Heqiqet.Az » siyaset » 44 günlük müharibə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu


44 günlük müharibə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu

6-11-2024, 18:32
Çap et
Müzəffər Ali Baş Komandanın qətiyyəti, Silahlı Qüvvələrimizin gücü, xalqımızın birliyi, iradə və əzmkarlığı bizə böyük qələbə bəxş etdi. Bu tarixi zəfərə, əldə etdiyimiz böyük qələbəmizə görə ilk növbədə Şəhidlərimizə, qazilərimizə, əsəgrlərimizə borcluyuq. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət hissinin təntənəsi oldu. Müharibə zamanı Azərbaycan Ordusu bir addım belə geri çəkilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bu tarixi qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması deməkdir”.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi artıq yoxdur, məsələ öz həllini tapdı. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək.
Bütün dünya, o cümlədən, Ermənistan dərk edirdi ki, Azərbaycan heç bir halda işğalla, təslimçi sülhlə barışmayacaq. 2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri bunu bir daha sübut etdi. Amma düşmən yenə də öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra riyakar siyasəti və “Qarabağ Ermənistandır, nöqtə” deməklə, heç bir ümid, güzəşt yeri qoymadı və Azərbaycan Prezidenti İlham Əliyev haqlı, məntiqli olaraq ordunu döyüş vəziyyətinə gətirdi. 44 günlük müharibə isə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın gücü hərbi potensialla yanaşı, milli həmrəylikdə və peşəkar rəhbərlikdədir. Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etməklə bölgədə yeni reallıqlar yarandı.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, Şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
44 günlük müharibə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu
Mahirə Əsədova
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri, xeyriyyəçi, iş adamı
Reytinq: