Heqiqet.Az » sosial » ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI - 495


ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI - 495

3-06-2019, 11:04
Çap et
ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI  - 495

Pirim girib ol nigaba, getməyəydi cavan gərək!
Aşıq Qurbani


Bismillahir- Rəhmanir- Rəhim!
13 yaşında 235 illik Səfəvi dövlətinin əsasını qoyan, doğma torpaqların «Məmləkəti Azərbaycanın» birliyi, bütövlüyü uğrunda mübarizə aparıb böyük qələbələr sahibi olan, adı şərqdən-qərbə bütün dünyaya yayılan, qılınc və qələm dahisi, görokəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı ilə yanaşan, həmçinin bu dildə ölməz sənət inciləri yaradan Şah İsmayıl Xətai 1524-cü il may aynının 23-də bu 38 yaşında vəfat etdi.

Şah İsmayl Xətainin 530 illik yubiley tədbirlərinin böyük həcmdə keçrildiyi günlərdə(23-24 noyabr 2017-Nizami ad.Ədəbiyyat Muzeyi) onun həm bir sərkərdə, həm bir hökmdar, həm də bir şair kimi hər bir aspektdə barəsində maraqlı monoqrafiyalar, məqalə və tədqiqat əsərləri təqdim olundu. Doğrudan da şahın adına layiq, şahanə. Əlbəttə, qısa bir həyat yaşaması və dünyadan köçməsi barədə də danışıldı. Bir çox dəyərli faktlar araşdırılaraq araya -ərsəyə çıxarıldı. Göründüyü kimi Şah İsmayıl Xətai qısa bir ömür yaşadı, amma, adi bir insanın 100 il yaşayıb görə bilmədiyi işləri cəmi 38 illik bir dövr ərzində gördü. Belə ki, çox gənc yaşında hakimiyyətə gəldi və 1501-ci ildə Təbrizdə özünü şah elan etdi. İsətər Azərbaycan ədəbiyyatı tarixində, istər İran və dünya ədəbiyyatında - həm siyasi, həm ədəbi cəhətdən barəsində ən ümumiləşmiş və dəyərli fikirlər səslənmiş və hələ də səslənməkdədir.
Şah İsmayılın vəfatı ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, ölümündən bir qədər əvvəl özündə möhkəm yorğunluq hiss edir. Buna görə də 1524-cü il may ayının ortalarında qəfil ov barədə göstəriş verdi.
Saray əyanları şahın əmri ilə ova hazırlaşdılar. Yaz başı ov ovlamağı sevərmiş. Xüsusilə də Şirvana- Şəki istiqamətində.
Təbiəti və ovu sevən şah Qarabağa, sonra Şəki xanlığı ərazisinə yeriyir. Böyük qoşunla gələn şah Şəki hakimi Həsən xana buyurur ki, Şəki- Şahdağı istiqamətində qoşuna cərgə ilə irəliləməyə şərait yaratsın. Xan onun buyruğuna əməl edir. Eyni zamanda ona bildirirlər ki, Şah dağına sığınan heyvanların ovlanması uğur gətirmir. Əhəmiyyət verməyən şah qoşuna əmr edir ki, heyvanları Şəki ilə Gürcüstan arasındakı ovlağa qovsunlar. Qayıdanda xəstələnir və 23 may 1524-cü il tarixdə dünyasını dəyişir. Sərab yaxınlığında Mənqutay deyilən yerdə düşərgə salınır və o, burada vəsiyyət edir: «Çox çalışdım, çox əlləşdim, müharibə olmasın dedim. Olmadı. Budur, Çaldıran döyüşündən 10 il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb. Ömrümün son günlərini yaşayıram. Sizin üçün bu az ömrümdə əlimdən gələni elədim. Fəthlər edib parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisinin - Vətənimizin və dilimizin əbədiyyəti üçün nə bacardımsa onu etdim. Yaxşı nə bacardımsa, onu göyərdin, səhvlərimi təkrar etməyin. Sizə vəsiyyətim budur. Sizə üç əmanət qoyub gedirəm. Sizə üç əmanət qoyub ərən babalarımız: Vətənimiz, Vicdanımız, Dilimiz. Onlar Sizə əmanətdir».
Gənc şahın qəfil ölümü Səfəvi sarayını titrətdi. Həmişə şahın himayəsində saxlayaraq qoruduğu yaradıcı insanlar hüzn içində uzun zaman ona yas saxladı, şeir və nəğmələrində min dillə onu oxşadılar. Həmin dövrdə Səfəvi sarayında xidmət edən haqq aşiqi Aşıq Qurbani Ş.İ.Xətainin ölümündən təsirləndiyini «Gərək» rədifli divanisində belə ifadə edir:

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,
Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər.
Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər,
Pirim girib ol nigabə, getməyəydi cavan gərək.

Həmçinin haqq aşiqi «Ola» rədifli divanisində də mürşidi Şah İsmayılın ölümündən fəryad edir, sarsıldığını dilə gətirir:

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!
Bar-ilahi, böyük xanədanı viran eyləmə!
Haqq-taaladan səda gəldi: «Qurbani, çox qəm yemə,
Heç ola bilməz xanədani-Səfi viran ola!»

Səfəvi dövlətinin ənənəvi olaraq Şirvanla həmişə çox ciddi münasibətləri olub. Şirvan bir şimal qonşu dövləti, həm partnyor dövlət kimi həmişə Səfəvilər üçün önəmli olub. Bu münasibətlər hələ Şeyx Heydərin zamanında mövcud idi. Şeyx Heydər ağıllı siyasətçi idi və qəribədir ki, o da Şirvan torpaqlarında döyüş meydanında haqq dünyasına qovuşdu və burada da türbəsi tikildi. Düşmən dövlətin başçısı olmasına baxmayaraq Şeyx Heydərə qarşı yüksək bir ehtiram göstərildi ...
O, görkəmli diplomat və sərkərdə olduğunu sübut etdi. Şeyx Heydər həqiqətən Sultan Yəqubla mübarizədə ondan dəfələrlə üstün idi. Ondan Şah İsmayıla mükəmməl bir dövlətçilik ənənəsi, əla təlim görmüş ordu və Səfəvi bəyliyinin sərhədləri daxilində bir ərazi qaldı.
Görünür ki, İmam Əlinin(ə) ruhunun hər zaman uca tutulması, həm Şeyx Heydərin, həm Şah İsmayılın onu yuxuda görməsi demək ki, təsadüfi deyilmiş. Allahın izni ilə Şeyx Heydər böyük və möhkəm bir təməl qoydu. Şah İsmayıl Xətai onu dövlətə çevirdi. Allahın bu dövlətin yaranmasında izni olmasını ondan başa düşmək olar ki, varisin ölümündən ötrü edilən bütün cəhdlər boşa çıxmış, 14 yaşında hakimiyyətə gəlmiş, çox kiçik olmasına rəğmən imperiya yarada bilmişdir. Özünün də etiraf etdiyi kimi:

Adil İsmayıldım, gədim cahana,
Yerə, göyə dolu mənəm!
Bilməyən nə bilsin məni,
Mən Əliyəm, Əli mənəm!

Bu misralarda göründüyü kimi Şah İsmayıl özünü Həzrəti-Əlinin(ə) əqidə və məslək davamçısı hesab edir. Uğurlarını da məhz, bununla izah edir.

Şah İsmayıl Səfəvi həqiqətən də az ömründə böyük işlər görməyi bacarmışdı. Vəsiyyətində bildirirdi ki, çox çalışdım ki, müharibələr olmasın. Eyni zamanda «fəthlər edib parça-parça bölünmüş diyarımızı birləşdirdim» deyir. K.Marks da bu fikri təsdiq edir: «O, fatehdir, hakimiyyətdə olduğu 14 ildə 14 vilayəti hakimiyyəti altında birləşdirmişdir». Xüsusilə Şirvan onun üçün hər vilayətdən önəmli idi. 1499-cu ildə Şirvana hücümları qarşıya qoyulan məqsədə onu çox yaxınlaşdırdı. Şah İsmayılın Şirvana dəyər verməsinin özünün də tarixi səbəbləri vardır. Şirvanın Şah İsmayılın ana babası Uzun Həsənlə və onun hakimi olduğu Ağqoyunlu dövləti ilə çox diqqətlə düşünülüb razılaşdırılmış xarici siyasəti var idi. Şirvan təkcə Ağqoyunlularla deyil, bir çox dövlətlərlə bu istiqamətdə çox uğurlu və balanslaşdırılmış xarici siyasət yürüdürdü. Bu o demək idi ki, Şirvanın əsrlər boyu davam etmiş dövlətçilik ənənsi vardır. Şah İsmayıl isə bu yolun hələ başlanğıcında idi. O, özünü təsdiq etmiş Şirvan, Osmanlı, İran kimi dövlətçilik ənənələrinə malik üçlüyün arasında yaranıb özünü təsdiq etməli idi. Şah İsmayılın qarşısında çox böyük bir missiya vardı və Allah da ona yol vermişdi. İsmayıl Səfəvi Şirvanı yalnız zəbt etməyi deyil, onların dövlətçilik təcrübəsini əldə etməyə çalışırdı. Çünki, Şirvan kiçik bir ərazi olmasına baxmayaraq onunla hesablaşırdılar. Səbəbi də bu idi ki, Şirvanşah çox məharətlə manevr edərək ətrafdakı dövlətlərin ona olan münasibətində birindən digərinə qarşı ittifaqda istifadə edə bilirdi. Bu, onun kiçik olmasına rəğmən müstəqil qalma mənbəyi idi. Şah İsmayıl isə bu təcrübəni əxz etmək arzusunda idi. Lakin, Sultan Səlimin təkəbbürü üzündən bunu edə bilmədi. Bu səbəbdən Sultan Səlimlə saziş alınmadı. Beləliklə, Çaldıranın acı təcrübəsi həyatı boyu onu incitdi. Çaldıran müharibəsinin təfərrüatı tarixi qaynaqlarda əks olunduğu kimi, bədii ədəbiyyatda da müəyyən izlər buraxmışdır. Bu müharibədən aldığı təəssüratı M.Füzuli «Bəngü Badə» poemasında dərin ürək ağrısı ilə qələmə almış, sultanın qürur və mənəmliyi ucbatından törənən Çaldıran müharibəsi ona bu ilk böyük əsərini yaratmaq üçün əsas təkaverici hadisə olmuşdur. Füzuli 1514-1524-cü illər arasında yazdığı bu poemasını Şah İsmayıla ithaf etmiş, onu səmimi, ürəkdən gələn misralarla alqışlamış və yazmışdır:

Məclisəfruzi-bəzmigahi-Xəlil,
Cəmi- əyyam Şah İsmayıl.
Ondan asudədir ğəniyyü gəda,
Xələdəllahü mülkəhü əbəda.

(Şah İsmayılın sayəsində varlı da, kasıb da asudə keçinir. Qoy onun hökmranlığı əbədi olsun! Onun feyz camından naib şadlanmayanlar qoy şərab xıltı kimi çöküb həmişəlik puç olsunlar).
Təkcə Füzuli deyil, həmçinin o dövrdə yaşamış ozan-aşıq Miskin Abdal da iki qardaş dövlət arasında olan bu müharibəyə münasibətini bildirmişdir:

Türk əcəmə, əcəm türkə zülm eyləsə günahdı,
Hər ikisi bir kökdəndi, yaradan da Allahdı.
Öz elinə düşmən kəsin axır günü kütahdı,
Qadir Mövlam, uzaq eylə bayquşdan, sardan məni.

Bu poetik parça nəinki Misgin Abdalın yaradıcılığında, bütövlükdə bütün Azərbaycanın Aşıq ədəbiyyatında ictimai-fəlsəfi və milli-dini siqləti ilə, qardaşlıq, dostluq, humanizim,insanpərvər, insansevərlik, millətlər arası yaxınlaşma və sevgi kimi ümumbəşəri dəyərləri özündə birləşdirməklə xüsusi diqqət çəkir və əvəz edilməz bir ədəbi-bədii örnək kimi qarşımızda durur. Sözsüz ki, “Məni” rədifli divaninin məna-məzmun baxımından ən qiymətli bölümüdə bu misralardır. Aşıq-şair həm ümumbəşəri, beynəlmiləl əxlaq və hüquq normalarına, həm də müqəddəs dinimizin xalqlar arasındakı münasibətlərə, beynəlmiləl əmin-amanlıq və ədalətə, bütün insanların pak və vahid bir kökdən yaranmasına dair fəlsəfi görüşlərinə əsaslanır. Onun fikrincə ərəbin və əcəmin (ərəb olmayanların) arasındakı ədalət, mərhəmət, şəfqət və ünsiyyət dünya və axirət həyatının təməl daşıdır. Peyğəmbərimizin (s): “Həqiqətən, bir cəmiyyət, bir quruluş küfrlə uzun müddət yaşaya bilər, lakin zülümlə uzun ömürlü ola bilməz”- hədisinə əsaslanaraq şair insanları qarşılıqlı zülmdən, ədalətsizlikdən və ictimai xəyanətdən uzaq olmağa və onları hər zaman vahid bir ata-ananın övladları olduqlarını, sözün həqiqi mənasında qardaşlıq, dost sayıldıqlarını xatırlamağa çağırır. Bu əqidənin və düşüncə tərzinin ən aydın İslami dayaqlarından biri kimi sevimli Peyğəmbərimizin (s) “Vida” xütbəsinə diqqət yetirək: “Ey insanlar! Məni dinləyin,bəlkə ,bu ildən sonra bu yerdə sizinlə bir daha görüşə bilmədim.İslamiyyətdən öncəki zamana aid bütün cahiliyyət adətlərini ayağımın altına alıb əzirəm.
Bir ərəbin ərəb olamayan yabançıdan,bir başqasının isə hər hansı bir ərəbdən üstün cəhəti yoxdur.Çünki,bütün insanlar Adəm oğullarıdır, Adəm də torpaqdandır.
Ey xalq,sözlərimi dinləyin və anlayın: Hər müsəlman digərinin qardaşıdır. Bütün mö`minlər qardaşdır.Bir kimsəyə qardaşının malı halal olmaz,könül rizası ilə vermiş olsa da.Özünüzə zülm etməyin...”
(Əli Himmət Bərki və Osman Kəşkioğlu “Xatəmül-Ənbiya Həzrəti Məhəmməd və həyatı”. Latın əsaslı Azərbaycan əlifbasına çevirən:Receb Kaya “Ankara”-1996.səh.410).
Türk tarixşünaslığında Şah İsmayıl Səfəvinin rolu son dərəcə yüksək qiymətləndirilir. Düzgün olaraq onun çox kiçik yaşlarında çox böyük bir yükün altına girməsi və yaşadığı tarixi şəraitin nə qədər ağır olmasına rəğmən qalibiyyəti rəğbətləndirilir. Özünün dediyi kimi:

Xətaiyəm, alatlıyam,
Sözü şəkərdən dadlıyam.
Murtuza Əli zatlıyam,
Qazilər deyən şah mənəm.

Hələ Şeyx Heydərin zamanında Səfəvi bəyliyinin şimal qonşuları Şirvanla diplomatik əlaqələri vardı. Amma, onlar daha çox Ağqoyunlu xanədanı ilə müttəfiq idilər. Onların varislərini dəstəkləyirdilər. Səfəvi bəyliyi ayrılıb müstəqilliyini elan edəndə aralarındakı müttəfiqlik müqaviləsinə əsasən Ağqoyunlu bəylərinin tərəfində çıxış etdilər. Baxmayaraq ki, Şeyx Heydərin xanımı Aləmşah(Marta) bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Onun övladları da Ağqoyunlu taxt-tacının varisi idilər. Lakin, müsəlman dünyasında varislik hüququ oğul övladları olan şahzadələrə aid olduğundan Şeyx Heydərin oğulları bu xanədanın varisi hesab edilmirdi. Lakin Səfəvi dövləti getdikcə çiçəklənir, Ağqoyunlu dövləti isə süqut edirdi. Avropa ilə münasibətlərində xəyanətə uğrayan Ağqoyunlular daha da zəifləyib tarixin səhnəsini tərk edirdi. Ağqoyunlu varisləri isə hakimiyyət uğrunda mübarizə aparır, daxili çəkişmələrdən əziyyət çəkirdilər. Şirvan şahları isə cənubda baş verən hadisələrə münasiətlərində cənub sərhədlərində çaxnaşma istəmədikləri üçün iqtidar tərəfdarı olaraq sadiq qalmışdı. Şeyx Heydər artıq həm yeni xanədanın başçısı, həm yıxılan xanıdanın varisi məsuliyyətini öz üzərinə götürdü. Bu qarışıqlıqda Şirvanşah Fərrux Yasar öz müttəfiqini həqiqi varis hesab etdiyindən Şeyx Heydərə qarşı mübarizə aparırdı. Beləliklə, 1488-ci ildə məlum hadisədə Şeyx Heydər Fərrux Yasar tərəfindən öldürüldü. Bu isə öz növbəsində gələcəkdə ona qarşı Şah Smayıl Səfəvinin qanlı qisasının təməlini qoydu. Şirvanşahlar layiqli rəqiblər idi. Onlar mərdliklə döyüşür, düşmənlərinə qarşı da eyni mərdliklə rəftar edirdilər. Əsirlər alınmaz, işkəncələrə yol verilməzdi. Bu üzdən Şah İsmayıl Səfəvi Şirvanın dövlətçilik ənənələrindən ehtiyat edirdi və onun üzərində qələbəni bayram etdi.
Həqiqətən, Şah İsmayıl Xətai bütün şüurlu fəaliyyətini hakimiyyət, dövlət və torpaq uğrunda mübarizəyə sərf etdi.
Hətta, Osmanlı sultanları Ş.İ.Xətaini o qədər narahat etmirdi. Onlarla anlaşacağını güman edirdi. Çünki, onlarla heç vaxt müharibə etməyəcəyini düşünürdü. O, qan qardaşları ilə vuruşmaq və düşmənçilik istəmirdi. Lakin, bu mümkün olmadı.
Belə ki, Osmanlını Sultan Səlim idarə edirdi. Bu, həmin o Sultan Səlim idi ki, hakimiyyət üçün var gücü ilə mübarizə aparmış rəqiblərinin hamısını məhv etmişdi. O, atasına və varis qardaşlarına belə rəhm etməyərək hamısını qətlə yetirmşdi. Onları məhv etmək üçün sui-qəsdlərdən və qəddarlıqdan çəkinməmişdi. Sonsuz hakimiyyət arzusuna heç bir doğmalıq, mənəvi borc mane ola bilməmişdi. Hətta, miras qalmış hakimiyyətini heç kimlə bölüşdürməmək üçün mümkün və mümkünsüz görünən hər şeyi etmişdi. Bu, tamamilə başqa bir mövzu olduğundan detallarının üstündən keçirik. Biz yalnız bu yazıda Sultan Səlimin şəxsiyyəti ilə Şah İsmayıl şəxsiyyətini qarşılaşdırdıq ki, fərqi oxucu özü təyin etsin.
Sultan Səlim ata-qardaş qatili, Xətai isə «mən karvan basan quldur deyiləm» sözlərinin müəllifi-şair.
Haqlı olaraq mərhum akademik Ziya Bünyadov yuxarıda deyilən fikirlərin təsdiqi kimi yazır: «Şah İsmayıla deyəndə ki, Osmanlı qoşunlarına gecə hücum edək - ancaq O, əsl türk kimi cavabında: «mən karvanbasan quldur deyiləm!» - demişdi. Ancaq öyə-öyə bitirə bilmədiyinqiz Osmanlı sultanı Sultan Səlim hakimiyyətə görə qardaşını və atasını öldürmüşdü».
Sultan Səlimin xarakterindəki naqislikləri Şah İsmayıl və Osmanlı əhli də bilirdi. Ona qarşı gizli bir ikrah hissinin olması həm Şah İsmayılı ona bənzər addımdan çəkindirir, həm hakimiyyət hərisliyi səbəbilə belə naqisliyi şəxsinə yaraşdırmırdı. Şübhəsiz, o, Sultan Səlimə qalib gələ bilərdi. Çaldıran ərəfəsi Allah-təala ona yol da vermişdi. «Leyl» adlanan həmin zülmət gecə yolları və gözləri bağlamışkən Şah İsmayıl kimi mahir döyüşçü üçün vəziyyəti qiymətləndirmək və rəqibin başını üzmək çox asan idi. Amma, heç vəchlə İsmayıl bu döyüşə getmək istəmir - ondan yayınırdı. Onu uduzmaq qorxusu çəkindirmirdi. Nəticələr heç bir halda onu qane etmirdi. Bu döyüş necəsə baş tutmamalı idi. Üçüncü yola isə o getmək istəmədi. Əlbəttə, bu yol mövcud idi. Əslində Şirvanın təcrübəsi bu üzdən qiymətli idi. Buna isə Şah İsmayılın rəqibinin türk olması yol vermirdi. Necə ki, Aşıq Qurbani «Şah Xətai» rədifli gəraylısında da mürşüdü ilə eyni fikirdə olduğunu dilə gətirir və onu səmimi bir qəlblə alqışlayır:

Gözəl şahım Şeyx oğludu,
Şah Xətai, Şah Xətai!
Şahi- Mərdana bağlıdı,
Şah Xətai, Şah Xətai!

Bu dünyada bir haqq divan,
O dünyada cənnət məkan.
Qoy var olsun türki-zəban,
Şah Xətai, Şah Xətai!

Qurbani tək qul pənahı,
Qibleyi-aləmin mahı.
Ol cahanın qibləgahı,
Şah Xətai, Şah Xətai!

Beləliklə, Şah İsmayl Səfəvinin Vətəni, Xalqı, Dili üçün yaşayan və çırpınan gənc qəlbi dayandı. Ruhu bu dünyanı tərk etdi. Xatirəsi isə əbədilik insanların qəlbində qaldı…

ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI  - 495
Hacı Həsən Hüseyni,
Qarabağ Müharibəsi əlili, ilahiyyatçı publisist
Reytinq: