Heqiqet.Az » yazarlar » Hər əməl bir qəlbdə ucalıq olur


Hər əməl bir qəlbdə ucalıq olur

16-01-2025, 13:50
Çap et

Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı

Bir gün döyüləcək sənin də qapın,
Qocalıq olacaq qəfil qonağın.
Sənə deyəcəklər, qarşıla onu,
Həyat başdan-başa ömür sınağın.

Əlindən çıxacaq gənclik – cavanlıq,
Səssiz, sakit anlar yoracaq səni.
Ağaran saçlara baxıb xəlvəti
Əcəl də bir yandan vuracaq səni.

Gözlərin dolacaq günah qəmiylə,
Dilin tutulacaq, susacaqsan, eh.
Gələn qonağının gözlərindəki
Qorxunu, ələmi busacaqsan, eh.

Əzrayıl gələndə dillər lal olur,
Kövrəlmiş gözləri yaş boğur elə.
Çalış, elə yaşa, elə ömür sür,
Həyat şəfəqlərin dönməsin külə.

Yaşamaq əməlin işıq payıdır, -
Hər əməl bir qəlbdə ucalıq olur.
Ömür cavanlıqdan ibarət deyil,
İnsanı kövrəldən qocalıq olur.
Reytinq: