Heqiqet.Az » siyaset » Razi Nurullayevdən yeni təklif: “Beş ilə bu ölkədə bir nəfər işsiz qalmayacaq, büdcə isə dolub daşacaq”


Razi Nurullayevdən yeni təklif: “Beş ilə bu ölkədə bir nəfər işsiz qalmayacaq, büdcə isə dolub daşacaq”

19-11-2021, 09:14
Çap et
Razi Nurullayevdən yeni təklif: “Beş ilə bu ölkədə bir nəfər işsiz qalmayacaq, büdcə isə dolub daşacaq” "İki gün öncə Azərbaycanda 600-dən çox türk iş adamı olub. İndi məni maraqlandıran məsələ budur ki, bu 600 nəfər iş adamının neçəsi Azərbaycanda işləmək istəyəcək. Mənim iş adamları ilə olan söhbətim və aldığım informasiyalar deməyə əsas verir ki, az hissəsi. Bilirsiniz niyə? İş adamı pul qazanmaq istəyir, o potensialı görsə, yatırım edəcək, görməsə yox".
Bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, bizim bazarımız o qədər də böyük deyil:
"Onun üçün də onlara böyük bazarlara çıxışı olan iş adamlarına tətbiq edilən qaydaları tətbiq etmək yanlışdır. Rayonlarda, kəndlərdə fəaliyyət göstərən iş adamlarına bir sıra vergilərin minimuma endirilməsi vacibdir. Xüsusən, turizm obyektləri vergi siyasətinin qurbanına çevrilməsin. Bakıda fəaliyyət göstərən turizm obyektinin qazancı, müştəriləri ilə rayon və kəndlərdə işləyən iş adamlarının qazancı eyni deyil. Rayon və kəndlərdə onlar əsasən üç ay yay dövründə işləyir, qalan zaman isə qazandığını da vergilər şəklində geri ödəyir. İşləməyə, biznesi böyütməyə, obyekti genişləndirməyə stimulu qalmır. Əksinə, ərazisini, objektinin həcmini kiçiltmək istəyir ki, əmlak vergisini az versin".
O, buna görə vergi yükünün azaldılmasını təklif edib:
"Təklif edirəm ki, xüsusən rayon, əyalət şəhər və kənd yerlərində iş adamlarına stimul vermək üçün onların vergi yükü daha da azaldılsın, biznesi böyüdükcə, işə götürdüyü adamların sayı artdıqca, daha böyük güzəştlər əldə etsin, biznesin ərazisini və həcmini böyütdükcə, əmlak vergisi aşağı salınsın və ya tutulmasın. İş adamı daha çox iş yeri yaratdıqca, dövlətin yükünü azaldır. Ona görə də onlara pul kisəsi kimi baxmaq yox, dünyanı çiyinlərində saxlayan titanlar kimi yanaşmaq lazımdır. Əslində, arzum və istəyim budur ki, iş adamı daha çox qazandıqca, daha çox iş yeri yaratdıqca, milyonlarının sayını artırdıqca, onun vergi yükü və ödənişləri azaldılsın. Belə devizimiz olsun. Daha çox iş yeri yarat, daha az vergi ödə. Stimul, motivasiya, həvəs yaratmaq lazımdır, əziz hökumət nümayəndələri. Yoxsa əlimizdə olan bacarıqlı iş adamlarına pul kisəsi kimi yanaşıb elə onları məcazi mənada soyub-talamaq doğru deyil".
Deputat əlavə edib ki, bütün bacarıqlı iş adamları ilə toplam və fərdi iş aparılmalıdır:
"Onların adları cəmiyyətə açıqlansın və dövlət özü onlara çox güzəştli şərtlərlə, illik 1-2 faizlə və ilk beş ilini ödənişdən azad etməklə istədikləri qədər kredit ayırsın. Mən sizi əmin edirəm ki, beş il ərzində bu ölkədə bir dənə olsun belə işsiz qalmayacaq, büdcə isə dolub daşacaq. 5-6 ildən sonra Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaq. Bu iqtisadçı dostlarımıza bir az utopik və gülməli gələ bilər, amma mən də bu dediklərimi kosmosdan götürmürəm, təcrübələri öyrənib deyirəm. Bir misal çəkim, yəqin ki, Hacıqabulda yerləşən “Qədir-Xum” istirahət mərkəzində olmusunuz. Biz gedəndə və gələndə rahatlığı orada tapırıq. Yayda istidən, qışda soyuqdan “Qədir-xum”a tapınırıq. Bu obyektin sahibi Hacı İltifat bacarıqlı iş adamıdır. Həm də Azərbaycanı sevən, təmənnasız, şəhid ailələrinə kömək edən biridir. Başqa ölkədə pul qazanıb, Azərbaycana yatırım edib. Səhrada oazis yaradıb və yüzlərlə insanı işlə təmin edib. Onun biznes planları ilə tanış oldum və gördüm ki, bu şəxsə imkan yaradılsa, kiçik faizlə kredit verilsə, 2-3 il ərzində 5-6 min iş yeri yaradar".
Millət vəkili deyib ki, indiki kredit şərtləri ilə Azəraycanda yatırım etmək o qədər də cəlbedici deyil:
"Onun üçün də Vergi Məcəlləsinə və digər aidiyyəti qanunlara dəyişiklik etməyə, Neft Fondundan iş adamlarına yuxarıda səsləndirdiyim formatda illik 1-2 faizlə kreditlər ayrılmasına çağırış edirəm. Daha bir vacib məqam. Azərbaycana 10 milyardlarla vəsait yatırmaq istəyən əcnəbi iş adamları var. Onlar yatırım etmək üçün dövlət zəmanəti tələb edirlər deyə biz ildə ölkəmizə qoyula biləcək 15-20 milyard dollar vəsaitdən məhrum oluruq. Dövlət zəmanətinin verilməsində ciddi ehtiyatlı olmağın tərəfdarıyam, amma elə sahələr var ki, onlar 4-5 il ərzində qazanc gətirmək iqtidarındadır və bu sahədə xüsusi yanaşmalara, müzakirələrə və sadələşdirmələrə ehtiyac var. Yeri gəlmişkən, dünən vergi xidmətini rəisi hörmətli Orxan müəllimə zəng etdim və konkret vergi cinayəti barədə məlumat verdim. Biznesə alverçi gözü ilə yanaşan iş adamları var ki, onlar milyonlarla vəsaiti vergidən gizləyir. Belə şəxslərə qarşı mübarizə aparmaq və vergi cnayətlərinin qarşısını almaq lazımdır".
Reytinq: