Heqiqet.Az » hadise » HAKİMDƏN DUSTAĞA: "Heç olmaya 15 gün azadlıqda qalardın..."


HAKİMDƏN DUSTAĞA: "Heç olmaya 15 gün azadlıqda qalardın..."

6-04-2017, 12:24
Çap et
HAKİMDƏN DUSTAĞA: "Heç olmaya 15 gün azadlıqda qalardın..." Cəzaçəkmə müəssisəsində dini mövzuda mübahisə zəminində dustaq yoldaşının sağlamlığana ağır zərbə vurmaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Səbuhi Süleymanovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Eldar Bünyatov məhkəməyə çağırılıb. Hakim bildirib ki, şahid bir müddət əvvəl yatdığı cəza çəkmə müəssisəsindən azadlığa çıxsa da, bir müddət sonra yenidən həbs edilib:
"Biz səni Şirvanda evdə axtardıq, Xəzər rayonunda tapdıq. Bala bir 15 gün evdə oturardın da. Həbsxana üçün niyə belə tez darıxdın". Şahid narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib. Məhkəmədə ifadə verən Eldar Bünyatov ifadəsində bildirib ki, hadisənin sabahı günü "barakdan" çıxan zaman dustaqların toplaşdığını görüb:
"Ora balaca və qapalı yerdi. Uşaqların yanına yaxınlaşdım. Gördüm ki, hamı Cəlalın başına yığışıb. Cəlalın gözü qap-qaraydı. Dedilər ki, Səbuhi vurub".
Prokurorun suallarını cavablandıran şahid qeyd edib ki, bildiyi qədər hadisə dini mövzu üstündə olub: "Bunların hər ikisi namaz əhlidir. "Zon"du hər gün dava, söz-söhbət olur. Bunlar əqidə deyirlər. Fərqli əqidələrin nümayəndələridir. Bir birinə nəsə deyiblər, Səbuhi də onu vurub".
Hakim şahidə sual verərək Səbuhi Süleymanovun həbsxanada necə dustaq olduğunu soruşub? Suala cavab olaraq şahid qeyd edib ki, Səbuhi özünə qapanıq biridir: "Orda özünün kupesi vardı. Tək yaşayırdı, gündə 3 dəfə yeməyə gedib gəlirdi. Daha sonra bütün günü ibadətlə məşğul olurdu". Hakim Fikrət Qəribov qeyd edib ki, iş üzrə 2 şahid qalıb:
"Onların hər ikisi 17 saylı cəza çəkmə müəssisəsindədir. Onlar bu şənbə günü istintaq təcridxanasına etap olunacaq. Növbəti prosesdə onların hər ikisi məhkəməyə gətirilərək ifadə verəcək". Məhkəmə aprelin 13-də davam edəcək.
Qeyd edək ki, hadisə keçən il oktyabr 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində baş verib. Burada cəza çəkən Səbuhi Süleymanov digər dustaq yoldaşı Cəlal Mikayılovu dini münaqişə zəmində mübahisə edərək yumruqla vurub. Belə ki, Cəlal Mikayılov Səbuhi Süleymanovun dostuna “əsl müsəlman deyil” sözünü işlədib. Bundan qəzəblənən Səbuhi Süleymanov isə onu vuraraq sağlamlığına ağır zərbə vurub. Faktla bağlı araşdırma aparılıb. S. Süleymanova Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham verilib.
Reytinq: