Heqiqet.Az » gundem » Bu Zəfər xalqımızın vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrində möhkəm iz saldı


Bu Zəfər xalqımızın vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrində möhkəm iz saldı

6-11-2024, 18:29
Çap et
Vətən müharibəsi sadəcə Azərbaycan ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə həm də Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrdə iz saldı. Dövlət-xalq-ordu birliyi ordunun güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi, həmrəylik nəticəsində düşmən döyüş meydanından silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.
Ötən müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə start verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir.
44 gün ərzində, dövlət başçısının da ifadə etdiyi kimi, bir addım belə geriyə addım atmayan ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Strateji baxımdan alınmaz yüksəklikdə yerləşən Şuşa şəhəri Azərbaycan əsgərinin misli görünməmiş qəhrəmanlığı, taktiki bacarığı, əlbəyaxa döyüşü ilə azad edildi. On minlərlə fərarisi olan, ordusunun 80 faizi məhv edilmiş düşmən bu dəfə diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi. İllərdir havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına əməl etməyən ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində darmadağın edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların təbliğat coğrafiyası o qədər geniş idi ki, hətta müharibədən sonra düşmən ölkənin əhalisi aylarla reallıqda nə baş verdiyini dərk edə bilmədilər.
Dövlət başçımızın və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli, həm də mənəvi dəstəkdir. Müharibə bitəndən sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Bu Zəfər xalqımızın vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrində möhkəm iz saldı
Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,"Qızıl qələm" mükafatı laureatı
Reytinq: