Heqiqet.Az » medeniyyet » Fərhad Əsgərov (Ramizoğlu), yazıçı-jurnalist: Fırça ustasının ecazkar dünyası


Fərhad Əsgərov (Ramizoğlu), yazıçı-jurnalist: Fırça ustasının ecazkar dünyası

7-09-2015, 11:34
Çap et
Fərhad Əsgərov (Ramizoğlu),  yazıçı-jurnalist: Fırça ustasının ecazkar dünyası Sənət adamlarının özünəməxsus qeyri-adi, bir qədər sirli ecazkar dünyaları olur. Bu dünyanın müəyyən sirlərini onlar öz əsərlərində xalqa, tamaşaçılara çatdırırlar. Yazıçı qələmi ilə, musiqiçi barmaqları ilə, müğənni səsi və ifası ilə, rəssam fırçası ilə öz dünyalarının müəyyən çalarlarını ətrafdakılara bəxş edirlər. Beləliklə, gözəl sənət əsərləri yaranır.
Belə bir dünya rəssam-şair Əbdülağa Kazımlıya da qismət olmuşdur.
Bu yaxınlarda Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl qələm” mükafatları laureatı, tarixçi-publisist Təranə Cəbiyevanın “Səttar yadigarı” adlı kitabı işıq üzü görmüşdür. Qeyd edək ki, istedadlı qələm sahibi Təranə Cəbiyeva “Bülbülə İmamzadəsi” (2003), “Gənc müəllim və özünütəhsil” (2004), “Güzdəkli Sona xanım” (2008), “Bir ömrün taleyi” (2009), “Lahıcın dağ vüqarı” (2010), “İçərişəhərin əbədi sakini” (2010), “Bakı kəndlərinə səyahətim” (2013), “Tər bənövşə” (2013), “Səlahiyyətli səfir” (2014) kitablarının da müəllifidir.
Çapdan çıxmış “Səttar yadigarı” kitabında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair Əbdülağa Kazımlıdan, onun dahi rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda Əbdülağa Kazımlının rəsm əsərlərinin bir hissəsi, eləcə də müəllifi olduğu şeirlər toplanmışdır. Bu şeirlərin əksəriyyəti Səttar Bəhlulzadəyə həsr olunmuşdur. Rəssamlıq əsərləri isə əsasən Abşeron lövhələrini əks etdirir.
Kitabı oxuduqca Əbdülağa Kazımlının yaradıcılığında, o cümlədən şəxsi həyatında Səttar Bəhlulzadə təsirinin bir ana xətt kimi keçdiyinin şahidi oluruq.
Qeyd etdiyimiz kitabın həsr olunduğu Əbdülağa Kazımlı 1923-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1943-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş və elə həmin il Böyük Vətən müharibəsinə göndərilmişdir. Çətin döyüşlərin birində ağır yaralanmış və ordudan tərxis edilmişdir. 1949-cu ilə kimi Qazax şəhərində Dövlət Dram Teatrının quruluşçu rəssamı işləmişdir. Azərbaycan Rəssamlar İttifaqı onun üç fərdi yaradıcılıq sərgisini keçirmiş və bu sərgilərin hər biri ona rəssam kimi şöhrət qazandırmışdır. 2002-ci ildə onun işıq üzü görmüş “Fırça və Qələm” adlı şeirlər kitabı geniş oxucu kütləsinə səbəb olmuşdur. 2011-ci il aprelin 1-də Əbdülağa Kazımlı ömrünün 88-ci baharında dünyasını dəyişmişdir.
Əsil sənətkarlar heç vaxt ölmürlər. Onlar yaratdıqları əsərlərdə daim yaşayırlar. Əbdülağa Kazımlı da yaratdığı əsərləri ilə xalqımızın qəlbində qalacaq.
“Səttar yadigarı” kitabının çıxması münasibətilə tarixçi-publisist Təranə Cəbiyevaya oxucular adından təşəkkürümüzü bildirir və ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Reytinq: