Heqiqet.Az » siyaset » Sülh sazişinin imzalanmasını ləngitmək cəhdləri Ermənistanı daha da çıxılmaz duruma salacaq (TƏHLİL)


Sülh sazişinin imzalanmasını ləngitmək cəhdləri Ermənistanı daha da çıxılmaz duruma salacaq (TƏHLİL)

5-09-2022, 06:15
Çap et
Sülh sazişinin imzalanmasını ləngitmək cəhdləri Ermənistanı daha da çıxılmaz duruma salacaq (TƏHLİL) Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisidir.
Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi zamanı bir çox vacib məqamlara toxundu. Ölkə başçısı sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin olduğunu bildirdi. Əgər Ermənistan növbəti dəfə prosesi ləngitməyə cəhd etməsə, proses yaxın gələcəkdə öz nəticələrini verə bilər.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, iki il öncə baş verən və Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb.
“Məğlub Ermənistan həmin reallıqları nə qədər tez qəbul etsə, bu həmin ölkə üçün bir o qədər yaxşı olar. Çünki yersiz inadkarlıq, revanşizm, əbədi sülh sazişinin imzalanmasını ləngitmək kimi cəhdlər Ermənistanı daha da çıxılmaz duruma salır. Biz bunu sonuncu Brüssel görüşündə bir daha müşahidə etdik”, - deyə o bildirib.
Deputat qeyd edib ki, əbədi sülhün əldə edilməsini ləngitmək üçün bütün yollara baş vuran Paşinyan hakimiyyətinin həmin cəhdləri isə iflasa uğrayır: “Necə ki, bir neçə gün öncə Brüsseldə olduğu kimi. Bundan öncəki görüşlərdə olduğu kimi sayca dördüncü olan 31 avqust görüşü də Ermənistanın cəhdlərinin puç olması ilə nəticələndi. Azərbaycan isə qətiyyətli və haqlı mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin uzaqgörənlilik və müdriklikə həyata keçirdiyi siyasət artıq dünya düzənində öz bəhrəsini verir”, - deyə V.İskəndərov bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı getdiyi hər bir səfərdə, iştirak etdiyi hər bir beynəlxalq tədbirdə, o cümlədən nüfuzlu xarici KİV-lərə verdiyi hər bir müsahibədə bu qətiyyətli mövqeyi ortaya qoyur:
“Cənab Prezident sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində də sözügedən məqamlara toxunub. Dövlət başçısı deyib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Müsahibəsində Brüsseldə keçirilən son görüşə də toxunan Prezident İlham Əliyev “Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu”, deyib. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, Brüssel görüşünün ən mühüm nəticələrindən idi. Cənab İlham Əliyev onu da qeyd edib ki, hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik: “Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
V.İskəndərov qeyd edib ki, əslində Ermənistanın başqa yolu da yoxdur: “Çünki ötən iki il ərzində yalnız dağıdıcı fəaliyyətlə məşğul olan Ermənsitan rəhbrəliyi bir daha əmin oldu ki, “Dəmir Yumruq” yerindədir. Necə deyərlər yersiz inadkarlıq hər dəfə onlara daha bir zərbənin dəyməsi ilə nəticələnir. Ona görə də hesab edirik ki, sonucu görüşdə də cəhdləri puça çıxan Ermənistan nəhayət, real addım atmaqda özündə güc tapacaq”.
Deputat deyib ki, sözügedən müsahibədə diqqət çəkən digər məqam da Azərbaycan azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələri reallaşdırması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı olub: “Dövlət başçısı bəyan edib ki, Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib. Beləliklə, biz görürük ki, Azərbaycanın qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti mərhələ-mərhələ öz bəhrəsini verir”.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə bildirib ki, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Rezpublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördünü görüşü prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurlu hesab etmək olar.
“Önəmli olan məqamlardan biri və bəlkə də birincisi, bir ay müddətində hər iki ölkənin Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılığın əldə olunmasıdır.
Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın sülh sazişindən yayınmaq, eləcə də “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddialarını əsaslandırmaq üçün sərgilədiyi davranışları, Cənubi Qafqazı yenidən maraqlarının poliqonuna çevirmək istəyən və bu məqsədlə sülh prosesinə zərbə vurmağa çalışan regional və regiondankənar aktorların çoxsaylı pozucu cəhdlərini də nəzərə alsaq, dördüncü görüşün gözləntiləri üstələdiyini söyləyə bilərik. Bu xüsusda, separatçı-terrorçu qrupların, qanunsuz hərbi birləşmələrin təxribatları qarşılığında həyata keçirilən “Qisas” əməliyyatının doğurduğu nəticələri, artıq tarixə çevrilmiş “Laçın dəhlizi” ətrafında həm Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində, həm Ermənistanın daxilində, həm də regional və subregional müstəvidə yaradılan ajiotajı, bölgə üçün həyati əhəmiyyət kəsb edən “Zəngəzir dəhlizi” ilə bağlı qıcıqlandırıcı manevrləri, ATƏT-in ömrünü başa vurmuş “Minsk qrupu”nun “dirildilməsi” cəhdlərini diqqətdən qaçırmamağın vacib olduğunu düşünürəm. Çünki sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların “0” nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün bu cəhdlər, məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğrayıb və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaradıb”, - deyə E.Mirzəbəyli bildirib.
Siyasi şərhçi vurğulayıb ki, məlum olduğu kimi, ikitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə “Qarabağ”, nə də “ATƏT-in Minsk qrupu” ilə bağlı hər hansı bir məqam yer almayıb.
“Yəni mahiyyət etibarilə, “Minsk Qrupu” formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, “Qarabağ” mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir.
Bütövlükdə, görüşdə müzakirə olunan bütün istiqamətlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, minalanmış ərazilər, Birinci Qarabağ müharubəsində itkin düşən Azərbaycan vətəndaşları ilə bağlı məsələlərlə bağlı irəliləyişin əldə olunması, prosesin müsbət dinamika ilə inkişaf etdirildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, mövcud atmosferin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidentinin səylərini də yükdək qiymətləndirmək lazımdır”, - deyə o əlavə edib.
Dövlət başçısının fikirləri, verilən açıqlamalar onu göstərir ki, Azərbaycan tez bir zamanda sülh sazişinin işlənib hazırlanmasına çalışır. Əlbətdəki regionda qalıcı sülh məhz bu prosesdən keçir. Prezident İlham Əliyevin düzgün düşünülmüş siyasəti nəticəsində Ermənistan bir ay ərzində hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamağa razı salındı. Bundan sonrakı proseslərdə isə Ermənistandan da müvafiq iradə, adekvat davranışlar gözlənilir. Prosesləri ləngitmək, süni əngəllər yaratmaq ilk növbədə Ermənistanın özünün ziyanına işləmiş olacaq.
Reytinq: