Heqiqet.Az » siyaset » Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı


Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı

4-05-2023, 11:50
Çap et
Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Sərəncamda vurğulanır ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır: “Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müstəqil Azərbaycan dövləti yarandığı gündən indiyədək qazandığı uğurlar heç şübhəsiz Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır.
Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni və çoxşaxəli fəaliyyət dövrü başlandı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla Azərbaycanın tarixində böyük dönüş yarandı.
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Ötən əsrin 70-ci illərindən etibarən görülən işlər Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin vaxtdan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Bunun nəticəsi idi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunanda, Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.
Xalqımız, tariximiz qarşısında ən böyük xidməti məkrli düşmənin torpaqlarımıza yiyələnmək istədiyi, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən qurtarması idi. Bununla yanaşı, Azərbaycan dövlətçiliyi Prezident Heydər Əliyevin qətiyyəti ilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edilməsi və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsindən sonrakı proseslər göstərdi ki, YAP-ın yaranması tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və anarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafın yaradılmasını təmin etmək üçün xalqımızı milli maraqlar ətrafında birləşdirməyi bacardı. Partiya xilaskar bir missiya üçün yarandı və sonrakı dövrdə Azərbaycanı inkişaf yoluna çıxararaq parlaq gələcəyə apardı.
Ulu Öndər Heydər Əliyevin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri baş tutdu. Ümummilli Lider zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Həmin dövrdə atılan daha bir mühüm addıma gəlincə, Azərbaycan Respublikasını şimaldan və cənubdan blokadaya alan, xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq-Qərb dəhlizinin açılması dı. Ulu Öndər Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Böyük İpək Yolunun bərpası Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, atdığı qətiyyətli addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib. Dünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir müstəqil Azərbaycan XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni uğurlara imza atır.

Nəsibə Hüseynova,
Ağdam rayon 33 saylı tam orta məktəbin direktoru
Reytinq: