Vətən müharibəsində heyrətamiz qələbələr əldə etdik4-11-2025, 00:26
Çap et Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir. 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməyə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərilmişdir. Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir. Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Bu məqsədlə 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar törədilmişdir. Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Əfqan Şirinov Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
