Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür18-03-2022, 12:01
Çap et Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır. Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib. Ötən əsrin 90-cı illərindən başlayaraq ulu öndər Heydər Əliyevin Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tarixi sərəncamından sonra bayram dəyərlərinə qayıdış güclənib genişləndi və cəmiyyətin həyatına nüfuz etməyə başladı. Azərbaycanda bu mərasimin daha təntənəli şəkildə keçirilməsi, onun yüksək milli-mənəvi dəyər kimi dünyaya təqdimatı, bir çox azərbaycanlının Avropa ölkələrində onu kompleks milli dəyər toplumu kimi geniş çevrədə qeyd etməsi bayramın özününküləşdirilməsinə, onun təhrif olunub dünya yaz bayramları sırasından arxa plana keçirilmə meyillərini yenidən gündəmə gətirdi. Xalqımızla yaxın qonşuluq münasibətlərində olan bir sıra azsaylı xalqlar uzun yüzilliklər ərzində torpaqlarımızda, bu gün isə onun yaxın və uzaq sərhədlərində Novruzun təntənə ilə keçirmələrindən çıxış edərək bayramı özününküləşdirməyə müəyyən cəhdlər göstərir, beləliklə də, onun daha geniş coğrafiyada qeyd olunmasına əngəllər yaradır, bayramın ümumtürk məzmununda yayılıb genişlənməsinə yaranan tarixi imkanların üzərinə kölgə salmağa cəhdlər edir, hətta qısqanclıq duyğuları Novruzun adının "Ərgənəkon"la əvəzləmək səsləri, çağırışları eşidilir. Təbii ki, bütün bunlar türkün mərasim folklorunu təhrif etmək, onları eyniləşdirib, yaxud eyni ad altında birləşdirib aşkara çıxarmaq istəklərindən irəli gəlir. Novruz və "Ərgənəkon" bayramları türkün mərasim folkloru tarixində qoşa qanad olub türkün əski görüşlərini, həyat və yaşayış uğrunda mübarizəsini özünəməxsus şəkildə əks etdirən kulturoloji dəyər toplumlarıdır. Onların adlarının əvəzlənməsinə ehtiyac olmadığı kimi, bayramları bir-birinə qarşı qoymaq, yaxud birində nəzərəçarpan mərasim detalını digərində görməyəndə ona siyasi rəng verib üzərinə kölgə salmaq yanlış mövqedən yanaşılmadan xəbər verir. Azərbaycan xalqı Novruzu tarixən, hətta ayrı-ayrı dövrlərdə ortaya çıxmış məhdudiyyətlərə rəğmən, milli coşqu ilə qeyd edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu coşqunun miqyası daha da genişləndi, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanunla Novruz dövlət bayramı kimi təsbit edildi. Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir, tarixi irs və ənənələrin ümumxalq atmosferində, milli bərabərlik içində yaşadığını göstərir. Azərbaycanda Novruz günlərində bu cür ümumxalq bayramlaşmasının ənənəsini böyük öndər Heydər Əliyev qoyub. O, Novruz təbriklərində bu bayramın milli-mənəvi dəyərlərin təcəssümü kimi önəmini xüsusi qeyd edərdi: “Xalqımızın saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin, milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir». Bu nəcib ənənə indi də davam edir. Novruz bayramını hər il ailə üzvləri ilə birlikdə xalqla bir arada qeyd edən prezident İlham Əliyev öz çıxışlarında tarixi irs və çağdaşlığın, milli ruh və bəşəri dəyərlərinin üzvi sintezinin zəruriliyini daima vurğulayır: «Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq». Novruz ənənələrinə görə, bayram günü küsülülər barışar, hətta qan intiqamını da yaddan çıxarardılar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir. Əziz Prezidentimizi, Azərbaycan xalqını Novruz bayramı və Zəfər münasibətilə təbrik edir, xoşbəxt gələcək, can sağlığı arzulayırıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
