Heqiqet.Az » yazarlar » Narahat şair ömrü, yaxud qəlbi işıqlı şair


Narahat şair ömrü, yaxud qəlbi işıqlı şair

5-07-2017, 16:05
Çap et
Narahat şair ömrü, yaxud qəlbi işıqlı şair Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan adamlardır.
Heydər Əliyev


Çağdaş dövrümüzün görkəmli nümayəndəsi, AYB-nin Mingəçevir bölməsinin sədri, şeirləri ilə özünü sevdirən şair İsmayıl İmanzadənin yenicə çapdan çıxmış "İçimdə boğulan səs" adlı şeirlər toplumunu əlimə alıram. "Gedək söz dirilən yerə...və ya halallıq şeirləri" başlığı ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, prafessor İsmayıl Kazımovun kitab üçün yazdığı ön sözü oxuyuram. Və oxuduqca İ. Kazımovu sürətini gözlərim önümə gətirirəm.
Mənə elə gəldi ki, professor məmnunluqla kitaba ön söz yazmışdır. Bu sözləri ona görə əminliklə yazıram ki, İ. Kazımov müəllifin şeirlərini detal-detal gözdən keçirib. Kitabdakı hər bir nüansa xüsusi diqqət yetirib. Çağdaş Azərbaycan ədəbiyyatının ən gözəl şeir nümunələrinin müəllifi kimi dəyərləndirib. Əlbəttə ki, bu da, müəllifin şeirlərinə verilən dəyər və böyük qiymətdir. Şübhəsiz ki, biz də dəyəri haqlı olaraq alqışlayırıq!
Kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər yer alıb. Taleyini şeirlərində əks etdirən İ.İmanzadə ömrünü muncuq düzümünə bənzədərək şeirlərini düzüm-düzüm kitabın səifələrinə düzdü. Beləcə, oxucularına orjinal fikirlərlə sözün çələng töhfəsini verdi. Nur və işıq yolundan ötdü misralarıyla. Professor İ.Kazımovun dili ilə desəm, dorudan da işıqlı şairdir İmanzadə. Lakin bu işıq üzərinə təəssüf ki, bir kölgə də qondu, şair həyatına narahatçılıq gətirdi…
Məlum Qarabağ hadisələrindən sonra məcburi köçkün olan şair ömrünü ona tamamilə yad olan bir regiona bağladı. Və zaman keçdikcə yad adlandırdığımız bölgə ikinci vətən kimi şairin sevimli diyarına şevrildi. Onun bu şəhərə gəlməsindən az sonra Mingəçevir ədəbi mühitində böyük dəyişikliklər meydana gəldi. Belə ki, böyük bir ədib-şair öz kədəri içərisindən istedadı ilə yeni günəş kimi Mingəçevir səmasında daha da parladı. O, vətəndən ayrı, qərib şair kimi yaşasa da, ruhdan düşmədi, yaradıcılığını davam etdirdi. Qələmi və Tanrının ona bəxş etdiyi istedadı ilə xalqına-millətinə xidmət göstərdi. “Bənövşə” adlı əbəbi almanaxı təsis etdirdi. Nəinki ətrafında olan, hətta yaxın bölgələrdə yaşayan yazıçı-şairləri, ziyalıları Mingəçevir ədəbi-mühütinə cəm etdi. Məncə bu böyük fədakarlıq və hünər tələb edir insandan. Lakin buna baxmayaraq şair düşmən əsarətində qalan tiopağının xiffətini çox çəkir. Bu həsrət ayınca hiss olunur İ.İmanzadənin şeirlərində. Yaradıcılığına vətən istəyi, ocaq həsrəti, el-oba intizarı çöküb. “Sinəmdə közərən ocaq” bölməsində ayrılığın acısını nəzmə çəkən şair yazır;

…Ağ köhlənin yalına yat-
Dəlidağa gur ocaq çat!
İgidləri yığ başına,
Çevrilək vətən daşına…

(Dədəm Qorqud-səh – 28)

və yaxud onun kədərlə və eyni zamanda ustalıqla qələmə aldığı digər şeirinə nəzər yetirək;

…Xəbərin varmı elindən,
Yurd sözü düşmür dilindən.


Kədərin, qəmin əlindən - Qaça bilsən yerini de. (Yerini de- səh 56) və elə bu yerdə yadıma bu, misralar düşür. “Vətənini sevməyən vətəndaşını sevməz, vətəndaşını sevməyən vətənin daşını-torpağını sevməz”. Şair vətənini azad görmək arzusundadır.
Şeir şairin duyğusu, arzusu, həmdəmidir. Bu arzunu reallaşdırmaq, bu duyğunu yaşatmaq və yazdıqları ilə daima həmdəm olmaq asan məsələ deyil. Bütün bunlar üçün yalnız şair ömrü yaşamaq gərəkdir. Şair ömrü yaşamaq həm də yaşatmaq deməkdir. Oxucu oxuduğu bir şeirin misralarında öz ömrünü, həyatını görürsə deməli, şair həm yaşayır, həm də yaşadır. Məhz İ. İmanzadənin şeirində yaşandığı kimi;

Qəfildən qarşıma çıxdın,
tanış bir küçədə.
Üzünü çevirib getdin…
Aman Allah.
məhəbbət puç olanda
adam yadlaşırmış
necə də…

(adsız şeir –səh 84)

Kitabdakı şeirlər düşündürür oxucunu. Onun poeziyasında hadisələr pərdə arxası verilmir, mahiyyət ehtibarilə güçlü və obrazlı şəkildə ifadələnir. Çağdaş poeziya dünyasında içindən közərə-közərə məşələ dönüb -şeir-sənət dünyasında. Fərdilik nümayiş etdirir, özünə məxsus şeirlər təqdim edir oxucuya. Şeirləri müəllifin əlindən tutub onu qarış-qarış gəzdirir daxili aləmində.
Kitab yaxın keçmişin hadisələrini və həyatın reallıqlarını danışır oxucuya, bədii dil vasitəsilə. Eləcə də müasirliyi ilə diqqətimizi çəkir "İçimdə bogulan səs" adlı şeirlər toplumu. A. Səhhət yazır;

Şair odur ki, həqiqətlərə dildadə ola,
Şairin fikri, xəyalı gərək azadə ola.


Bəli, İ.İmanzadə azad şairdir. O, düşüncələrini çərçivəyə salmır, fikirlərini poetic şəkildə misralara düzür, özünün dediyi kimi-muncuq düzümü kimi.
Şairin nəzmində mövzular müxtəlif səpkilidir, eyni xətt üzərində cərəyan etmir şeirləri. Bu da, o deməkdir ki, müxtəlif forma və səpkidə yazmaq qabiliyyətinə malik olan şair poeziya dünyasında rəngarənglik yarada bilir. Şairin işıqlı təfəkküründən süzülüb gələn duyğular oxucuların qəlbinə hopur, çünki bədii dili oxucu zövqü oxşayır.
"İçimdə boğulan səs" kitabındakı şeir nümunələri onun zəngin olan mənəvi dünyasında xəbər verir. Mənə elə gəlir ki, sözlə libas biçir həyat hadisələrinə düşüncələri və fikirləri ilə. Eyni zamanda şeirləri həyat lövhələrini əks etdirir. Bəzi şeirlərinə tünd, bəzilərinə isə al rəngli libasda təsəvvür edilir şeirləri. Şeirlərində qəm, qüssə, narahatçılıq, ağrı-açı, və nəhayətində təəssübkeşlik, bəzi misralarından isə məhəbbət və ülfət boylanır. Bütövlükdə can verir şeirlərinə, şair öz duyğularıyla.
Oxucularına təqdim edilən "İçimdə boğulan səs" şeirindən danışmaq istəyirəm bir az da;

Eşidən yox harayımı,
Ünüm yetmir uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm üz tütüm hara?...

(İçimdə boğulan səs- səh 77)

Əslində, şair harayını şeirlərinin səsi ilə uzaqlar yetirir, (şeir mənə yetən kimi) kitab vasitəsilə. Varlığın çırpınışında həyatın sonunu göstərir, ruhu narahat olan şair. Və onu da qeyd edim ki, şair üzünü yurda, Cəbrayıla tutub nigaran baxışlarla. Son bənd isə həqiqqətən də məni silkələdi. Bir anlıq dondum, misraların qarşısında. Yalnız bir kəlmə ilə fikrimi ifadələmək istəyirəm - Eşq olsun, Sizə ustad!

…Hərdən üzümə toxunur,
Ölümün soyuq nəfəsi…


Şair bu şeirlə insanın mənəvi dəyərini bir daha ön plana çəkir. Hayı-harayı içində boğa bilməyən şair poeziya dünyasında yeni ifadə işlədərək

…Bilmirəm harda dəfn edim
İçimdə boğulan səsi…


deyərək hüznlü bir notla fikrini tamamlayır. Yalnız ali insanlığa, yaxşılığa, gözəlliyə qiymət verən, hətta ölümlə nəfəs-nəfəsə gələn İmanzadə duyğularını beləcə təlatümə gətirir.
Yaradıcılıq dünyasına bələd olandan sonra düşünmək olar ki, o, doğrudan da mübariz şairdir. Ömür tufanlarının qarşısında dəyanətlə duran İ. İmanzadə ədəbi mühitdə, Azərbaycan poeziyasında zirvələrdə göründü.
İsmayıl müəllim, yeni çapdan çıxan "İçimdə boğulan səs" adlı kitabınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, səsiniz doğma vətəndən- Cəbrayıldan gəlsin. Amin! Uğurlarınız bol olsun!

Mətanət Ulu Şirvanlı,
yazıçı-şairə. RETTM-nin şöbə müdiri, ILESAM-ın Şirvan bölgəsi üzrə koordinatoru
Reytinq: