Heqiqet.Az » medeniyyet » Qəbələ Beynəlxalq Musiqi Festivalı - Raxmaninovun musiqisi və Şekspirin sonetləri


Qəbələ Beynəlxalq Musiqi Festivalı - Raxmaninovun musiqisi və Şekspirin sonetləri

29-07-2023, 15:23
Çap et
Qəbələ Beynəlxalq Musiqi Festivalı - Raxmaninovun musiqisi və Şekspirin sonetləri XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qafqaz Resort otelinin açıq səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin iştirakı ilə konsert keçirilib.
Simfonik orkestr bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib. Proqramın solisti respublika və beynəlxalq müsabiqələrin laureatı, pianoçu Əli Məmmədov olub.
Tədbirin əvvəlində çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Zəhra Quliyeva Qəbələ Beynəlxalq Musiqi Festivalının musiqi mədəniyyətinə mühüm töhfə vermş bəstəkar və musiqiçilərin yubileylərini qeyd etmək, onların əsərlərini ifa etmək, xatirəsini və yaradıcı irsini anmaq kimi gözəl ənənəyə malik olduğunu qeyd edib.
Zəhra Quliyeva 2023-cü ildə Sergey Raxmaninovun 150 illik yubileyinin qeyd olunduğunu və konsert proqramında onun əsərlərinin ifa olunacağını vurğulayıb.
"Sergey Raxmaninovun yaradıcılığı daima böyük maraq doğuraraq musiqiçi və dinləyicilərin diqqətini cəlb edir. Konsertdə onun əsərlərini daha bir dahinin - böyük şair və dramaturq Uilyam Şekspirin - yaradıcılığı ilə birlikdə təqdim edəcəyik", - Zəhra Quliyeva deyib.
Sonra söz musiqiyə verildi, proqramda Sergey Raxmaninovun 2-ci Simfoniyası (üçüncü hissə) və "Piano və orkestr üçün konsert" əsəri səsləndirildi.
Təqdim olunan musiqi əsərləri dinləyiciləri ilk dəqiqələrdən ovsunlayaraq son notlara qədər valeh etdi. Orkestrin musiqiçiləri, dirijoru və solistinin yüksək peşəkarlığı və sənətkarlığı dinləyicilərdə heyranlıq doğurdu və əsərlərin xarakterini tam sərgilədi. Orkestr parlaq, ahəngdar və gözəl səslənirdi. Orkestr Sergey Raxmaninovun mürəkkəb əsərlərini böyük ilhamla ifa edərək əsərlərdəki emosionallığı, canlı musiqi palitrasını və məzmununu ötürməyi bacardı. 2-ci Simfoniyanın ifasında Uilyam Şekspirin sonetləri səsləndirildi ki, bu da gecəyə təkrarolunmaz ab-hava, poetik və musiqi mənəviyyatı bəxş etdi.
Fuad İbrahimovun dirijorluq ədalarını izləmək də dinləyicilərə maraqlı oldu, onlar onun hər bir əl hərəkətini və mimikasını izləyirdilər. Pianoçu Əli Məmmədov isə dinləyiciləri hər kəsin qəlbinə yol tapan virtuoz ifası ilə fəth etdi.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin konserti parlaq musiqi hadisəsi oldu. Dinləyicilər konsert proqramını böyük hərarətlə qəbul edərək orkestrin musiqiçilərini, dirijorunu və solistini gurultulu alqışlarla və "Bravo!" qışqırıqları ilə mükafatlandırdılar.
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov Trend-ə bildirdi ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının bir parçası olmaq onun üçün böyük məsuliyyətdir.
"Konsertdə Sergey Raxmaninovun 2 əsərini 2-ci Simfoniyanı və "Piano və orkestr üçün konsert" əsərini ifa etdik. Solistimiz ABŞ-də təhsil alan istedadlı pianoçi Əli Məmmədovdur. Qeyd edim ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı gözəl ənənədir. Festivalın bədii rəhbəri, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli bütün proqrama böyük qayğı ilə yanaşır. Qəbələnin gözəl təbiəti burada səslənən musiqi ilə harmoniya təşkil edir, həmçinin festvalda gənclərə həmişə çox böyük diqqət ayrılması xüsusən dəyərlidir, çünki onlar ölkəmizin gələcəyidir. Bütün bunlar Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş verir. Bu qayğı və diqqət gözəl musiqimizin, istedadlı ifaçılarımızın və orkestrimizin, buraya gələn əcnəbi musiqiçilərin öz yaradıcılığını nümayiş etdirməsi üçün lazımlı və vacibdir. Festivalın keçirilməsinı görə dərin minnətdarlığımı bildirirəm", - Fuad İbrahimov deyib.
Respublika və beynəlxalq müsabiqələrin laureatı, pianoçu Əli Məmmədovun sözlərinə görə, Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış etmək və gözəl musiqiçilərlə eyni səhnəni bölüşmək onun üçün böyük şərəfdir.
"Heydər Əliyev Fonduna və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu nüfuzlu tədbirin keçirilməsinə, həmçinin mədəniyyətimizin və musiqimizin təbliğinə görə minnətdarlığımı bildirirəm. Festivalın bədii rəhbərləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadəyə də təşəkkür etmək istəyirəm. Mənim üçün Azərbaycana gəlmək və burada konsertlə çıxış etmək həmişə bayramdır. Bundan öncə də Qəbələ Beynəlxalq Musiqi Festivalında solist olaraq çıxış etmişəm, lakin bu proqram çərçivəsində ilk dəfədir ki, orkestrlə çıxış edirəm. Bu cür musiqiçələrlə çalışmaq, möhtəşəm insanların əhatəsində olmaq, onların dəstəyini hiss etmək böyük şərəfdir", - deyə Əli Məmmədov qeyd edib.
Xatırladaq ki, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iyulun 27-dən avqustun 2-dək keçirilir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçiləri ilə yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli ifaçılar, dirijorlar, musiqi kollektivləri iştirak edirlər.
2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında musiqisevərləri maraqlı proqramlar gözləyir. Festival çərçivəsində həftə ərzində klassik və kamera musiqisi, o cümlədən muğam gecələri təşkil olunacaq.
Reytinq: