» » Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi


Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi

19-06-2020, 15:37
Çap et
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi İyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə çıxış edərək dedi: “Dünən iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu təşkilatın 9 üzv ölkəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Möhtərəm Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşdırılıb. Ona görə də, belə bir mərhələdə Sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.”
Spiker vurğuladı ki, Cənab Prezidentin çıxışında diqqət çəkən ikinci bir məqam növbəti dəfə işğalçı Ermənistanın baş nazirini ifşa etməsi oldu. Möhtərəm Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıqların mahiyyətini və formatını məhv etməyə çalışır.
Sədr qeyd etdi ki, Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Möhtərəm Prezident İlham Əliyevin irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. NikolPaşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısında heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.
Sədr daha sonra dedi ki, hələ ötən ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində "Valday" Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə möhtərəm Prezidentimiz öz zəngin biliyi və cəsarəti ilə işğalçı ölkəni ifşa etmişdi. Bəli, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Hesab edirəm ki, bu, Milli Məclisin deputatları olaraq hər birimiz üçün bir örnəkdir.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki, bugünkü iclasın gündəliyinə 17 məsələ daxil edilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə etdilər.
Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, deputatlardan Soltan Məmmədov, Kamran Bayramov, Əli Məsimli, Fazil Mustafa, Nizami Cəfərov, Müşfiq Cəfərov, Fəzail Ağamalı ölkə gündəmində olan vacib məsələlərdən danışdılar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələlərdən söz açdılar. Ölkə Prezidentinin son vaxtlar müxtəlif rayonların su təsərrüfatı sistemlərinin yenilənməsi ilə bağlı vaxtaşırı olaraq verdiyi sərəncamların vətəndaşlarımız tərəfindən minnətdarlıqla qarşılandığı vurğulandı.
Sonra iclasın gündəliyinə daxil edilən məsələlərə baxıldı.
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, layihənin birinci və ikinci oxunuşlarda Milli Məclisdə müzakirəsi zamanı layihə barədə ətraflı məlumat verilmişdir. Müzakirələr zamanı 34 deputat çıxış etmiş, qeyd və təkliflərini vermiş, bir sıra məsələlərə maliyyə naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilmişdir.
Komitə sədri bildirdi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalmışdır. Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnmişdir.
2019-cu ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra olunmuş, nəzərdə tutulan hədəflərə nail olunmuşdur.
Müzakirələr zamanı çıxış edən komitə sədrləri Musa Quliyev, Qənirə Paşayeva, deputatlardan Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Sabir Rüstəmxanlı, İqbal Məmmədov, Erkin Qədirli sənədlə bağlı fikirlərini açıqladılar.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov deputatları maraqlandıran məqamlara aydınlıq gətirdi.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədin (üçüncü oxunuş) mahiyyəti barədə məlumat verdi. Bildirildi ki, layihə barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır. Layihə səsə qoyularaq qəbul edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd edildi ki, qanunun bir necə maddəsinə əsasən sənədin qüvvəyə minmə tarixi dəyişdirilir. 1 iyul 2020-ci il tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak etmək nəzərdə tutulmuşdur. Vurğulandı ki, ölkədə COVİD-19 koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən “Mediasiya haqqında” qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 1 yanvar 2021-ci il tarixinədək təxirə salınması məqsədə müvafiq hesab edilir. Sənəd səsə qoyularaq təsdiq edildi.
Gündəlikdəki növbəti iki məsələ - “İnzibati Xətalar Məcəlləsinə” və “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verdi. Bildirildi ki, sənədlərdə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif edilir. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. Qanun layihələri ilə bağlı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Qüdrət Həsənquliyev, Aqil Abbas, İltizam Yusifov öz fikirlərini bildirdilər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Sonra Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”(birinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Deputat bildirdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Millət vəkilləri Jalə Əliyeva, AqiyəNavçıvanlı, Rauf Əliyev, Vüqar Bayramov sənədlə bağlı fikirlərini açıqladılar. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə məlumat verərək bildirdi ki, dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə aparılıb. Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən qurum ilin yekunu üzrə öz fəaliyyəti barədə hesabatı Milli Məclisə təqdim edəcək. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirdi ki, növbəti iki məsələ - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara təklif olunan dəyişikliklər bələdiyyələr tərəfindən qəbul edilən qərarların surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi müddətinin 15 gün müddətindən 5 iş günü müddətinə qədər azaldılmasını nəzərdə tutur. Bu dəyişikliklərə əsasən bələdiyyə qərarlarına bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən baxılması prosesinin operativliyi və səmərəsi artacaqdır.Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin və deputat Cavanşir Paşazadənin sənədlərlə bağlı münasibəti dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərin təqdimatında bildirildi ki, qanun layihələri “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlardan Ceyhun Məmmədov və Razi Nurullayev sənədlə əlaqədar fikirlərini açıqladılar. Sənəd səsvermə yolu ilə təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi təqdim etdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Qeyd edildi ki, müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Erkin Qədirli sənədlə əlaqədar fikirlərini bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında məlumat verdi. Komitə üzvü qeyd etdi ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haqqında” qanuna əsasən telekommunikasiya operatorları və provayderlərtərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələr məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.Belə ki, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin, hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günü ərzində cavab vermədikdə, tələb olunan məlumatları təqdim etmədikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə edilir, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək,bu hal qüvvəyə mindiyi gündən keçən bir il ərzində təkrar törədildikdə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, vəzifəli şəxsləri isə 1000 manatdan 2500 manatadək məbləğdə cərimə olunacaqlar. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiklikləri şərh etdi. Deputat bildirdi ki, dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli sərəncamının icrası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək.Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.Millət vəkilləri Erkin Qədirli, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Arzu Nağıyev qanun layihələri ilə bağlı fikirlərini açıqladıqdan sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi (birinci oxunuş) təqdim etdi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib. Ailə, qadin və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova sənədlə əlaqədar fikirlərini bildirdikdən sonra qanun layihəsi səsvermə yolu ilə təsdiq edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Deputat bildirdi ki, sənədə təklif olunan dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcəkdir.Məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputat Nigar Arpadaraifikirlərini bildirdilər. Sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bununla Milli Məclisin növbəti iclası başa çatdı.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Reytinq: