Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi4-04-2022, 10:18
Çap et Qüdrətli Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Qarşı tərəfin 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa imkan vermirdi. Ancaq xalq – ordu – lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi – hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı. Azərbaycan Prezidenti Vətən müharibəsinin başlama səbəbləri barədə BMT tribunasında dünya ictimaiyyətinə verdiyi mühüm mesajlar bugün müxtəlif beyin mərkəzləri tərəfindən araşdırılır və geniş şəkildə təhlil edilir. Həmin mesajların əsas qayəsi Ermənistan hakimiyyətinin pozucu və təcavüzkar siyasətinin 44 günlük Vətən müharibəsinə gətirib çıxardığı dünya ictimaiyyətinin nəzərinə çatdırmaq təşkil edirdi. Çünki qarşı tərəf bu müharibəyə görə məsuliyyəti üzərinə götürməkdən boyun qaçırırdı. Bununla belə Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama şərtləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları, informasiya cəbhəsində tarazlığı labüd şəkildə Azərbaycanın xeyrinə dəyişirdi. “Qarabağ Ermənistandır” deyən işğalçının bu azğınlığı, həddini aşaraq növbəti təxribat törətməsi xalqın səbr kasasını yenidən daşdırdı. “Ədalət olmayan yerdə səbr ən etibarlı silahdır” deyimi dəyərini itirmişdi, artıq işğalçıya layiq olduğu cəzanı vermək vaxtı idi və Azərbaycan haqlı savaşa qalxdı. Vətən müharibəsi illərdir ürəklərdə yara bağlayan arzuları göyərtdi. Bu təkcə 1 milyondan artıq məcburi köçkünün evinə qayıtmaq arzusu deyildi. Bu Azərbaycanın torpaqlarını azad etmək istəyi idi və o, bu arzunu gerçəyə çevirmək üçün bütün gücünü ortaya qoydu. 10 milyonluq Azərbaycan müsəlləh əsgərə döndü, səfərbərlik çağırışına yurdun dörd bir yanından cavab gəldi. 30 ildir qulağı səsdə, əli tətikdə olan igidlər cəbhəyə getmək üçün növbəyə düzüldü. Azərbaycan xalqı döyüş meydanında tarixi ədaləti bərpa edirdi, öz Prezidentinin ətrafında sıx birləşən xalq dünyaya sübut edirdi ki, Qarabağ onun üçün milli ləyaqət rəmzidir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərdi, qətiyyəti, prinsipallığı, dəmir iradəsi və “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Məhz müzəffər Ali Baş Komandanın Dəmir yumruğu, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, vətən – torpaq sevgisi, xalqımızın bir yumruq kimi birləşməsi parlaq qələbəni təmin etdi. Müqəddəs savaş başlayandan xalq sarsılmaz güc kimi birləşdi Azərbaycan Prezidentinin, Ali Baş Komandanının ətrafında. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən 10 noyabr 3 tərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistan təslim oldu və Azərbaycan Beynəlxalq Birliyin 30 ilə görmədiyi işi 44 günə gördü. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə, əlavə güc verdi. İmkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda keçirsinlər. İqtisadi güc, güclü ordu, beynəlxalq səviyyədə qazanılan uğurlar, milli həmrəylik və birlik - Azərbaycana qələbəni gətirən bu amillər idi. Nə xoşbəxtik ki, belə bir Prezidentimiz var. İnamı, sevgisi, bütün resursları bir amal uğrunda səfərbər etməyi bacaran nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilən müdrik rəhbər İlham Əliyev – Azərbaycanın bütün qələbələrini şərtləndirən əsas amillər məhz budur. Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu qələbə təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi, oyanış və ruhi qida xarakteri daşıyan, özünə qayıdışın mənəvi simvolu idi. Nə xoşbəxtik ki, bu Zəfər gününü biz də yaşadıq və 27 sentyabrda start götürən 10 noyabrda nöqtə qoyulan 44 günlük müharibə dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsidir. Bu müharibə ilə dünya – Avropa, Ermənistan Azərbaycanın böyük qələbələrə imza atacaq bir hərbi qüdrətə malik İlham Əliyevin müzəffər ordu ilə ən müasir silahlarla torpaqlarımıza göz dikən düşmənə tarixi ibrət dərsi verən sərkərdə - bir lider olduğuna əmin oldu. Bir sözlə, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Biz Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Elvina Xasməmmədova, "Azərbaycan xanımı" jurnalının baş redaktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
