm dərdləşməkçün?! Gəl, dərdləşək.
-De görüm, buludlara nə olub yenə? Dinmirsən. Çünki, hələ də ağlayırsan. Hava bu gün tutqundu,
mənim kimi. Yəqin bir az sənə, bir az da mənə pərişandı. -Hələ ağlayırsan? Ağlama, həmdərdlim, ağlama.
Susursan…Danışmaq istəmirsən? Onda mən danışım sən qulaq as: -Ah, gözüyaşlım, ah, dərdi dərdimə bənzəyənim. Sənin göz yaşların kainatın həyatvericisi, mənim göz yaşlarım isə öldürücüsüdür.
Hələ qəzəblənmiş buludlara bir bax! Çax, başına dönüm, çax, öldür məni tənhalıqdan qurtarmaqçün.

Zəbun

Kədər ətrafımı sarıb. Yağışdan islanmış tül pərdəm sanki pərişan halıma acıdı. Yelpiklənərək kədərimi
qovmaq istəsə də, gücü çatmadı. Zərif furujerli qanadlarını çırpıb yanlarına saldı. Necə də bədbəxtəm.
Halbuki taleyim xoşbəxtliyə layiqdir. Cılız, balaca vücudum ömür boyu kədərlərlə döyüşdü.
Nəhayət dözmədi. Zəbun oldu. Ah, zavallı vücudum!

Cazibə qüvvəsi

Kədərin çaldığı zəfər marşına qulaq asmaq nə qədər dözülməzmiş. Maqnitin cazibə qüvvəsinə dartılan
kimi hələ də kədərin qüvvəsinə sarı dartılıram. Qəmə sürüklənə-sürüklənə üzümü səmaya tuturam:
-Tanrım, niyə məni bu boyda şərqin kədər məntəqəsinə çevirmisən?! Cavab gəlmir.
Açıq pəncərəmdən üzümə düşən qəmli yağış damlası kədərini kədərimə qarışdırır.

Qayğılı düşüncələr

Salsa

Musiqi sədasından simi qırılmış kaman kimi titrədim. Bura haradır? Qoy görüm buranın qapısı
hardadır. Binanın tininə dönürəm. Qarşıma dəstəksiz dəmir qapı çıxır. Astaca qapını itələyirəm.
Mərmərə tutulmuş pillələr məni zirzəmiyə yola salır. Sağ tərəfdən zərb alətlərinin səsini xatırladan
ayaq səsləri. Geniş aynalı zalda qara libaslı, uzun boylu oğlanlar milli musiqimizi öyrənirlər.
Oğlanlardan bir mənə yaxınlaşır: -Nəsə lazımdır? -soruşur.
- Sadəcə baxıram. Bəs qızların otağı haradadır, deyə oğlana sual verirəm.
- Sol tərəfdə.
Bu da qızların məşq zalı. Hündür boylu qızın əlindəki nədir elə? Deyəsən, pişikdir, yox, itdir.
İt və ya pişik olduğuna qərar verə bilmirəm. İlahi, bu nədir axı, it ya pişik? Bu yaratdığın hansı məxluqdur?
Lap başımı itirdim. La İlahə İlləllah. Nə qəribə məxluqdur bu?! Bu boyda auditoriyada bu qədər qızlar
qaldı, ağlım bu qəribə məxluqa ilişdi. Bu an qız əlindəki heyvanı yerə tulladı. Yerə düşməyindən pişiyə oxşadı.
Axı qulaqları it qulağıdır. Gör, necə də sallanır gözünün üstünə. Xal-xal dərili...lənətə gələsən kor şeytan!
Qəribə musiqi səslənir. Elə o andaca totuş bir oğlanla arıq bir qız meydana atıldı, qıvraq hərəkətlərlə
oynamağa başladılar. -Bu nə rəqsidir deyə, yanımda dayanan çəlimsiz qızdan soruşuram.
-Salsa rəqsi.
-Nə rəqsi?
-İtalyan rəqsi.
-Nə anlam daşıyır?
-Qədim italyanların hər hansısa salatlarındansa götürülmüş ad,- deyə qız cavab verir.
Getsəm yaxşıdır. Qaranlıq düşüb deyəsən, qapıdan çıxıram. Hər yan zülmətə bürünüb ki?! Dayan,
bir görüm buraya vurulan lövhəyə nə yazılıb. Azərbaycan Dövlət Neft Akademiyası “Gənclik” rəqs studiyası.

Getmə

Ayaqlarım bədənimi lövhənin qarşısından çəkib apardı. Yenə hara gedirəm. Dayan, zəng et rəfiqənə.
Çantamı eşəliyib telefonumu çıxardıram. Buna bax ey, zibilə qalasan! Heç bircə dəfə də olsun
zəng gəlməyib. Kimə gərəksən axı?! Xəttin o başından yorğun qadın səsi eşidilir.
-Alo, hə, gəl gözləyirəm. Ayaqlarıma baxıram. Yox, getmə, - dedi, ayaqlarım.

Acmışam

Yeri ayaqlarının aparacağı yerə. Ayaqlarım da məni elə dartır a. Budur, bu da Dəniz Kənarı Park.
Gecənin qaranlığında kimsəsiz sahil ləpə döyürdü özüyçün. Parkda yerləşən Bakı restoranında əyləşən
qonaqlar bərq vuran işıqlar içərisində aydınca görsənirdi. Xəyallarımda özümü restoranın içərisində
hiss etdim. Düşündüm; -Acmışam. Amma pulum yoxdur. Onda ora baxma.
Uzaqdan eşidilən gəmi fiti məni xəyallarımdan ayırdı.

Ehtiyac

Palıd ağacının yarpaqlarını dəniz küləyi gətirib ayaqlarıma dolaşdırdı. -Hə, xoş gəldiniz! Onsuz da
danışmağa adam tapmıram. Külək sizi hara aparır belə? Getməyin, dayanın! Eh, onlar da getdilər.
Yenə telefona sarılıram. Cavab yoxdur. Səni lənətə gələsən! Beş dəqiqəlik kiminləsə danışmağa ehtiyacım var.
Ah, zavallı canım. Kimim var ki, kiminlə də danışam?! Heç getməyə də yerim yoxdur!

Şəkil

Qaranlıqda dəniz nə gözəl sayrışırmış, Ay işığı altında. Soyuqdan əllərimi ağzıma təpirəm.
Səs... Kiminsə ayağı altında qalan xəzəllərin xışıltısı. Yaxınlaşan addım səslərindən qorxub
çantamı sinəmə sıxıram. Yoğun gövdəli ağacın arxasından əlində aparatı olan, nazik bədənli,
cavan fotoqraf çıxır.
-Şəklinizi cəkim?
-Pulum yoxdur.
-Cəmi 1-cə manata.
-Yaxşı, çək.
-O zaman işığa gəlin.
-Yox, dənizin qaranlıq rəsmini arxa planda istəyirəm. Sonuncu ümid yerim olan manatı da şəkil çəkənə verdim.

Öz-özünü qınaq

Dəniz, qaranlıq və mən. Əcəb maraqlı kompozisiyadır.
Bəs, qorxu, tənhalıqdan qorxmursan?
Düzünü boynuma alsam, qorxuram. - Onda çıx get!
-Hara? -Cəhənnəmə! İsti od-ocağından niyə didərgin düşürsən axı?!

“Vital düşüncələr”

Get

Növbəti stansiya 28 may. Qatardan düşümdüşməyim? Düşsəm yaxşıdır. Bəlkə qayıdım evimə?
İçimdən bir səs; -yox, qayıtma, deyir. Deyəsən, ayaqlarım məni çəkib harasa aparır axı,
hara gedirəm? Əşi nə bilim, ayaqların hara aparırsa elə ora da get.

Ürəyim azadlıq istəyir

Hara gedirsən başılovlu? Tezliklə qaranlıq düşəcək, yeri get evinə. Sənin nə işin var axı metro stansiyasında. Ünvansız mənzilə getməkmi olar?! Bayaqdan min fikir gəlib ağlıma, görəsən hara gedim? Gör ətrafda nə qədər insan var. Hamısı da yad sima. Kaş bir nəfər tanış çıxaydı qarşıma. Bir neçə kəlmə kəsəydim onunla.

Hara

Sənə qurban olaram! Getmə! Sənin üçün darıxacağam. Yox, daha doğrusu səni istəyəcəyəm, ölənə qədər, - dedin. Gecənin qaranlığında ayaqlarım məni səndən ayırır. Səndən ayrılarkən ayrılığın səbəbini ayaqlarımda görürəm. Bilmirəm özümə acığım tutsun, yoxsa ayaqlarıma? Hara gedirəm, bu ayaqlar məni hara aparır?

Mənsiz

Geri boylanıram. Qaranlıqda işıqlı, mavi tül pərdəli pəncərəmdən tam aydınlıqla görsənirsən.
Elektrik işığının aydınlığı içərisində səni bürüyən qəm pərdəsidimi? Hə, yəqin yenidən qovuşanadək
nisgil pərdəsi hördün bir anın içərisindəcə. Bilirəm, məni gözləyəcəksən, ömür boyu pəncərədən baxmaqla.
Allah Mən adlı sevgini öldürsün! Həsrətdən, kədərdən başqa sənə nə verə bildim ki?!

Qoyma

Bacarmadım. Bu od, bu da ocaq... Yetim qaldı mənsiz onlar. Mən anasız qoydum onları, barı sən atasız qoyma.

Sarı çiçəklər

Hər şey olduğu kimi gözəldir, bu qapqara gecə kimi, deyirəm. Əlindəki, bu sarı çiçəklər mənimdir? Lap yerinə düşüb. Axı bu gün ayrılacağıq! Nə dediyimi anlamırsan? Ah, bir bilsən, düşüncələrimdən xəbərdar olsan... Heç bilmirəm məndən sənə nə qalacaq? Acı, yoxsa şirin xatirələr?! Ver o çiçəkləri mənə, ver və həyatımdan get!

Mələklər

Gecənin bu, vədəsində kabusa dönmüşəm. İlahi, gecənin öz gözəlliyi varmış! Hündür, vahiməli
hasar dibindən ötərkən kölgələr divar boyu sıralanır. Qəribədir, axı qaranlıqda kölgə olmaz.
Amma budur, üç kölgəm məndən qabaqda gedir. Elə zənn etdim ki, kimsə arxamca gəlir.
Geri çevrilirəm. Kimsə yoxdur. Məni vahimə bürüyür. Qorxuram. İçimdə şübhələr baş qaldırır;
bu zəmanədə cin-şeytanmı var? Əstağfurullah! Amma yox, cin-şeytanın da kölgəsi olmur axı!
Və birdən hasar bitir, Ayın aydınlığı, nuru ayaqlarım altına səpələnir. Qəribədir, sanki, hasar
Ay işığının qarşısını kəsibmiş. Qulaqlarıma dolan pıçıltılardan mənə elə gəldi ki, gözəl üzlü gecədə
göy üzündə mələklər pıçıldaşır. Bəlkə də mələklərin nuru imiş ayaqlarım altına səpələnən.

Gedəcəyəm

Qayıtdım. Qarşındayam. Salam. Bu da mən! Gəldim, gec də olsa. Öz evimə gəldim. Gəldim sənə,
ocağıma qovuşmaq üçün. Vidalaşmadan bu gecə yenidən sənə əlvida edəcəyəm. Budur, gecə ötdü.
Alatoranlıqda üzümə baxır, pıçıldayırsan; - Sənə qurban olaram, getmə!
-Yox, bu gün səni tərk edəcəyəm! Arxamda nə qalırsa, hamısını sənə halal edirəm.

Ah, qadın...qadın...

Ah, qadın, qurbanlıq qoyun kimi nə çırpınırsan zamanın döngələrində. Haradan düşmüsən həyatın
fırtınasına, nə gəzirsən zamanın burulğanında? Bəlkə səni zaman təkəri diyirlədib həyat fırtınasına atıb.
Sən isə düşüncələrin əlindən hara düşdüyünün fərqində deyilsən. Düşün...düşün...
...Və düşündüyün üçün Allahına borclusan. Diz at qadın, səcdə et, səni Yaradana təşəkkür et ki,
səni yaradanda duyğularını kəm etmədi. Düşün, qadın düşün... Yaşa və düşün ki, nə edəcəyinə qərar verə biləsən.

Dərketmə

Özünü dərk etmək istəyirsən, sənin təfəkküründə həyat incəsənəti var, deyəsən. Amma öncə həyatı öyrənməlisən. Bilirəm ki, həyatı öyrənmək üçün yaşamaq gərəkdir. Özünü dərk anlamına gəldikdə isə sənə elə gəlmirmi ki, şairlər gözəl rəssamdır. Öz düşüncə və fikirləri ilə həyatın rəsmini çəkirlər. Hə, qadın, buyur, həyatın rəsmini çək...

Burax əllərimi

Axı nə istəyirsən əllərimdən?! Burax əllərimi qoy çıxım gedim. ...Görürsən, şər də qarışdı. Ah, necə yolumdan eylədin məni. İndi qorxa-qorxa, indi zülmlə, yarıb qaranlığı necə gedəcəm?! Tökmə gözlərindən sellənən qəmi, sən Allah, yolumdan eyləmə məni. Nə istəyirsən de, barışaq, demə. Burax, burax, əllərimi qoy çıxım gedim.

Davamı: http://heqiqet.az/index.php?newsid=10942
Reytinq: