Heqiqet.Az » sosial » Şuşa xoşbəxt çağlarına qovuşur


Şuşa xoşbəxt çağlarına qovuşur

21-09-2022, 18:52
Çap et
Şuşa xoşbəxt çağlarına qovuşur Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın Zəfər tarixini əbədiləşdirdi. Azərbaycan işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata qədəm qoydu. "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də, işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur". İşğaldan azad olunan ərazilərimiz sırasında Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşa da 28 illik işğal tarixindən sonra öz sakinlərini qəbul edir. Artıq Şuşada yenidənqurma işlərinə start verilib. Vaxtilə ermənilərin məskən saldığı ərazilər öz sakinlərini ağuşuna alır və böyük "ümidlərlə" yaşadıqları bütün utopiyaları alt-üst olub. Onsuz da tarix boyu belə olub. Ermənilərin utopiyaları həmişə uğursuzluğa uğrayıb. Necə ki, Ermənistan hakimiyyəti Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə tədbirlər planı hazırlamışdır və bu, el dilində desək, arzuları ürəklərində qaldı.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Bu gün biz azad Şuşada həyatı dirçəldirik.
Qısa bir zamanda görülən işlər, reallaşan işlər torpağa məhəbbətdən qaynaqlanır. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri artıq öz isti nəfəsli torpağındadır. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. "Qarabağ" hoteli əsaslı təmirdən sonra istifadəyə verildi. Görülən işlərin davamı olaraq yeni yaşayış kompleksinin təməli də qoyulub. Cənab Prezidentin vurğuladığı kimi, "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar.
Şuşanın bərpası istiqamətində kifayət qədər işlər görülüb. Cənab Prezident qeyd edib ki, ilk növbədə, yol çəkildi. "Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur". Dövlət başçısı magistral yolun da çəkildiyini bildirib: "Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir". Şuşada tarixi dini-mədəni abidələrimiz bərpa və təmir olunur. Şuşada üç məsciddə təmir-bərpa işləri aparılır. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Cənab Prezidentin qeyd etdiyi kimi, Natəvan bulağı bərpa edilib və indi su gəlir:
Şuşa bizə doğma, müqəddəs şəhərdir. Həm də ona görə müqəddəsdir ki, burada tarixin özü daşların, qayaların, qədim küçələrin və məhəllələrin dili ilə danışır… Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağı, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu hopmuş 17 məhəllə: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli...
Prezident söylədi ki, Şuşanın dirçəldilməsi sürətlə gedir. İndi şuşalılar həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, həm də burada artıq açılmış obyektlərdə işlə təmin edilirlər.
Bildiyimiz kimi 2022-ci ildə Xan qızı Nətavanın anadan olmasının 190 illiyi tamam olur. Bununla bağlı cənab Prezidentimiz Sərəncam verib.
Bir vaxtlar Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edildi.
Bəli, bu gün Şuşa gündən günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşmağa çalışır.


Reytinq: