Heqiqet.Az » sosial » Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir


Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir

9-12-2024, 21:55
Çap et
Müasir Azərbaycanın xilası və quruculuğu məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik qamətli bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından artıq 21 il ötür.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi.
1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Yalnız Heydər Əliyevin Hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış inkişaf modelinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur.
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuş, sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra edərək bu gün Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq regionun lider dövləti olaraq qəbul olunmaqdadır.
Təsadüfi deyil ki, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə start verildi. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Birinci Qarabağ Müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Orduya çağırış və fərrarilik halları ilə bağlı bütün problemlər həll edildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı. Beləliklə, Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı nəinki regionda, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan nüfuzlu ölkə kimi tanıtdırdı. Həm hərb meydanında, eyni zamanda beynəlxalq siyasi arenada qazanılan Zəfərlərimiz bu uğurların məntiqi nəticəsidir.
Bu gün bütün Azərbaycan xalqı, hər birimiz Umummilli Liderimizi dərin hüznlə anırıq.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir
Mahirə Əsədova
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri, xeyriyyəçi, iş adamı
Reytinq: