Heqiqet.Az » medeniyyet » Nərgiz Əliyarovanın Nyu-Yorkda məşhur "Karnegi Holl"da triumfu - Arif Məlikova həsr olunur


Nərgiz Əliyarovanın Nyu-Yorkda məşhur "Karnegi Holl"da triumfu - Arif Məlikova həsr olunur

13-02-2024, 12:46
Çap et
Tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, ABŞ-də "National Music & Global Culture Society" cəmiyyətinin banisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nərgiz Əliyarovanın Nyu-Yorkda yerləşən məşhur "Karnegi Holl"da çıxışı növbəti uğurla yadda qalıb.
Gecə görkəmli bəstəkar, dövlət ordenləri kavaleri, Azərbaycan Dövlət Mükafatları laureatı, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikovun (1933-2019) 90 illiyinə həsr olunub.
Bütün biletlər konsertdən bir neçə gün əvvəl satılıb, afişada üzərində "sold out" yazılan qırmızı lent olub. Konsert proqramında Nərgiz Əliyarova Arif Məlikovun "Sevgi əfsanəsi" baletindən fortepiano üçün pyeslər ifa edib.
Pianoçu baletin süjet xətti, bu əsərin Arif Məlikov yaradıcılığında mərkəzi rolundan danışaraq baletin dünyanın onlarla səhnəsində nümayiş olunduğunu və musiq sənətinin xəzinəsinə daxil olduğunu vurğulayıb. Gecədə, həmçinin, dünya klassiklərindən Lüdviq van Bethoven, Friderik Şopen, Nikolay Metner və Klod Debüssinin əsərləri ifa olunub.
Çıxışlar tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub. İzləyicilər sonda pianoçunu ayaqüstə salamlayaraq dəfələrlə səhnəyə çağırıb. Nərgiz Əliyarova həmçinin bisdə Şopenin valsını ifa edib.
"National Music & Global Culture Society" (Milli musiqi və qlobal mədəniyyət) cəmiyyətinin əsas məqsədi dünya xalqlarının musiqisinin təbliğidir. Nərgiz Əliyarova ifaçı və alim musiqişünas olaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə töhfə verir. O, dünyanın bir çox nüfuzlu səhnələrində, o cümlədən Nyu-Yorkda yerləşən məşhur "Karnegi Holl"da və Vaşinqtonda yerləşən Kennedi mərkəzində çıxış edib. Əməkdar artist beynəlxalq müsabiqələr təşkil edib və Azərbaycanın Fikrət Əmirov, Üzeyir Hacıbəyli və s. kimi görkəmli bəstəkarlarına həsr olunan gecələr keçirib.

Reytinq: