Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi


Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi

23-10-2023, 23:04
Çap et
Respublikamız 20 ildir Ulu öndər Heydər Əliyevin layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi kursunun və iqtisadi inkişafını davam etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmağından asılı olmayaraq çox böyük fəxarətlə cənab İlham Əliyevin ötən bu müddətdə təkcə respublikamızda yaşayan vətəndaşların deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olmağının şahidi oldu. Bütün xalqımız öz Prezidentinə inanır və bu gün onun ətrafında bir yumruq kimi birləşib.
Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq münasibətlər sistemində özünə yer tutmuş şantajla, təhdidlə dövlətlərin milli siyasətlərinə təsir göstərməyə vərdişkar olan güc mərkəzlərinə qarşı cəsarətli lider nümunəsi ortaya qoyaraq, milli mənafe və maraqları ən üst səviyyədə müdafiə və təmin etməyə qadir olduğunu nümayiş etdirir.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Ordu quruculuğundan başqa, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Böyük fəxarət hissi ilə deyə bilərik ki, gözlərimizin önündə Azərbaycan hər gün daha da böyüyür, onun gücü, qüdrəti gündən-günə daha da artır. Möhtərəm Prezidentimizin siyasəti sayəsində Azərbaycan öz hədəflərinə doğru inamla və əmin addımlarla irəliləyir. Şübhə yoxdur ki, Azərbaycanı gələcəkdə də parlaq günlər gözləyir. Hər bir azərbaycanlıda bu əminliyi, bu sarsılmaz inamı yaradan isə möhtərəm Prezident İlham Əliyevdir. Ona görə də biz cənab İlham Əliyevin Azərbaycanda hakimiyyət olimpinin zirvəsinə seçildiyi 2003-cü ilin 15 oktyabr tarixini, onun xalqımızın dövlətçilik tarixində yeri və rolu barədə danışarkən, ölkəmizin müasir, müstəqil inkişaf mərhələsində müstəsna əhəmiyyətə malik, taleyüklü təqvimlərdən biri kimi dəyərləndiririk.
Ümummilli lider Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi istiqamətlər olduqca dürüstdür. Məhz həmin istiqamətlər üzrə dövlətimizin xarici siyasətini davam və inkişaf etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, hakimiyyətinin 20-ci ilinin tamamında üçrəngli bayrağımızı separatçıların əlindən qurtulan Qarabagımızda ucaltdı.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi
Sultanova Gülşən Abdul qızı,
BDU-nun Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti

23.10.2023
Reytinq: