Heqiqet.Az » gundem » Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi


Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi

13-06-2025, 12:25
Çap et
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu arzu 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycanın üçrəngli Bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır.
Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiasını yerinə yetirərək Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi. Təbii ki, Onun Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadıqlarına diqqəti yönəltməklə bir daha Milli Qurtuluş Gününün xalqımız tərəfindən necə böyük sevinc, qürur hissi ilə qeyd edildiyini şərtləndirən məqamları indiki və gələcək nəsillərə çatdırmaq istədik.
Milli Qurtuluş Günündən başlanan yolun uğurları isə bugünkü müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın reallıqlarında özünün aydın ifadəsini tapır..
Artıq Milli Qurtuluş Günü bütün ölkə ərazisində qeyd edilir. Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini şərtləndirdi. Bu reallığı hər birimiz böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını müstəqillik tariximizə müstəqilliyimizin, Onun layiqli davamçısı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu gün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın, xüsusilə Şuşanın da beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, həmçinin mühüm sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul edilməsi qürurvericidir.
Dövlət başçısı İlham Əliyev bu münasibətləri “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri ilə diqqətə çatdırır.
Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyi daim dünyaya nümunə olacaq. Qarşılıqlı etimada əsaslanan əlaqələrimizin gələcək inkişafı üçün möhkəm təməl mövcuddur.
2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə dünyaya səs salan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını və müttəfiqliyini rəsmiləşdirən bu sənədin Şuşada imzalanmasının öz rəmzi mənası vardır.
Şuşa Bəyannaməsində iki ölkənin ayrı-ayrı sahələrdə gələcək inkişafını özündə ehtiva edən müddəalar əks olunub. Ümumilikdə bu sənəd münasibətlərimizin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir. Azərbaycan-Türkiyə əlaqələrinin hərbi sahədə inkişafı da prioritet məsələlərdəndir. Mühüm məsələlər sırasında iki qardaş ölkənin diasporunun birgə fəaliyyəti, media sahəsində əməkdaşlıq da xüsusi yer tutur. Nəzərə alsaq ki, Ermənistan qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiası ilə çıxış edir bu halda diaspor təşkilatlarının birgə fəaliyyətinin, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılmasının əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. Erməni yalanlarına qarşı atılan birgə addımlar, eyni zamanda, dünyaya birlik, həmrəylik mesajlarıdır. Bu tarixi anı unudulmaz edən digər bir məqam isə Şuşa Bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi oldu. Şuşa Bəyannaməsini imzalayarkən Prezident İlham Əliyev bu məqamı xatırladaraq bildirmişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Bəyannamə hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini daha da möhkəmləndirir.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi

Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı
Reytinq: