Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edirik9-12-2024, 22:00
Çap et Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir.
İnkaredilməz faktdır ki, müstəqil və müasir Azərbaycanın həyatînda baş verən bütün tarixi hadisələr Heydər Əliyevin adı ilə bağlıdir. Dövlət bayrağımızın təsdiq edilməsi, ölkədə demokratik idarəetmə sisteminin formalaşdırılması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması, çoxpartiyalı siyasi sistemin yaradılması, iqtisadi dirçəlişimizin təməli sayılan “Əsrin müqaviləsi”nin bağlanması, Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasının təmin edilməsi, dünya dövlətləri ilə diplomatik münasibətlərin inkişafı, BMT, Avropa Birliyi daxil olmaqla beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılması, bir sözlə, sözün əsl mənasında, müstəqil, müasir, güclü Azərbaycanın yaradılması Heydər Əliyevin əməyinin, qətiyyətinin, vətən sevgisinin məhsuludur. Ulu Öndər həm də milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirib. “Biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” deyən dahi şəxsiyyət “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla, mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirərək ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirib. Əslində, elə “dünya azərbaycanlıları” anlayışı, dünya azərbaycanlılarının birlik kimi gücünün-qüdrətinin dəyərləndirilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Bəli, bir daha qeyd etmək istəyirəm ki, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir. Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bizim hər birimiz, bütün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edirik. Arif Ömərov, Quba rayon Çiçi-Səbətlər Bələdiyyəsinin sədri Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|