Heqiqet.Az » hadise » Qatil məhkəmə zalından azadlığa buraxıldı


Qatil məhkəmə zalından azadlığa buraxıldı

15-05-2015, 21:03
Çap et
Qatil məhkəmə zalından azadlığa buraxıldı
Buna səbəb isə cinayətin üstündən 17 il keçməsidir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il əvvəl tanışını güllələyib öldürən Varis Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Varis Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə cinayətin üstündən 17 il keçməsi göstərilib.
Qeyd edək ki, 1997-ci ilin 23 avqust tarixində Zülfüqar Ağalarov adlı şəxsin meyiti Nəsimi rayon Hərbi Komissarlığının arxasında aşkar edilib. O, odlu islahla öldürülüb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Varis Səmədov tanışı Zülfüqar Ağalarovu borc məsələsi üstündə mübahisə zəmində tapança ilə güllələyərək qətlə yetirib. Bundan sonra Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub. Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyənləşdirmək qeyri-mümkünə çevrilib. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilir. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Nəhayət, Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsi tərəfindən Varis Səmədov barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarətinə verilməsi haqqında qərar qəbul edilib. Lakin sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib və Bakı şəhər prokurorunun təqdimatına əsasən, Səbail rayon Məhkəməsində təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. Varis Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib. Ötən ilin avqust ayında Varis Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib.
Reytinq: