Heqiqet.Az » yazarlar » QISQANCLIQ XƏSTƏLİYİ (hekayə)


QISQANCLIQ XƏSTƏLİYİ (hekayə)

7-01-2019, 17:39
Çap et
QISQANCLIQ XƏSTƏLİYİ (hekayə) Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Hər yaşın öz gözəlliyi, öz ləzzəti var. İnsanın uşaqlıq dövrü şən, qayğısız, gəncliyi hay-küylü, ahıllığı isə təmkinli, söz-söhbət və xatirələrə qapılmaqla keçir. Ahıllığın bir keyfiyyəti də odur ki, insan geriyə bir də boylanır və olub-keçənləri yada salır. Hansı hərəkətin yaxşı, hansının pis olduğunu təhlil edir. Maraqlısı da budur ki, olub-keçənlərin lap elə pisini də təbəssümlə yad edir. Sanki bir kitab oxuyur – özünün həyatından bəhs edən ömür kitabını.
İstirahət parkında üç nəfər yaşlı kişi skamyada oturub ötən günlərinin ən gizlin xatirələrini bir-birinə danışırdı.

Birinci kişinin söhbəti

Dəliqanlı vaxtım idi. Beş, ya da ki, altı ay olardı evlənmişdim. Həyat yoldaşım yaxşı ailədən idi. Ali məktəbi bitirib zavodda işləyirdi. İstədim ki, toyumuzdan sonra onu işdən çıxarım. Razı olmadılar. Mənim də elə dövrüm idi ki, arvadı hər şeyə qısqanırdım.
Günlərin bir günü fikirləşdim: əşi, dünyanın işini bilmək olmaz. Gedim zavoda, girim sexə, baxım görüm arvad özünü necə aparır? Bir məsələ qalırdı ki, ora necə girim ki, məni tanıyan olmasın. Nəhayət, fikirləşib tapdım.
Mənim uşaqlıqdan bir qız dostum vardı. Ona müraciət etdim ki, mənimlə zavoda getsin. Bu şərtlə ki, mən də qadın paltarı geyinim. Uşaqlıq dostum əvvəlcə razı olmurdu. Onu xeyli dilə tutandan sonra nəhayət mənim təklifimə razılıq verdi.
Günün birində əynimə qadın paltarı, başıma sarımtıl rəngli parik geyindim, göz-qaşımı, dodaqlarımı boyadım və iki rəfiqə kimi zavoda tərəf yol aldıq. Nə avtobusda, nə zavoda daxil olanda, nə də sexdə bizim kələyimizi duymadılar. Hələ yolda bir maraqla bizi süzən kişi xeylaqlarını görəydiz. Özümüzü elə qələmə vermişdik ki, bu sexdə işə düzəlmək istəyirik, işlə tanış olmağa gəlmişik.
Həyat yoldaşım hamı kimi öz işindəydi. Mən onun həndəvərində vurnuxur, nəsə şübhəli bir şey tapmağa can atırdım. Bu vaxt sexin rəisi gəlib yoldaşımdan nəsə soruşdu. Yəqin ki, nəticədən də razı qalmadı, çünki səsini qaldırmışdı. Arvadım xeyli çalışdı ki, onu başa salsın, olmadı. Qeyd etdiyim kimi dəliqanlı vaxtım idi. Necə yəni, gözümün qabağında yad bir kişi arvadımın xətrinə dəysin?.. Yaxınlaşıb əl atdım sex rəisinin yaxasına. Onu bayıra çıxarıb kişi kimi danışmaq istədim. Artıq əynimdə qadın paltarı olduğunu da unutmuşdum.
Sex rəisi əvvəlcə özünü itirdi. Çünki qarşısındakı moda ilə geyinmiş, üz-gözü boyalı gənc bir qadının birdən-birə kişi hərəkətləri edərək hücuma keçməsi ən soyuqqanlı adamı belə təəccübləndirər. Mənsə heç nəyə məhəl qoymadan onu var-qüvvəmlə bayıra dartırdım. Bütün sex donub qalmışdı. Rəis isə bir qadının şıltaqlığı ilə barışıb bayıra çıxmaq istəmədiyindən bir əli ilə dəzgahdan tutub tabe olmurdu. Qarşısındakının təkidi və qüvvəsi qarşısında müvazinətini itirmək üzrəydi. Görəndə ki, daha gücü tükənib, bir qadın bu boyda kişini artıq çəkib aparmaq üzrədir, birdən necə oldusa müqavimət göstərmək istədi və sövq-təbii olaraq əlini irəli atanda mənim saçlarıma ilişdi və parik başımdan çıxıb ayaq altına düşdü.
Bir qadın bərkdən qışqırdı. Gördüm ki, bu arvadımdır. Çünki başım açılandan sonra məni ilk tanıyan o oldu...
Nə başınızı ağrıdım? Arvadım daha o zavoda işə getmədi...

İkinci kişinin söhbəti

Arvadımla hələ evlənməmişdik. Yaxın günlərdə nişan qoyulacaqdı. Onu da deyim ki, yaman qısqanc idim. Onu hər şeyə qısqanırdım. Sədaqətini yoxlamaq istəyirdim. Lakin necə? Ağlıma bir fikir gəldi. O vaxt elə bilirdim ki, bu çox dahiyanə fikirdir. Düzü, həmin əməlimə görə indiyədək xəcalət çəkirəm.
Ən yaxın dostum vardı. Onu hələ qızla tanış etməyə macal tapmamışdım. Dostuma dedim ki, universitetdən çıxıb evə gedəndə qabağını kəs, tanış olmağa çalış. Dostum əvvəlcə buna razı olmadı. Lakin başqa şıxış yolu olmadığını başa salandan sonra könülsüz də olsa razılıq verdi.
Bir gün danışdığımız kimi, dərsdən çıxan gələcək nişanlımı universitetdən xeyli aralıda gözləyirdim. Dostum isə planımıza əsasən qapıdan çıxan kimi ona yanaşıb, bir dəqiqə ayaq saxlamağı xahiş edir. Qız heç ona fikir vermir. Dostum da əl çəkmir. Axı, məndən tapşırıq almışdı. Qız da bilirdi ki, bir qədər qabaqda mən varam. Yəqin ki, dava-dalaş düşəcəyindən qorxurmuş. Nəhayət, ondan əl çəkmək istəməyən bu “qırsaqqız” oğlana öz yerini göstərmək məqsədilə əlindəki çantanı qaldırır. Təsadüfdənmi, ya nədən, çantanın tutacağının dəmiri dostumun sifətini cırır, başlayır qan axmağa. Qız isə öz yoluna davam edir. Bütün bunlar universitet tələbələrinin gözü qarşısında baş verdiyindən dostum çox pərt olur. Sonralar onun könlünü almaq üçün bir böyük qonaqlıq verməli oldum...
Toyumuzdan xeyli ötəndən sonra da dostumu evimizə apara bilmirdim. Yazıq utanırdı. Axırda məcbur olub hər şeyi arvada danışdım. O, xeyli güləndən sonra mənə dedi ki, bilsəydi mənim acığıma həmin oğlanın qoluna girib qabağımdan keçərdi. Yenə Allah üzümə baxıb...

Üçüncü kişinin söhbəti

Təzə evlənmişdim. Sevib-ceçdiyim qıza, onun sədaqətinə tam arxayındım. Lakin gənclik şübhələri məni rahat buraxmırdı.
Arvadım ibtidai sinif müəllimi idi. Hər gün səhər işə gedər, günortadan bir az keçmiş qayıdar və ev işlərilə məşğul olardı. Bir gün ağlıma gəldi ki, dar məqamda məəttəl qalmamaq üçün elə indidən onu bir imtahana çəkim, yoxlayım.
Bir gün ona bildirdim ki, bəs məni işdən on günlük ezamiyyətə göndərirlər. Əslində isə məzuniyyətə çıxmışdım. Nə başınızı ağrıdım, səhər mənzilin ikinci açarını götürdüm, sağollaşıb evdən çıxdım və arvad məktəbə yola düşən kimi geri qayıtdım. Fikir verirdim ki, mənzildəki qadın səliqəsi pozulmasın. Çay içib stəkan-nəlbəkini, saydanı, qənddanı əvvəlki qaydada yerinə qoydum. Arvadım gələnə yaxın isə çarpayının altında özümə yer düzəldib uzandım.
Məktəbdən qayıdan arvad ev işlərilə, pal-paltar, qab-qacaq yumaqla, özü üçün xörək hazırlamaqla, sinif şagirdlərinin dəftərlərini yoxlamaqla məşğul olur, arabir də telefonla danışırdı. Hər dəfə telefon zəng çalanda, yaxud o özü kiməsə zəng edəndə çarpayının altında gözlərim... bağışlayın, qulaqlarım dörd olurdu: yəni ki, arvadı cinayət üstündə yaxalayacağam.
Ancaq sonra məyus olurdum. Bütün danışıqları adi, gündəlik söhbətlərdən ibarət idi.
Bu minvalla beş gün ötdü. Arvad məktəbə gedən kimi, gizləndiyim yerdən çıxır, əl-üzümü yuyur və soyuducudan nəsə tapıb yeyirdim, qayıdana yaxın isə yenə də yuvama girirdim. Yəqin ki, bu hal uzun çəkəcəkdi...
İstirahət günü dərs olmadığından bir gün arvad evdəydi. Bütün ümidimi istirahət gününə bağlamışdım. Bu səhər arvad yuxudan bir qədər gec durdu. Yuyundu, çayını içib səhər yeməyini yedi. Mənim isə acından qarnım quruldayırdı. Fikirləşirdim ki, mağazaya gedən kimi durub tez bir şey yeyərəm.
Lakin görəndə ki, arvad döşəməsilən ləvazimatı tədarük edir, ürəyim düşdü. Adə, bəs bu mənim ağlıma niyə gəlməyib?
Arvad hər tərəfdə səliqə-səhman yaratdı və növbə gizləndiyim çarpayıya çatanda ürəyim guppuldamağa başladı. Arvad üstündə islaq əski olan döşəməsilən ağacı var qüvvəsilə irəli-geri çəkdikcə mənə dəyirdi. Nə qədər çalışdımsa özümü qoruya bilmədim. Birdən necə oldusa, ağac başıma dəydi və mən sövq-təbii olaraq qışqırdım. Bunu gözləməyən arvad gözlənilməz qışqırtıdan huşunu itirdi.
Tez çarpayının altından çıxdım. Əl altında saxladığımız apteçkadan naşatır spirtini götürüb burnuna tutdum. Arvad özünə gəldi. Heyrətlə üzümə baxıb soruşdu:
- Sən orada nə qayırırdın?
İzahatım uzun çəkmədi. Bir onu dedim ki, səndən ötrü darıxıb ezamiyyətdən tez qayıtmışam. Sənə sürpriz olsun deyə belə etdim. Yəqin heç yaxşı alınmadı...
Arvad isə cavabında bildirdi:
- Sənin gəlişin məni çox sevindirdi. Bu gəlişin necə olmasaı isə vacib deyil.
Heç bilmədim arvad bu sözləri hansı mənada dedi. Ancaq mən çox xəcalət çəkdim.
...Lüzumsuz yerə qısqanmağa dəyərmi?

QISQANCLIQ XƏSTƏLİYİ (hekayə)
Reytinq: